Gürcüstanda anti islam ovqatını kimlər gündəmə gətirir?

FETÖ-nun dayaqları hələ də Gürcüstanda möhkəmdir

C:\Users\User\Documents\xulase cari\edaly.jpg

“Antitürk” siyasətin dalğasında yer alan “dotasiya” hədəfləri

Dövlətlərarası çağdaş münasibətlər heç də tarixin zibilliyində ilişib qalmış anlamlar üzərində köklənmir. Fransa ilə İngiltərə arasında 1337-1453-cü illərdə yaşanılan “100 illik müharibə”nin acılarını hər iki xalq çoxdan unudub. Osmanlı dövründə yaşanılan Balkan savaşları tarixi bolqar, serb, makedon, alban, xorvat, sloven, rumin, macar və digər xalqlar tərəfindən bu gün süni şəkildə qabardılmır. Fransız və italyan, ispan və fransız, alman və rus xalqları arasında dəhşətsaçan müharibələr olub. Tarixin acı həqiqətinə görə indiki xalqların heç bir günahının olmadığı dilə gətirilir. Almaniyada məktəb şagirdlərini diktator Adolf Hitlerin II Dünya Savaşı vaxtı qaz sobalarında insanları necə yandırdığı və həbs düşərgələrində insanlıq əleyhində cəza texnikaları ilə tanış edərək bir daha alman xalqının bu vəhşətləri təkrar etməməsi təbliğ olunur. Gürcüstan isə orta əsr feodallarının öz mənfəətləri üçün apardıqları qanlı savaşları kinli şəkildə qabartmaqdadır.

Keçmiş baş nazir Mamuka Baxtadze nə qədər ki, hakimiyyətdə idi, demokrat cildinə bürünmüşdü. Elə ki, istefaya göndərildi, gürcü xalqına tarixdə kimlərin “əzab” verdiyini süni şəkildə qabartmağa çalışır. Onun sayıqlamalarını erməni media-holdinqi tərəfindən idarə olunan “Sputnik-Gerogia” saytı təbliğata çevirib. Guya Türkiyə Gürcüstanda islamçı ekspansiya siyasətini yürüdürmüş. Gürcü kilsəsi tərəfindən ənənəyə çevrilmiş “Didqoroba” xalq bayramında çar David Aqmaşenebelini bəhanə edib, keçmiş feodallar kimi öz şəxsini qabartmağa çalışaraq: “Cənubi Qafqazda Türkiyə ekspansiya siyasətini yürüdür. Acarıstan, Ahısqa, Borçalı və Kaxetiya regionları Türkiyənin inhisarı altındadır. Bu bölgələrdə yumşaq siyasət yürütməklə din, iqtisadi və təhsil sektorunu nəzarətə alıb. Kaxetiya və Borçalı vilayətlərində yaşayan azərbaycanlılar üçün Türkiyənin MİT-nə bağlı TİKA humanitar dəstək verməklə güclü təməllərini qurur” açıqlamasını verib.

Halbuki Mamuka Baxtadze baş nazir işlədiyi müddətdə Türkiyə ilə isti münasibətlərin tərəfdarı kimi çıxış edirdi. Çar Rusiyası, Sovet İttifaqı və ötən yüzilin 90-cı illərindən sonra əldə etdiyi müstəqillik illərində dotasiyalı bölgə kimi, üzünü gah region dövlətlərinin “mehriban qonşuluğu”na, gah da “avropalaşmaq” hədəfləri çərçivəsində Qərbə tərəf tutmuşdur. Gürcüstanın bu gün öz problemlərini həll etmək yönündə “xristian təəssübkeşliyi”ni yenidən qabartmasının əsil səbəbi budur. Ona görə də Qərbdən yeni dotasiya dalğasının yönünü dəyişdirməsi üçün: “Ölkə əhalisinin 10 faizi müsəlmandır. Ancaq, onlar bizdən daha sürətlə təsir imkanlarını artırmağa başlayıblar” tipli mövzuları qabartmağa cəhd edirlər. Guya “mədəni və humanitar ekspansiya Gürcüstanı “xristian dövləti” olmaqdan uzaqlaşdırır”.

FETÖ-nun dayaqları hələ də Gürcüstanda möhkəmdir

Din, təriqət və məzhəb adı altında nəinki Türkiyədə, digər dövlətlərin ərazilərində bir zamanlar geniş imkanları ilə hərəkət edən “Fətullah Gülən” hərəkatı bu gün Türkiyə və Azərbaycanda, digər dövlətlərdə iflasa uğrayıblar. Ancaq onların Gürcüstanda dayaqları çox güclüdür. “FETÖ” təşkilatı Borçalıda sünni əhali arasında humanitar siyasət adı altında dayaqlarını qurmaqla azərbaycanlı əhalini bu gün “nurçu”, “süleymançı” və “sələfi” kəsimlərinə bölmüşdür. Onların bir çoxu 2002-ci ildən sonra səfərbər olunaraq İraq, Suriya, Yəmən, Oman və digər Yaxın Şərq ölkələrində vətəndaş savaşlarında iştirak ediblər. Xüsusən də “Hüzur” adlı təşkilat Borçalı bölgəsi ilə yanaşı, Acaırstan, kistin-çeçenlərin yaşadığı Panikis vadisi boyunca şəbəkələşmə sistemini qurmuşdu. Gəncləri təhsil almaq adı ilə Misir, Türkiyə, Suriya və digər ölkələrə apararaq, onları radikal dini təlim mərkəzlərində yetişdirirdilər. Bir qədər bilgili gənclərə isə, yüksək təhsil verərək onların Gürcüstanda iqtisadi sahələrdə yerləşdirirdilər. Türkiyədə fəaliyyət göstərən İHH təşkilatının uzantıları da FETÖ yə bağlıdır. Ölkənin ikinci ən böyük şəhəri olan Rustavidəki “Çağlar” təhsil qrupunun əsas funksiyası “nurçuluq” təliminin erkən yaşlarında azərbaycanlılar arasında yaymaq olub. Məqsəd Türkiyə-Gürcüstan-Azərbaycan münasibətlərində bu kadrların önə çəkilməsi idi. Təəssüf ki, Gürcüstanda FETO-nun qurmuş olduğu şəbəkə hələ də fəaliyyətlərini davam etdirir. Bu yöndə günahın bir ucu da elə Gürcüstan hökumətinin payına düşür. Belə ki, ölkə vətəndaşı olan azərbaycanlılara münasibətdə hələ də “ikili” standartlar tətbiq olunur.

Azərbaycan və Türkiyə Gürcüstana milyardlarla dollarlıq yatırımlar qoyublar. 2007-ci ildə Türkiyənin “TAV Airports Holdings” Tiflis və Batumdakı aeroportları ya yenidən qurmuş, ya da tam yeni havalimanı inşa edib. Hər iki havalimanında çalışanların çoxu gürcü vətəndaşlardır.

Gürcüstan siyasətçilərinin çoxu etiraf edir ki, ölkədə kardinal dəyişikliklər olmalıdır. Bu nəcib təşəbbüsdən yararlanan bəzi siyasi çevrələr ölkədəki əsas problemlərdən yan keçərək yenə də diqqəti “müsəlman” əhalisinə qarşı yönəltməyə çalışılır. Bu barədə isə “qruzinform.ge”, edaily.com, “regnum.ru”, “ok.ru”, “yerkramas.livejournal.com”, “ria.ru”, “new9.ru”, "blog.sololaki.ru", "imag.one" və digər informasiya mərkəzlərinin gündəmə gətirdikləri təhlillər sübut edir ki, Türkiyə-Azərbaycan-Gürcüstan münasibətlərinə kölgə salmaq istəyən Ermənistanın xüsusi xidmət orqanları ilə əməkdaşlıq edən ermənilərdir. Onlar müxtəlif imzalarla və ya anonim şəkildə problemləri qabardırlar.

Apardığımız araşdırmalar zamanı o da bəlli oldu ki, Gürcüstan və Rusiyadakı bəzi informasiya resursları Türkiyə-Gürcüstan münasibətlərinə kölgə salan mövzuların əsas istinad mənbəyi “Sputnik Media Holding”ə məxsusdur. Türkiyə Acarstanın bir çox bölgələrində yeni fabriklər, mağazinlər, otellər, restoranlar inşa edib. Yerli turizmin inkişafı sayəsində Gürcüstanın büdcəsinə ildə milyardlarla dollar gəlir gətirilir. Bu prosesin Ahısqa vilayətində inkişaf etdirilməsi ölkənin dağ turizminin sürətli inkişafı deməkdir. Bütün bunları görməzlikdən gələrək və “amandır Gürcüstan islamlaşdırılır” haray-həşirini salmaq sadəcə erməni təbliğatının ənənəsi deməkdir. “Gürcü marşı” hərəkatının lideri Sandro Breqvadze seçkilər zamanı erməni vətəndaşların səsini qazanmaq üçün məcburi şəkildə anti Türkiyə çıxışlarını edib. O, bildirib ki: “Türkiyə Gürcüstanda qara bazarın inkişafı ilə yanaşı, bu prosesi nəzarətə alıb. Qanunsuz miqrantlar, fahişə trafiki və s. buna nümunədir.”

Gürcüstan parlamentinin keçmiş deputatı Dmitri Lortkipanidze isə bildirib ki: “Mixeil Saakaşvilinin hakimiyyəti zamanı Türkiyənin ekspansiyası daha da sürətləndi”. Halbuki, Gürcüstan bu dönəmdə əhali ən ağır şərtlər içində yaşayırdı. Ölkənin enerji sektoru iflasa uğramışdı. Təkcə Acarstanda Su Elektrik Stansiyalarının inşasına 2015-ci ildə 107.5, 2016-cı ildə 135.6, 2017-ci ildə 52.3 milyon dollar yatırım qoyub. Bununla yanaşı, Tiflis, Kutaisi, Rustavi, Telavi, Zuqdudi və digər şəhərlərdə də Türkiyənin biznes sektoru yatırımlar qoyubdur.


C:\Users\User\Documents\xulase cari\edaly=.jpg

2018-ci ildə Azərbaycan Gürcüstana 240 milyon dollar yatırım qoyub. Ümumilikdə son illərdə Azərbaycan tərəfinin qonşu ölkəyə qoyduğu yatırımların miqyası 2006-cı ildən bu yana hər il artmaqda davam edir. Gürcüstanın iri neft və neft məhsulları anbarı sayılan “Kulevi”yə 40 milyon, “SOCAR Energy Georgia" şirkətinin 22 rayonun qazlaşdırması, Gürcüstan iqtisadiyyatının inkişafına 400 miolyon, “Marabda-Kartsaxi Dəmir Yolu”nun yenidən qorulmasına 200 milyon, Bakı-Tiflis-Ceyhan Neft Boru Kəməri, Bakı-Tiflis-Ərzurum Qaz Boru Xətti, Bakı-Tiflis-Qars Dəmir Yolu və digər beynəlxalq əhəmiyyətli layihələrin inşasına Azərbaycan tərəfi miyonlarla dollarlıq vəsait xərcləyibdir. Təkcə dəmir yolları sektoruna 600 milyon dollar yatırım qoyulubdur.

Bütün bunları görməzlikdən gələrək, saxtakarcasına “müsəlman” faktorunu qabartmaqla əslində dolayı yolla Azərbaycan və Türkiyəyə qarşı nifrət püskürmək Gürcüstana heç bir zaman xeyir gətirməyəcək. Demokratiyanın gətirdiyi fikir və düşüncə azadlığından yarar əldə edərək gerçəkliklərin üzərindən xətt çəkmək olmaz. Gürcüstan tərəfi yaxşı olardı ki, Ermənistanın Tiflislə bağlı siyasətlərini açıqlasın. Ermənistan Gürcüstahnda xüsusi apostol kilsəsi açmaq istəyir. Ermənistan nazirlər kabineti yanında fəaliyyət göstərən və Gürcüstana qarşı əarzi iddialarını sərgiləyən “Erməni Cevaxhk Respublikası” idyası ilə hərəkət göstərən “Cevahk” təşkilatını maliyəyləşdirir. Bundan əlavə, Gürcüstanda bir çox təsisatlarını yaradıb. Bütün bunlar Gürcüstanın bir dövlət olaraq, iflasa uğradılması siyasətinə xidmət edir. “Abxaziya” və “Cənubi Osetiya” kimi etnik separatizm siyasətində ermənilərin “Marşal Baqramyan Ordusu”, “Krunk” könüllüləri və “Erməni İntiqamçı Gəncləri” silahlı qrupları gürcü xalqına qarşı XX əsrin sonunda törətdiyi soyqırımı necə unutmaq olar? Bu gün Gürcüstanın informasiya məkanında at oynadaraq, xalqları üz-üzə qoyan da elə ermənilərə məxsus informasiya şəbəkəsidir. Azərbaycan və Türkiyəni hədəfə alaraq, islam faktorunu süni şəkildə qabartmaq kimsəyə xeyir gətirməyəcək. Bunu gürcü dostlarımız diqqətə alsalar daha yaxşı olardı.

Ənvər Yusifoğlu