Qadın hüquqları müdafiəçisi: “Qadınlara qarşı şübhə, güvənsizlik yaratmağa çalışırlar” Qadın hüquqları müdafiəçisi: “Qadınlara qarşı şübhə, güvənsizlik yaratmağa çalışırlar”

“"Pantural" namus qeyrətə bu qədər önəm verirsə...” - Mehriban Zeynalovadan sərt reaksiya

Qadın hüquqları müdafiəçisi: “Qadınlara qarşı şübhə, güvənsizlik yaratmağa çalışırlar”

Sosial şəbəkələrdə “Pantural” kimi tanınan azərbaycanlı bloqer Tural Səfərov dünən videomüraciətlə qadınlara qarşı zorakılğa təşviq edən fikirlər səsləndirib. O açıq-saçıq geyinən qadınların kişiləri narahat etdiyini, onlarda şəhvət hissi oyatdığını deyib. “Pantural” həmcinslərinə müraciət edərək ictimai yerlərdə açıq geyinən qadınlara qarşı seksual xarakterli zorakılığa çağırış edib. Daha sonra işlətdiyi ifadələrə görə üzr istəyib.

Məsələ ilə bağlı “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova AzNews.az analitik-informasiya portalının suallarını cavablandırıb.

- Mehirban xanım, qadın qətlləri, məişətdə qadın zorakılığı həmişə olduğu kimi yenə də aktualdır. Artıq bu neqativ hallar sosial media üzərindən də özünü göstərir.

- Bəli, bu mövzuda çox narahatedici məqamlar var. Son zamanlar sosial şəbəkələrdə qadınlara qarşı xoşagəlməz hallara rast gəlinir. Hətta sosial şəbəkələrin birində “Qadın nəfəs alır, bəsdir” deyə bir çağırışla rastlaşdım, bu fikirlər ictimai nəzarətdə olmalıdır. Qadınlara qarşı zorakılığın, cinsi ayrıseçkiliyin çoxalması çox ciddi məsələdir və bütün cəmiyyəti narahat etməlidir.

- Qeyd etdiyiniz çağırışlardan birini də “Pantural” adlı şəxs səsləndirib. O bildirib ki, qadınlar düzgün geyinərsə, heç kim ona nəsə deyə bilməz. Əks halda buna kişilərin haqqı çatır. Bu videomüraciətlə bağlı nə düşünürsünüz?

- Mədəni adam heç vaxt o formada təbliğat aparmaz. Bu məsələlərdə etik normalar var. Əgər o adam namus qeyrətə bu qədər önəm verirsə, bunları da bilməlidir. Bu çağırış onun göstəricisidir ki, qadına qarşı cinayətə meyillilik var. Həmin şəxs özü meyilli olmaqla yanaşı , başqalarına da çağırış edir. Cinayət məcəlləsini 154-cü maddəsi ilə cinsi ayrıseçkiliyə görə cinayət məsuliyyəti mövcuddur. Bir çox insanlar bu qanunu nəzərə almayaraq məsələ ilə bağlı çıxışlar edirlər. Buna əyləncə kimi baxırlar. Bu əyləncə deyil, ciddi bir çağırışdır. Mən düşünürəm ki, bu məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etmək lazımdır. Sosial şəbəklərdə qadına qarşı zorakılığı , cinsi ayrıseçkiliyi təbliğ edənlər üçün müəyyən cəzaların tətbiq olunması lazımdır. Mövzudan asılı olaraq bu hallarda iqtisadi sanksiyaların, cərimələrin tətbiq edilməsi vacibdir. Onlara dəstək verənlər də bu cəzalardan kənarda qalmamalıdır.

- Məlum video ilə bağlı sərt mövqe bildirənlər çoxluq təşkil etsə də, həmin fikirləri dəstəkləyən kişilər, hətta qadınlar da az deyil. “Qadın açıq-saçıq geyinməsə, ona söz atmazlar” kimi şərhlərə rast gəlinir. Bəzi insanların bu fikirlər dəstəkləmələrinin səbəbini nədə görürsünüz?

- Bu fikirləri dəstəkləyən şəxslər qadına qarşı cinayətə meyilli şəxslərdir. Həmin şəxslərin də qanunvericiliklə cəzalandırılması lazımdır. Hətta televiziyalarda da bu xoşagəlməz hallara rast gəlinir. Çıxıb efirdə deyirlər ki, filan qadın ailəli ola-ola başqasından hamilə qalıb. Belə fikirlərlə qadınlara qarşı şübhə, güvənsizlik yaratmağa çalışırlar. Bu eyni zamanda ailələrin münasibətlərinə kölgə salmağa çalışmaqdır. Onların həyatını zəhərləməkdir. Düşünürəm ki, ekspertlər bu mövzu ilə bağlı fikirlərinə diqqət etməlidir. Televiziyalar bununla bağlı məsuliyyət daşımalırdır. Ayrıseçkilik yaradan çağırış edənlər verlişlərə çıxmamalıdır. Eyni ilə sosial şəbəkələrdə də bu hallarla mübarizə aparmaq lazımdır. Bu şəxslər qanun qarşısında cavab verməlidir ki, bu hallar davamlı olaraq yaşanmasın. Sosial şəbəkələrdə qadınlara qarşı kifayət qədər zorakılıq halları var. Mən hesab edirəm ki, bununla qadın QHT-ləri məşğul olmalıdırlar. Qadın təşkilatları hüquq–mühafizə orqanlarına müraciət etməlidir.

- Bəs, sizcə qadın təşkilatlarının bu mövzuda səssiz qalmalarının, müraciət etməmələrinin səbəbi nədir?

- Çünki qadın təşkilatlarının bəziləri qorxaq mövqeyində dayanıblar. Əgər onlar öz fikirlərini desələr, təzyiqə məruz qalacaqlarını düşünürlər. Bəziləri ona görə susur ki, istəmir bir qrup tərəfindən təpkiyə məruz qalsın, təhqir olunsunlar. İstəmirlər ki, onlar haqqında xoşagəlməz ifadələr yazılsın. Belə davam etdikcə, bu hallar daha da artacaq. Çox təəssüflə demək istəyirəm ki, qadın təşkilatları öz imiclərinə zərər gəlməsin deyə belə məsələlərə münasibət bildirmək istəmirlərsə, onda qadın problemləri ilə məşğul olmasınlar. Sən qadın problemlər ilə məşğul olursansa, hər cür ayrıseçkiliyə münasibət bildirməlisən. Bununla bağlı mübahisə aparmalısan.

- Sizin təşkilatınız məsələ ilə bağlı hansısa addımlar atmağı planlayırmı?

- Bəli, təşkilatımız adından DİN-ə müraciət olunacaq. İctimai Şurada bu məsələni müzarikəyə qaldıracağıq. Ümumən, qanunvericilikdə bu cür hallarla bağlı hansı mexanizmlərdən istifadə etmək olar, onu müzakirə edəcəyik.

Şəbnəm Zahir

AzNews.az