“Onsuz da heç bir qüvvə bizi evimizdən çıxara bilməz" “Onsuz da heç bir qüvvə bizi evimizdən çıxara bilməz"

11 villanın sahibinə köçmək üçün vaxt verildi - Badamdarda çatlar dərinləşir

“Onsuz da heç bir qüvvə bizi evimizdən çıxara bilməz"

Bakının Badamdar qəsəbəsində sürüşmə baş verən ərazinin yuxarı hissəsində yerləşən 11 villanın sahibinə köçmək üçün vaxt verilib, bu günlərdə elektrik enerjisinin, suyun, qazın verilişi tamamilə dayandırılacaq. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən villaların qarşısında quyular qazılıb, hazırda su nasoslarla çəkilir.

Virtualaz.org-un əməkdaşları xəbər verirlər ki, sakinlər köçürülmə tələbi ilə razılaşmırlar, buna görə də, ərazi polis nəzarətindədir. Onlar köçürülmə zamanı baş verə biləcək mübahisələrin qarşısını alacaqlar.

Nazirlik: “Çatlar getdikcə dərinləşir”

Yaponiyadan dəvət edilmiş mütəxəssislər dünəndən ərazidə tədqiqatlara başlayıblar, nəticələr yaxın 1-2 günə bəlli olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, sürüşmə sahəsi üzərində süxur qalıqlarının yola doğru hərəkəti müşahidə olunub, 11 evin divarlarında yeni çatlar qeydə alınıb.

Sakinlər isə villalarda çatların yaranması ilə bağlı nazirliyin açıqlamasını təkzib edirlər. Onların sözlərinə, nəinki evlərdə, hətta hasarlarda da çatlar yoxdur. “Bu cür açıqlamalarla diqqəti sürüşməni yaradan səbəblərdən uzaqlaşdırmağa çalışırlar. Əvvəlcə dedilər ki, evlər qanunsuz tikilib, sənədi yoxdur. Halbuki, hamıya bəllidir ki, bu ərazidə torpağın sotu 50 min manatdan yuxarıdır, heç kim icazəsiz daşı daş üstünə qoya bilməz. Bizim evlərin sənədləri qaydasındadır”, - sakinlərdən biri deyir və əlavə edir ki, özünü təqdim etməyə ehtiyac görmür. Çünki bütün sakinlər eyni fikirdədilər, sadəcə ekspertizanın nəticəsindən əvvəl açıqlama vermək istəmirlər. Digəri isə təxminən 7-8 metr hündürlükdə olan hasarı göstərərək tikintisinin ona 100 min manata başa gəldiyini, istinad divarından da möhkəm olduğunu söyləyir.

Milyon manatlıq villalar yavaş-yavaş söküləcək

Sürüşmənin baş verdiyi 3-cü yaşayış massivində dəyəri milyonlarla manat olan yüzlərlə villa tikilib. Sakinlər deyirlər ki, son 15-20 ildə salınan məhəllələrin heç birində kanalizasiya sistemi yoxdur. Buna görə də, hər sürüşmə baş verəndə evləri sökməklə problemi həll edə bilməyəcəklər. “Bu dəfə 11 ev sökürlər, bəs gələn dəfə sürüşmə baş verdiyində neçə villa söküləcək?”, - sakinlərdən biri Fövqəladə Hallar Nazirliyinin əməkdaşına sual verir.

Sakinlər evlərdə çat yaranmadığını desələr də, jurnalistlərin mənzilə baxmaq təklifi ilə razılaşmırlar. Aralarından biri deyir ki, villası xüsusi təlim görmüş itlərlə mühafizə olunduğundan evinə yad adam buraxmaq istəmir.

“Onsuz da köçməyəcəyik”

Villalardan birinin sahibi Fərid Axundov isə deyir ki, təxminən 5 il əvvəl sürüşmə indikindən daha aktiv olub, o zaman 7 quyu qazılıb. Şambolardakı sular ildə ən azı 200 dəfə maşınlarla daşınıb. Nasoslar işləmədiyindən qurunt sular toplanıb.

Digər sakinlər də Fəridin dediklərini təsdiqləyirlər. Nisbətən yaşlı sakin söyləyir ki, boş-boş açıqlama verməkdənsə, məhəllədə kanalizasiya xəttinin çəkilməsi məsələsini qaldırmalıdırlar: “Onsuz da heç bir qüvvə bizi evimizdən çıxara bilməz. Heç evlərin söküləcəyinə də inanmırıq”.

Sakinlərdən biri hektarlarla ərazidə tikilmiş villanı göstərir, deyir ki, villanın hasarı da sürüşmə ərazisinə düşür. Amma o villanın hasarını sökmək hünər istəyir. “Yəqin ki, hələlik o villanın hasarına toxunulmayacaq”, - quyu qazan fəhlələrdən biri də söhbətə müdaxilə edir.

Addımbaşı evlərin hasarlarına yapışdırılan kanalizasiya sularının daşınması üçün maşın elanları diqqətimizi çəkir. Villaların hər birinin həyətində artezian quyusu var, amma çirkab su maşınlarla daşınır.

Sürüşmə sahəsinə yaxın evlərin əksəriyyəti satışa çıxarılıb, arasında tikintisi yarımçıq qalanlar da var.

Sakinlərdən biri əlavə edir ki, üstəlik kompensasiyanın ödənilməyəcəyi ilə bağlı əvvəlcədən xəbərdarlıq ediblər. Bununla da, danışıqların nəticə verməyəcəyini göstəriblər. Amma sakinlər ekspertizanın nəticəsindən əvvəl qərar verməyə tələsmirlər.

Qeyd edək ki, baş nazirin müavini Hacıbala Abutalıbov evlərin söküləcəyini, sakinlərə kompensasiya ödənilməyəcəyini açıqlamışdı. Ekologiya və Təbii Sərvətlər, eləcə də Fövqəladə Hallar nazirliklərinin nümayəndələri isə ərazidədirlər, tədqiqatlarla bağlı qərargaha məlumatlar ötürülür. (Virtualaz.org)