Həmsöhbətimiz “Ekoloji Maarifçilik və Monitorinq” İctimai Birliyi sədri Qəmzə Yusubovadır Həmsöhbətimiz “Ekoloji Maarifçilik və Monitorinq” İctimai Birliyi sədri Qəmzə Yusubovadır

Belə davranışlar balıqların kütləvi şəkildə məhvinə gətirib çıxarır - MÜSAHİBƏ

Həmsöhbətimiz “Ekoloji Maarifçilik və Monitorinq” İctimai Birliyi sədri Qəmzə Yusubovadır

- Qəmzə xanım, Azərbaycanda biomüxtəliflik yetərincə qorunurmu?

- Dünya üzrə qorunan ərazilər 10% təşkil edirsə, Azərbaycanda bu, 10%-dən çoxdur. Müqayisə etsək, demək olar ki, Azərbaycanda biomüxtəliflik qorunur. Milli qoruqlar, milli parklar kimi qorunan ərazilər Azərbaycanda kifayət qədərdir.

- Azərbaycanda biomüxtəlifliyin qorunması sahəsində hansı qanunlar var?

- Azərbaycan Respublikasında bioloji müxtəlifliyinin qorunması və davamlı istifadəsinə dair qanun var. Azərbaycan həmçinin biomüxtəlifliyin qorunması ilə bağlı beynəlxalq konvensiyalara, protokollara qoşulub. Bunlara misal olaraq Ramsar konvensiyasının qeyd etmək olar. Bu, xüsusilə su quşlarının yaşayış yeri olduğu üçün beynəlxalq əhəmiyyətə malik bataqlıq ərazilərin qorunması və davamlı istifadəsi üçün beynəlxalq müqavilədir. Sözügedən müqavilə su-bataqlıq əraziləri haqqında Konvensiya kimi də tanınır və 1971-ci ildə Konvensiyanın imzalandığı İranın Ramsər şəhərinin adını daşıyır. Məsələn, Qızılağacda, Ağgöl Milli Parkında, İmişlidə, Şirvan Milli Parkında su-bataqlıq əraziləri var və onlar qorunur. Ətraf-mühitin mühafizəsi ilə bağlı Qanunda da 2 bənd var ki onlar da biomüxtəifliyin qorunması ilə bağlıdır. Azərbaycan Ramsardan başqa Kartagena Konvensiyasına da qoşulub. Bu konvensiya və protokollar qanun qədər hökmlüdür və biomüxtəlifliyin qorunmasına xidmət edir.

- Necə düşünürsünüz, bu sahədə qanunlar niyə yetərincə işlək deyil?

- Mən belə düşünmürəm. Qanunlar işləyir. Təbii ki, "qanun pozuntuları yoxdur" demək olmaz. Qanunlar 60-70% işləyir. Buna "tam işləmir" də demək olmaz. Bunun müxtəlif obyektiv və subyektiv səbəbləri var. İnsanlar məlumatlı deyillər. Qanunsuz fəaliyyət göstərən brokonyerlər var. Ancaq bu gün heç kəs gedib Şirvan Milli Parkında ceyran ovlaya, Şahdağda, Hirkan Milli Parkında ağac kəsə bilməz. Çünki böyük cərimələr tətbiq olunur. Bu cərimələr çox yüksək olmalıdır ki, insanlar qanuna əməl etməməkdən çəkinsinlər. Son dövrlərdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu sahədə çox böyük işlər görür və çox ciddi nəzarət var.

- Bəs, biomüxtəlifliyin qorunması zərurəti ilə bağlı cəmiyyətimiz nə qədər məlumatlıdır?

- Burada məsələ elə də ürəkaçan deyil. İnsanların maarifləndirilməsinə ehtiyac var. Biomüxtəlifliyin qorunması təkcə dövlətin işi deyil. Burada cəmiyyət də məlumatlı olmalıdır. Vətəndaş Cəmiyyətinin, Nazirliyin xüsusi rolunu qeyd etmək lazımdır. Bu sahədə nazirlik səviyyəsində də işlər görülməlidir. Kütləvi layihələr həyata keçirilməlidir. Bir məmurun biomüxtəlifliyin qorunması ilə bağlı nəyəsə "olmaz" deməsi ilə iş bitmir. Biomüxtəlifliyin qorunmasında problemlərin başqa-başqa səbəbləri də var. Məsələn, bu mövzuya toxunanda yoxsulluğun azaldılması proqramı yada düşür. Ölkədə yoxsulluq nə qədər yüksək olarsa, biomüxtəlifliyi qorumaq da o qədər çətin olar. Kənd ərazisində yaşayıb kasıb olan bir insan öz həyatını təmin etmək üçün ova çıxacaq, quş vuracaq, ağac kəsəcək. Bunlar bir-biri ilə bağlı səbəblərdir və əhalinin maarifləndirilməsinə ciddi ehtiyac var.

- Fikrinizcə, vətəndaşlarımız biomüxtəlifliyin qorunmasında nə qədər fəal iştirak edir?

- Bu sahədə tədbirlər həyata keçirilməlidir ki, insanlar müəyyən biliklərə malik olsunlar və aktivlik artsın.

- Azərbaycanda tez-tez qanunsuz ov hallarına rast gəlinir. O cümlədən ETSN-nin müəyyən etdiyi limiti xeyli miqdarda aşan sayda ov edilir. Bunun qarşısı necə alınmalıdır?

- Təbii ki, qanunsuz ov halları var və kifayət qədərdir. Bununla da dövlət mübarizə aparır, ancaq vətəndaş cəmiyyəti də mübarizə aparmalıdır. Dövlət strukturları bununla bağlı daha yaxşı işləməlidirlər, səylərini daha da artırmalıdırlar. Bəzən Qırmızı Kitaba düşən quşlar ovlanır. Bu halların qarşısı alınmalıdır.

- Qadağan olunmuş vasitələrlə balıq ovu edənlər həvəskar balıq ovçularının narazılğına səbəb olunur. Şirin su hövzələrində torlar qurulur və normadan artıq balıq ovlanır. Müvafiq dövlət qurumları bütün bunları görmürmü?

- Qadağan olunmuş vasitələrlə balıq ovu edənlərə qarşı dövlət mübarizə aparır. Təbii ki, bu da balıq ovçuların narazılığına səbəb olacaq. Lakin qurulan torlar normadan artıq olduğundan təbii ki, qarşısı alınmalıdır. Bu hallar da biomüxtəlifliyin məhv olmasına gətirib çıxarır. Balıq ovlanmasından narahatçılıqla bağlı onu da qeyd etmək istəyirəm ki, dövlət tilovla balıq tutmağa icazə verir, amma insanlar bundan sui-istifadə edir və qanunsuz şəkildə tilovla yox, partlayıcı maddələri suya atmaqla ov edirlər. Belə davranışlar balıqların kütləvi şəkildə məhvinə gətirib çıxarır. Həmin ovçular götürə bildiklərini götürüb, götürə bilmədiklərinin yarısından çoxunu məhv edirlər.

- Xəzərin və digər iri su hövzələrinin çirklənməsi biomüxtəlifliyə qarşı hansı fəsadlar törədir?

- Bəli, Xəzərin və digər iri su hövzələrinin çirklənməsi biomüxtəlifliyə ciddi fəsadlar törədir. Su hövzələrinin çirklənməsi səbəbindən ciddi xəstəliklər yaranır. Ümumiyyətlə, Xəzər və iri su hövzələri ciddi şəkildə qorunmalıdır. Qorunmasa, daha ciddi fəsadlara gətirib çıxaracaq.

- Azərbaycan torpaqlarının bir qismi 30 il boyunca işğal altında qalıb. Hazırda işğaldan azad olunan torpaqlarda biomüxtəliflik hansı vəziyyətdədir?

- Biz Xankəndi yolunda aksiyada iştirak edəndə görürdük ki, 30 il boyunca Azərbaycanın təbiətinə qarşı konkret olaraq ekoloji terror törədilib. Bu halda müxtəliflik hansı vəziyyətdə ola bilər? Təbii ki, böhran vəziyyətində. Meşələr qırılıb, sərhəd zonalarında Ermənistan 30 il ərzində dəfələrlə otlaqları yandırıb, yanğınlar törədiblər. Meşələrin qırılmaqla bərabər yandırılması biomüxtəlifliyin birbaşa məhv olmasına gətirib çıxarır. Belə ki, otlaqlar yanıb, meşələr qırılarkən, canlı aləm, qarışqasından böcəyinə, uçanından qaçanına nə varsa hamısı məhv olub. Onu da qeyd etmək istəyirəm ki, işğal altında olarkən bizim meşələrimizdə çox yaşlı qocaman çinarlarımız qırılıb.

- Sizcə, işğaldan azad olunan bölgələrdə qoruqların və ovçuluq təsərrüfatlarının yaranması biomüxtəlifliyin qorunmasına necə kömək edə bilər?

- Bilirsiniz, bizdə tarixən ovçuluq ənənələri var. Ovçuluq təsərrüfatlarının yaradılması mütləq şəkildə lazımdır. Bəsitçay qoruğu artıq yaradılıb. Burada tarixi çinar ağaclarının bərpa olunacağına inanıram və bu sahədə işlər görüldüyündən də xəbərim var idi.

Müəyyən insanlar var ki, ovçuluq onlar üçün həyat tərzidir. Həmin insanlar üçün ovçuluq təsərrüfatları yaradılmalıdır ki, onlar gedib təsərrüfatlarda ov etsinlər. Bununla qoruqlara da ziyan dəyməz. Ümumiyyətlə, qorunmalı olan yerlərdə ov edilməsə, bununla işğaldan azad olunan ərazilərdə biomüxtəlifliyi bərpa etmək mümkün olar.

Pərvanə AĞAZADƏ

Bu müsahibə Azərbaycan Respublikası Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə "Pragma" Sosial İnkişafa və Ekologiyanın Qorunmasına Dəstək İctimai Birliyi tərəfindən həyata keçirilən "Məsuliyyətli ovçuluğun təşviqi" layihəsi çərçivəsində hazırlanıb. Müsahibədəki fikir və mülahizələr Agentliyin rəsmi mövqeyi ilə üst-üstə düşməyə bilər.