Natəvan Əfşar: “«Azərreyl»i məğlub etmək gücündəyik”

Qadın voleybolçulardan ibarət "Bakı-Azəryol" klubu cari mövsümdə qarşısına ciddi məqsədlər qoyub: "ağ-göylər" həm ölkə çempionatını, həm də CEV kubokunu qazanmaq istəyir. Bu barədə açıqlamanı AzNews.az-a komandanın kapitanı Natəvan Əfşar verib. Təcrübəli voleybolçunun fikrincə, "Bakı-Azəryol" hər 2 hədəfinə çatmaq gücündədir: "Mövsüm yeni başlayıb.

Nəsə söz demək hələ ki, tezdir. Digər komandalarımız kimi, biz də qarşımıza ciddi məqsədlər qoymuşuq. Başlıca niyyətimiz Avropanın səviyyəcə ikinci yarışı - CEV kubokunu qazanmaqdır. Ölkə çempionatına gəlincə, mübarizəni ən yüksək pillələrdə bitirmək istəyirik. Düzdür, Super Liqada elə klublar var ki, onların heyətində ulduz voleybolçular cəmlənib. Bizdə isə, əsasən milli komandanın oyunçuları və gənclər yer alıblar".

Toppaylayıcının sözünə görə, artıq bu istiqamətdə ilk addım atılıb; hər 2 rəqabətə qələbə ilə başlanılıb. Sitat: "Sloveniyanın "Branik" klubuna 3:0 qalib gəldik. Ölkə çempionatında "Lokomotiv-Biləcəri"ni üstələdik. Zaman keçdikcə, oyunumuz daha yaxşılaşacaq. İnanıram ki, əsas rəqibimiz "Azerreyl" və "Lokomotiv"i də məğlub edəcəyik".

Kamran Hacı
AzNews.az