Mənsimovun şəkli ilə Türkiyəyə qarşı mübarizə aparanlar

Milyarderin Fətullah Gülənçilərlə qurduğu vəqf

Dəqiq tarixi deyirəm: 21 noyabr 2011-ci il.

Türkiyənin bir çox xəbər saytlarında bir vəqfin qurulması barədə ANKA qaynaqlı məlumat yayılıb.

Qurulan qurumun adı Türk-Rus Kültür Vəqfidir.

Yəni söhbət nə bu günündür, nə də dünənin.

Zaman o zamandır ki, Fətullah Gülənin bir işarəsi ilə Türkiyədə “Nurçular” deyilən dini icma dövlət ierarxiyasını pillə-pillə ələ keçirirdi.

Bir neçə link atacam, özünüz həmin linklərə daxil olub məsələnin məğzini birbaşa öz gözlərinizlə oxuya bilərsiniz.

Nə məlum olur bu linklərdəki xəbərlərdən?

Məlumatın qısa məğzi budur ki, 2011-ci ildə Türkiyədə əsas media patronlarından olan Hamdi Akın İpek, “Rixos” otellərinin sahibi Fettah Tamince, iş adamı Muammer İhsan Kalkavan, Rusiya qazının Türkiyədəki satıcı şirkətinin rəhbəri Mehmet Fatih Baltaçı, Rusiya-Türkiyə Dostluq Cəmiyyətinin sədri, iş adamı Ali Ertuğrul Türkeli, “Palmali” şirkətlər qrupunun rəhbəri Mübariz Mənsimov və digərləri bir cəmiyyət qurublar.

Yaradılması “Rəsmi” qəzetdə elan edilən və buna görə də, hər hansı şəkildə “feyk” ola bilməyəcək bu məlumatda, icazənizlə, öncə adı çəkilən şəxslərin kimliyinə baxaq:

  • 1948-ci il doğumlu Muammer İhsan Kalkavan Fətullah Gülənə ən yaxın iş adamıdır. O, “Bank Asiya” da daxil xeyli sayda şirkətin qurucusu olmaqla yanaşı, Türkiyədə ən çox gəmiyə sahib olan bir şirkətin rəhbəri idi. Hazırda FETÖ üzvü olduğu üçün Türkiyədən qaçıb, son məlumatlara görə, ABŞ-da yaşayır.
  • Çox böyük şirkətlərə rəhbərlik etmiş, Fətullah Gülən şəbəkəsinin media qurumlarını maliyyələşdirən, hazırda Türkiyədəki bütün mal varlığına rəsmən əl qoymuş Hamdi Akın İpek də fərardadır.
  • Mehmet Fatih Baltaçı da Fətullah Gülənin ən yaxın adamlarından olmaqla, Türkiyənin zənginlərindən sayılır, Kanadaya qaçıb. Bir çox şirkətlərlə yanaşı “Akfel”in də patronu olub.
  • “Rixos” otellər şəbəkəsinin patronu Fettah Tamince Fətullah Gülənin liderliyini qəbul edən, onun müridlərindən sayılan, ABŞ-da çətəbaşını ziyarət edən digər iş adamıdır. Hətta Gülənin istəyi ilə universitet tikdirdiyini belə etiraf edib.
  • Əli Ərtoğrul Türkeli isə Fətullah Gülən icmasının təhsil və devşirmə sistemi olan “Çağ Öyrətim”in Sankt Peterburq nümayəndəsi idi.

İndi gələk Mübariz Mənsimova.

Türkiyə polisi tərəfindən saxlanılmış və həbsi məhkəmə qərarı ilə artıq rəsmiləşmiş “Palmali” şirkətlər qrupunun rəhbəri Mübariz Mənsimova irəli sürülən rəsmi ittiham FETÖ ilə bağlıdır. Şəkildə də gördüyünüz kimi, iddiada onun FETÖ-nün Rusiya “imamı” və digər əsas fiqurları ilə sıx əlaqələrə malik olduğu, hətta FETÖ-nun rəhbər kadrlarından olan Ahmet Vural isimli ilə görüşləri zamanı xaricdən dinləmənin qarşısını almaq üçün JAMMER cihazından istifadə etdiyi bildirilir.

İddiadan onu da görürsünüz ki, bu əlaqələrin açıq təsbiti kimi Türk-Rus Kültür Vəqfinin birgə qurulmasından da bəhs edilir.

İndi necə düşünürsünüz, Türkiyənin bir dövlət olaraq çox böyük maliyyə imkanlarına, Rusiya da daxil olmaqla, çox müəmmalı xarici əlaqələrə malik olan və “birdən-birə sərmayəsini Türkiyəyə daşımış” bir isimdən “sənin Fətullah Gülənin adamları ilə axı nə işin vardi” deyə soruşmağı, onu soruşmuşkən də başqa bir-iki suala da cavab aramağa hüququ yoxdurmu?

Əzizlərim, Türkiyə ənənələri olan, MİT-in timsalında dünyanın ən peşəkar kəşfiyyatlarından birinə malik ölkədir. Bu ölkə Feysbukdan, Tvitterdən idarə olunmur. Əgər orada bir insan haqqında saxlanılma, həbs qərarı çıxıbsa, məsələ yarğıya varıbsa, deməli, dövlətin əlində ciddi əsaslar var. Yoxsa, nə zənn edirsiniz, MİT o qədər əfəl bir kəşfiyyat sistemi oldumu ki, Türkiyədə fəaliyyət göstərən, adı dünyanın “500 ən zəngini” sırasında olan Rusiyadan gəlmiş iş adamını aldığı nəfəsə qədər nəzarətdə saxlamasın, gerçək mahiyyətini və bağlarını bilməsin?

Bütün bu suallar qarşısında çıxaracığımız nəticə budur ki, Mübariz Mənsimov olmur, kim olursa-olsun, “mən inanmıram” deyə dövlət qarşısında, hələ-hələ Türkiyə kimi köklü bir dövlət qarşısında sosial şəbəkələrdə layk həvəsinə düşüb kimsəyə kəfil olmayacaqsan.

Hər şey ortaya məhkəmədə çıxacaq. İttihamlar öz təsdiqini tapacaqsa da, tapmayacaqsa da, dövlət öz sözünü deyəcək, hüquq və ədalət öz yerini mütləq tutacaq. Bu sözlərim Mənsimovun xeyriyyəçi və vətənpərvər imici qarşısında ona səmimiyyətlə virtual dəstək verdiyini düşünənlərə aiddir.

Ancaq bir də olaydan istifadə edib Azərbaycanda Türkiyə əleyhinə təbliğat aparanlar, Mübariz Mənsimovun fotosu arxasında Fətullah Gülənin, İranın, Rusiyanın, hətta Ermənistanın maraqlarına uyğun şəkildə qardaş cümhuriyyətə neqativ münasibət formalaşdırmağa cəhd göstərənlər var, daha çoxdurlar, daha sistemli çalışırlar.

Baxın, həqiqətən vətənpərvər, həqiqətən milliyyətçi, həqiqətən xeyirxah bir adamı, öz qardaş xalqının biznesmen kimi dünyaca adı-sanı olan nümayəndəsini, əgər doğrudan da Azərbaycana, Türkiyəyə, Türk dünyasına xidmət edibsə, içəri atmağa, bəzilərinin utanmadan iddia etdiyi sayaq, “şərləməyə” niyə ehtiyac duysun ki Türkiyə?

Mənim, sizin, bir başqasının bilmədiyi, bəlkə də heç zaman da bilməyəcəyi, ancaq MİT-in, Türkiyə polisinin, digər qurumların izinə düşdüyü məsələləri, əlaqələri, planları ola bilməzmi müttəhimin?

İki gəmiyə ad verməklə, iki xəstənin balışının altına pul qoymaqla, iki müğəninin klipinə sponsorluq eləməklə, iki tələbənin ac qarnını doyurmaqla, bəlkə adam hansısa əməllərini ört-basdır etmək istəyirdi?

O zaman nədən kimlərinsə toruna düşək, Azərbaycanda qanımız bir, canımız bir Türkiyənin əleyhinə başlamış “soyuq informasiya savaş”ına küt alət olaq?

Mənim fikrimi bilmək istəyirsinizsə, deyim.

Mübariz Mənsimov da daxil heç bir fərd mənim üçün Azərbaycandan və Azərbaycan qədər sevdiyim Türkiyədən önəmli deyil.

Bizim, gerçək milli düşüncəli adamların öz dövlətlərimizdən- bir millət, iki dövlət fəlsəfəsindən başqa güvənc yeri yoxdur, ola da bilməz.

Taleh ŞAHSUVARLI