ASLAN İSMAYILOV NİYƏ LƏNƏTLƏNMƏLİDİR?

"Qriqoryan işi"nin pərdəarxası

ZƏRURİ QEYD

Doğrusu, bu yazını yazmaq istəmirdim, qətiyyən. Bezmişəm, sadəcə! Bu adamın yalanlarını, saxtakarlıqlarını, xalqın gözünə kül üfürə-üfürə özündən müştebeh bir şəkildə aslan cildinə girməsini ifşa etməkdən usanmışam. Ancaq sosial şəbəkələrdə özünü söydürməkdən zövq aldığı üçün o, dayanmır, kirimir, kəsmir, trolluğundan əl çəkmir. Vay odur, kimsə buna keçmişini xatırlada, mahiyyətinə nəzər sala, yüngülcə bir eyham vura ki, danışdığın yalanların fərqindəyəm, dərhal şantaja keçir, həmən şüvən salmağa başlayır. Bu dəfə də Tofiq Zülfüqarovu nişangaha gətirib. Çünki keçmiş nazir İctimai Televiziyadakı bir verilişdə onu nəzakətli bir şəkildə doğru danışmağa səsləmişdi.

TOFİQ ZÜLFÜQAROVUN EYHAMI

Mənim Tofiq Zülfüqarovla heç bir təmasım yoxdur. Heç zaman da olmayıb. Deyəsən, bir-iki dəfə tədbirdə qarşılaşmışıq. Ancaq bu ölkədə ən çox rəğbət bəslədiyim isimlərdəndir. Əvvəla ona görə ki, çox sanballı, xarici işlər naziri məqamına yüksəlmiş diplomatdır. İkincisi, mən adamları vəzifəsinə görə deyil, potensialına, kübarlığına, baxışlarına görə dəyərləndirirəm və bu baxımdan hesab edirəm ki, Tofiq Zülfüqarov millətimiz üçün çox gərəkli bir ziyalıdır. Nəhayət, Zülfüqarov ictimai-siyasi mühitdə təsadüfi adam deyil, ermənilərin Qarabağ iddialarına qarşı 1988-ci illərdən başlayaraq bir analitik olaraq əlini daşını altına qoyub. Çox hörmətli Tofiq müəllimin “Teleqraf.com” saytına verdiyi son açıqlamanı oxuyan hər kəs bir daha əmin olur ki, onun “Sumqayıt hadisə”lərinə baxışı əsl milli mövqedir. Bu cür bir şəxsiyyəti Aslan İsmayılov kod adlı Allahverdinin başlatdığı linç kampaniyası qarşısında tək qoymaq ictimai maraqlar baxımından yanlış olardı.

QRİQORYAN SIRADAN BİR “BLATNOY” DEYİLDİ

Elmdə bir fənd var, əgər hər hansı hadisənin məğzini obyektiv şəkildə üzə çıxarmaq istəyirsinizsə, bir balaca geri getməlisiniz. Gəlin, biz də belə edək və 1987-ci ilin dekabrına- Sumqayıt hadisələrindən azacıq əvvələ qayıdaq. 1987-ci ilin dekabrında Sumqayıtdakı "Sülh" küçəsində pasport qeydiyyatında olsa da, faktiki olaraq 1-ci mikrorayonda yaşayan, Boru Prokat zavodunda çilingər işləyən Eduard Qriqoryan adlı bir erməni vardı. Uğursuz bir ailədə dünyaya gəlmişdi, anası rus idi, çevrəsində onu qısaca “Edik” çağırırdılar. Edik bir neçə dəfə məhkum olunmuş, məhəllədən, məktəbdən, türmədən tanıdığı bir neçə adamı başına yığıb çətə yaratmışdı, şəhərdə “blatnoy”luq edirdi. Zira, 1988-ci ilin 27-29 fevralında Sumqayıtda baş verən qətl, talan və iğtişaşlardan sonra məlum olacaqdı ki, Edik sıradan bir “blatnoy” deyil, SSRİ DTK-nın agentidir, gizli fəaliyyət göstərən erməni təşkilatları ilə əlaqələri mövcuddur. Bəli, “Qriqoryan işi” ilə bağlı son 30 ildə Azərbaycan və dünya mətbuatında dərc olunan materialları gözdən keçirəndə açıq şəkildə məlum olur ki, Sumqayıt hadisələri SSRİ DTK-ı tərəfindən təşkil olunmuş bir əməliyyat idi. Ona görə də, ilk növbədə o suala aydınlıq gətirmək lazımdır ki,

“SUMQAYIT HADİSƏLƏRİ” DTK-nın NƏYİNƏ LAZIM İDİ?

DTK dünyanın ən qüdrətli imperiyalarından biri olan SSRİ-nin əsas kəşfiyyat qurumu idi. Ölkənin və dünyanın hər yerində saysız-hesabsız agentləri vardı. Həmin agentlər SSRİ-nin gerçək daxili vəziyyəti ilə bağlı komitəyə dəqiq məlumatlar ötürür, həmin informasiyalar SSRİ-nin ən yaxşı analitiklərinin toplandığı mərkəzdə təhlil olunur, proqnozlar, təkliflər hazırlanır, strateji hədəflər müəyyənləşdirilirdi. Təxmin etmək çətin deyil ki, - bu barədə Rusiya mətbuatında da dəfələrlə yazılıb- Mixail Qorboçovun “Yenidənqurma” siyasətinin perspektivinə SSRİ rəhbərliyində, xüsusilə də DTK-da inanan kimsə yox idi. Çünki faktiki rəqəmlər və hesablamalar SSRİ-nin tezliklə çökəcəyini, İttifaqın yerində müstəqil respublikalar yaranacağını ortaya qoyurdu. Odur ki, DTK hərəkətə keçmiş, bir neçə ilə müstəqil olacaq respublikaları gələcəkdə də Rusiyanın nəzarətində saxlamaq üçün etnik münaqişələr törətməyə qərar vermişdi. Ermənilər SSRİ yaranar-yaranmaz Dağlıq Qarabağa iddia etmişdilər və onların bu iddiasını körükləmək çətin deyildi. Sadəcə, ədavəti səngimiş qonşu xalqları yenidən üz-üzə qoymaq, aralarına yenidən qan salmaq, qarşılıqlı milli nifrəti şiddətləndirmək üçün yeni olaylara ehtiyac vardı. Bu cür qanlı tamaşalardan birini SSRİ DTK-ı Sumqayıtda qurdu.

ZƏKANIZA VƏ MƏNTİQİNİZƏ GÜVƏNİB BİR SUAL ÜNVANLAYIRAM

İndi bir anlığa özünüzü sovet DTK-nın “düşünən beyni” olaraq hiss edin. Siz nəhəng bir dövlətin azman kəşfiyyat qurumu olaraq Sumqayıtda fitnə törətmisiniz, məqsədiniz SSRİ-nin dağılma prosesini etnik zəmində qanlı qarşıdurmalara yönəltməkdir. İzinizi itirmək və əsas məqsədinizə nail olmaq üçün “Sumqayıt işi”nin təhqiqatına bilavasitə rəhbərliyi öz agentinizə həvalə edərsiniz, yoxsa vətənpərvər, milli ruhlu, nəzarətinizdən kənar bir azərbaycanlıya? Bu suala cavab verməzdən öncə onu da yadınıza salın ki, 1988-ci ilin payızından başlayaraq Azərbaycanda xalq meydanlara tökülmüşdü və meydana çıxan milyonlarla insan təşkilatlanmağa hazırlaşırdı. Meydan hərəkatı (daha sonra hərəkat nəticəsində ərsəyə gələcək təşkilat- Azərbaycan Xalq Cəbhəsi) “Sumqayıt hadisələri”nin azərbaycanlıların boynuna qoyulmasını etirazla qarşılayır, olayların arxasındakı əsl əllərin üzə çıxmasını tələb edirdi. Necə düşünürsünüz, belə bir ortamda meydan hərəkatı ilə təması olmayan, xalqdan fiziki mənada da uzaq düşmüş, Bakıda heç kimi tanımayan, Rostovda yaşayan və orada məhkəmə orqanlarında çalışan birinin- Aslan İsmayılovun, əvvəlcə gəlib Azərbaycan SSR prokurorluğunda işə başlaması, daha sonra Sumqayıt işinin təhqiqatına bilavasitə rəhbərlik etməsi təsadüf ola bilərmi? Mən bu fakt qarşısındakı məntiqi qənaətlərimi özümdə saxlayır, suala cavabı, əziz oxucular, zəkanıza güvənərək, sizin öz öhdənizə buraxıram.

“QRİQORYAN İŞİ”NİN OBYEKTİV TƏHQİQATI NƏLƏRİ ÜZƏ ÇIXARMALI İDİ?

"Qriqoryan işi"nin obyektiv istintaqı, əslində onu üzə çıxarmalı idi ki:

  • “Sumqayıt hadisələri” DTK tərəfindən törədilib.
  • DTK qanlı olayların törədilməsini Eduard Qriqoryan adlı erməni mənşəli agentinə həvalə edib. Qriqoryanın erməni gizli cəmiyyətləri ilə də əlaqəsi olub, belə ki, onun əlində həmin gizli cəmiyyətlərlə məsafə saxlayan ermənilərin siyahısı olub, onun başçılığı ilə hücumlar məhz həmin evlərə edilib.
  • Qriqoryan öz dəstəsinə cəlb etdiyi azərbaycanlıları QORXUDUB, ŞİRNİKLƏNDİRİB və PSİXOTROP MADDƏLƏR VASİTƏSİ İLƏ CÜRƏTLƏNDİRƏRƏK erməni evlərinə hücuma təhrik edib, milli ədavət salmaq üçün şəhərdə hətta anti-erməni təbliğatı aparılmasına rəhbərlik edib.

ASLAN İSMAYILOV “QRİQORYAN İŞİ”NDƏ

  • Aslan İsmayılovun “Qriqoryan işi” ilə bağlı məhkəmədəki yekun nitqi, yəni əsas ittihamnamə “qeybə çəkilib”. O, Sevinc Osmanqızının vaxtilə ANS-də təşkil etdiyi bir müzakirədə “Qriqoryan işi” ilə bağlı bəzi sənədləri oğurlayaraq Bakıdakı qohumlarından birinin evində gizlətdiyini söyləyib. Bu dediklərinə əsasən güman etmək olar ki, “Qriqoryan işi”ndən yoxa çıxmış yekun ittihamın mətnini də elə o özü oğurlayıb.

Məhkəmənin hakimi olmuş Mansur İbayevin KİV-dəki çıxışları göstərir ki, öz yekun nitqində Aslan İsmayılov:

  • Sumqayıt hadisələrinin DTK tərəfindən törədilməsinə eyham belə vurmayıb, hadisənin kökünü Dağlıq Qarabağda başlanan prosesə dayamaqla etnik zəminə salıb, “oradakı aksiyalara cavab iğtişaşları” kimi göstərib. KQB də elə bunu istəmirdimi? “Aslan İsmayılov” kod adlı Allahverdinin KQB-ni işin içərində göstərməməsini isə yalnızca “qorxaqlıq” kimi qiymətləndirmək olmaz. Çünki İsmayılov “Qriqoryan işi”nə təhkim olunanda AXC artıq ya elan edilmişdi, ya da elan edilmək üzrə idi. AXC rəhbərlərinin bir çoxu isə məhz sovet DTK-nı qarşılarına alaraq hərəkata qoşulmuşdular, yəni İsmayılov da azacıq vətənpərvər və bir balaca cəsarətli olsaydı, KQB-dən çəkinməzdi.
  • Eduard Qriqoryanın SSRİ DTK ilə yanaşı, gizli erməni cəmiyyətləri ilə əlaqəsini də ortaya çıxarmayıb.
  • Hər ikisinə ölüm hökmü tələb etməklə azərbaycanlı Vaqif Hüseynovun məsuliyyətini Qriqoryanla eyniləşdirib, digər azərbaycanlılara da çox ağır cəzalar tələb edib, soydaşlarımızı qarət və qətllərin əsas təşkilatçısı olaraq göstərib. Bu barədə Mansur İbayev deyir: “Aslan İsmayılov bütün hallarda ermənilərin öldürülməsini azərbaycanlılar Vaqif Hüseynovun, Nadir Nəcəfovun, Nizami Səfərovun, Əfsər İsayevin üzərinə qoyaraq onları Azərbaycan Respublikası Cinayət Məcəlləsi 94-cü maddəsinin 2,6,7-ci bəndləri ilə təqsirli bilib ittiham etmişdir. Məhkəmə isə bu ittihamları əlavə ibtidai istintaqa qaytarmışdır”.

İMPERİYA İTTİHAMÇISI TƏKCƏ QRİQORYANA ÖLÜM HÖKMÜ TƏLƏB ETMİR...

Bütün bu faktların təhlilindən ortaya çıxan məntiqi nəticə budur ki, Aslan İsmayılovun “Qriqoryan işi”ndə SSRİ adlanan imperiyanın dövlət ittihamçısı kimi əsas rolu sovet DTK-nın maraqlarını qorumaq, onu “işin içindən” çıxarmaq olub. Bu mövqe, açıq-açıq söyləyirəm, xalqımıza qarşı tarixi xəyanətdir! Əgər kimsə imperiya ittihamçısının Qriqoryana ölüm hökmü tələb etməsini fərqli yerə yozursa, buna da tələsməsin, çünki Eduardın aradan götürülməsi (izlərin tamamilə itirilməsi üçün) o zaman ən çox elə DTK-ya lazim idi. Qriqoryan isə tək güllələnə bilməzdi. Çünki bu zaman məsuliyyət birmənalı olaraq azərbaycanlıların boynundan qalxırdı. Azərbaycanlıların ölüm hökmündən kənarda qalıb, Qriqoryanın edam edilməsi əsas məsuliyyəti ermənilərin üzərinə qoyacaqdı. Bu da DTK-nın məqsədləri ilə ötüşmürdü. Aslan İsmayılovun “Qriqoryan işi”ndə xalqımıza qarşı daha bir açıq xəyanəti məhz budur: Qriqoryanın əməllərinə azərbaycanlı Vaqif Hüseynovu da eyni dərəcəli hüquqi məsuliyyət doğuran fəaliyyət göstəribmiş kimi şərik etməsi! Qriqoryanın son nəticədə ölüm hökmündən can qurtarmasının yeganə səbəbi isə odur ki, Əhməd Əhmədovdan sonra daha bir soydaşımızın- Vaqif Hüseynovun edam edilməsi ölkəmizdəki milli azadlıq hisslərini, Moskvaya qarşı təpkiləri gücləndirəcəkdi. Ona görə də, E. Qriqoryan ən azı bir azərbaycanlı “suç ortağı” ilə birlikdə ölüm cəzasına məhkum edilməli idi, lakin yuxarıda dediyimiz səbəblərdən son nəticədə belə bir hökm çıxarmaq imkansız olmuşdu.

AZƏRBAYCANIN MUSTAFA YAMÜLKİSİ

Ermənilərin hər il “soyqırım” deyib ağlaşma quraraq xatırladığı məlum hadisələrlə bağlı hələ ötən əsrin əvvəllərində keçirilən iki böyük məhkəmə prosesindən biri Osmanlını işğal edən müttəfiqlərin istəyi və təzyiqi ilə 1918-ci ilin sonlarında yaradılmış “Divan-i Harbi Örfi”dir. Çıxaracağı hökmlər bəribaşdan bəlli, işğalçıların sifarişinə tam uyğun olan həmin fövqəladə məhkəməyə, proses zamanı “Nəmrud” ləqəbi qazanmış Mustafa paşa Yamülki başçılıq edirdi.

Yamülki Mosul həndəvərində doğulmuş, Osmanlı hərbi məktəblərində təhsil almış, genaral rütbəsinə qədər yüksəlmiş bir kürd idi. Hərbi divanda işğalçı güclərin və erməni keşişlərinin qarşısına qoyduğu ittiham aktlarını imzalayandan bir müddət sonra İstanbuldan ingilislərin yardımı ilə qaçmış, 1922-24-cü illərdə indiki İraq ərazilərində Şeyx Mahmud Bərzəncinin qurduğu Kürdüstan Krallığında təhsil naziri olmuşdu.

Osmanlı hərbi məhkəməsinə rəhbərlik etdiyi dönəmdə Mustafa Kamal paşaya və silahdaşlarına qarşı edam hökmü çıxaran Yamülki “Divani Hərb” prosesində Tələt, Ənvər və Camal paşaları da ölümə məhkum etmişdi.

Mustafa Yamülkinin məşhur “Yozqat təhcir davası”nda haqqında edam cəzası çıxardığı qayməqam Mehmet Kamal 1922-ci ildə Ankarada Nazirlər Kabineti tərəfindən “milli şəhid” elan edilmişdi. Həmçinin həmin prosesdən sonra ona qarşı xeyli məhkəmə iddiası qaldırılmışdı.

Bəli, 1988-ci ilin əvvəllərində baş vermiş Sumqayıt hadisələrinə dönək. Artıq dəfələrlə söylədiyimiz kimi, o hadisələr sovet DTK-nın və ermənilərin iş birliyi ilə törədilmiş təxribat idi. Məqsəd millətlərarası nifaqı gücləndirmək, xalqımız haqqında neqativ rəylər yaratmaq, ermənilərin gələcək işğal planlarına haqq və zəmin hazırlamaq idi. İşin içərisində yenə Rusiya - 1915-ci il olaylarında erməniləri qızışdıran imperiya vardı. Sözügedən imperiya “Divani Hərb”ə bənzər bir proses qurmuşdu, məqsədi də o idi ki, “hadisələrə hüquqi qiymət” ilk növbədə ölkənin, yəni Azərbaycanın öz daxilində verilsin - bu, özünü mümkün qədər kənarda və orbitr mövqeyində saxlamaq üçün lazım idi. İmperiya Azərbaycandan bir Mustafa Yamülki də tapmış, daha doğrusu, əlaltı kimi yetişdirmiş və Azərbaycan prokurorluğunda yerləşdirmişdi. O, sonradan adını “Aslan” qoymuş Allahverdi idi. Allahverdi çağdaş Azərbaycanın Mustafa Yamülkisidir, yamülkilərə isə özünə hörmət edən heç bir insan, cəmiyyət və dövlət sayğı göstərə bilməz, adını ancaq nifrət və lənətlə ana bilər.

Taleh ŞAHSUVARLI,

AzNews.az portalının Baş redaktoru