Bələdiyyələrin “kupça”sız evlərdən əmlak vergisi alması qanunsuz imiş. Bələdiyyələrin “kupça”sız evlərdən əmlak vergisi alması qanunsuz imiş.

“Sənədsiz əmlaklar rəsmiləşməlidir ki...” - Ekspert

Bələdiyyələrin “kupça”sız evlərdən əmlak vergisi alması qanunsuz imiş.

Azərbaycanda bəzi bələdiyyələr xüsusi mülkiyyəti təsdiq edən sənədi (“kupça”) olmayan fərdi evlərin sakinlərinə müraciət edərək onlardan əmlak və torpaq vergisinin ödənilməsini tələb edirlər. Vətəndaşlara bələdiyyələr tərəfindən təqdim edilmiş tədiyyə bildirişlərində hətta bu da xüsusi qeyd edilir ki, vergini müəyyən edilmiş müddətdə ödəməsələr, Vergi Məcəlləsinə uyğun olaraq, onların ödənilməmiş vergi məbləğinə 0,1 faiz məbləğində əlavə ödəniş hesablanacaq və maliyyə sanksiyası tətbiq ediləcək. Bununla da bələdiyyələr vətəndaşları həmin vergilərin onlar tərəfindən qanunauyğun şəkildə toplanıldığına inandırmaq istəyirlər.

Lakin məlum olub ki, bələdiyyələrin vergi ödənişi ilə bağlı etdikləri bu tələb qanunauyğun deyil. Belə ki, məsələ ilə bağlı “Trend”in sorğusunu cavablandıran Vergilər Nazirliyi xüsusi mülkiyyəti təsdiq edən sənədi olmayan fərdi evlərə görə əmlak və torpaq vergisinin toplanılmasının düzgün olub-olmadığına aydınlıq gətirib. Nazirlikdən bildirilib ki, Vergi Məcəlləsinin 198.1.1-ci maddəsinə görə, fiziki şəxslər onların xüsusi mülkiyyətində olan binaların sahəsinin (yaşayış sahələrinə münasibətdə - onların 30 kvadratmetrdən artıq olan hissəsinin) hər kvadratmetrinə görə müəyyən edilmiş dərəcələr tətbiq olunmaqla, bina Bakı şəhərində yerləşdikdə, həmin dərəcələrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi 0,7-dən aşağı və 1,5-dən yuxarı olmayan əmsallar tətbiq edilməklə əmlak vergisi ödəyirlər.

Nazirlik “xüsusi mülkiyyətdə olan binalar”ın hansı binalara şamil olunduğunu da açıqlayıb.

Bildirilib ki, əgər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş mülkiyyəti təsdiq edən sənədi yoxdursa, o zaman həmin binaya əmlak vergisi hesablanmamalıdır: “Əmlak vergisi yalnız mülkiyyəti təsdiq edən sənədi olan əmlaklar üçün tətbiq edilir. Qanunvericilikdə ”kupça"sı olmayan evlərə görə əmlak vergisi nəzərdə tutulmayıb. Belə hallarla üzləşən vətəndaşlar yerli bələdiyyələrə müraciət edərək Vergi Məcəlləsinin 197.1.1 maddəsinə istinad edə bilərlər. Həmin maddəyə görə, yalnız xüsusi mülkiyyətdə olan evlər üçün əmlak vergisi hesablanır".

Nazirlikdən qeyd edilib ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 12.1-ci bəndində də “xüsusi mülkiyyət” anlayışı dəqiqləşdirilib. Qanunun həmin maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir: “Ona görə də Dövlət Reyestr Xidmətindən çıxarış olmadıqda həmin mülk xüsusi mülkiyyətdə olan əmlak sayılmır və onun üçün əmlak vergisi hesablanmır”.

Sənədi olmayan həyətyanı sahələr üçün bələdiyyələr tərəfindən torpaq vergisinin toplanılmasına gəldikdə, Vergilər Nazirliyindən bildirilib ki, qanunvericiliyə görə, fiziki şəxslərin və müəssisələrin Azərbaycan ərazisində mülkiyyətində və ya istifadəsində olan torpaq sahələri vergitutma obyekti sayılır: “Vətəndaşın evinin mülkiyyəti təsdiq edən sənədi olmaya bilər, amma həmin torpaq onun istifadəsindədirsə, torpaq vergisi ödənilməlidir. Məsələn, Sumqayıtda olan və 10 min kvadrat metrədək torpaqların hər 100 kvadrat metrinə (1 sot) görə 50 qəpik, 10 min kvadrat metrdən artıq olan torpaqların hər 100 kvadrat metrinə görə 1 manat torpaq vergisi hesablanır. Əgər torpaq 3 sotdursa, onda vətəndaş 1 manat 50 qəpik torpaq vergisi ödəməlidir”.

Qeyd edək ki, Vergilər Nazirliyinin bu açıqlaması bələdiyyələr, xüsusilə paytaxt bələdiyyələr üçün ciddi problem deməkdir. Belə ki, kəndlərdə, eləcə də Bakıdakı fərdi evlərin böyük əksəriyyətinin rəsmi qeydiyyat sənədi - “kupçası” yoxdur. Uzun illərdir Azərbaycanda bu sahədə tədbirlər görülsə də, hələ ki ciddi nəticələrin əldə olunduğunu söyləmək qeyri-mümkündür. Bələdiyyələrin isə məhdud gəlir mənbələrindən biri məhz fiziki şəxslərin əmlak vergisidir. Sənədsiz evlərdən əmlak vergisinin alınmaması bələdiyyələri çətin duruma sala bilər.

İqtisadçı-ekspert Samir Əliyevin sözlərinə görə, “Azərbaycanda əmlak vergisinin iki növü var: ”Hüquqi şəxslərdən tutulan əmlak vergisi dövlət vergisi hesab olunur. Fiziki şəxslərdən tutulan vergi isə uzun müddət yerli vergi hesab olunub. Lakin bir müddət əvvəl bu verginin bir hissəsi dövlət büdcəsinə verildi. Yəni kənd təsərrüfatına yararlı torpaqlar təyinatı üzrə istifadə olunmadığı təqdirdə ona münasibətdə ayrı vergi rejimi tətbiq olundu. Azərbaycanda tutulan əmlak vergisinin həcmi elə də böyük deyil. Düzdür, son illərdə bu sahədə artım var. Məsələn, ötən il ölkə üzrə bələdiyyə büdcəsinin 21 faizi əmlak vergisindən formalaşıb. Lakin bunu yetərli saymaq mümkün deyil".

Ekspert deyir ki, əmlak vergisi ilə bağlı problem qanunvericilikdəki boşluqla bağlıdır: “Uzun müddət Azərbaycanda əmlak vergisi sovet dövründən qalma metodologiya ilə - əmlakın balans dəyəri əsasında hesablandı. O vaxt biz İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi olaraq təkliflər hazırladıq ki, fiziki şəxslərdən tutulan əmlak vergisini bazası təkmilləşdirilsin. Hökumətə təklif etdik ki, ya vergi əmlakın bazar dəyəri əsasında, ya da sahəsinə görə hesablansın. Hökumət bu variantlardan birini - əmlakın sahəsinə görə vergi tutulmasını seçdi. Gözlənilirdi ki, bu dəyişiklik bələdiyyələrin gəlirlərini xeyli artıracaq. Lakin belə olmadı”.

Ekspertin sözlərinə görə, problem Azərbaycanda daşınmaz əmlakın qeydiyyatı ilə bağlıdır: “Bu sahədəki problemlər əmlak vergisinin toplanmasına mane olur. Fiziki şəxslərin torpaq vergisi fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan torpaq sahəsinə görə tutulur. Vergi Məcəlləsinin 197-ci maddəsində isə göstərilir ki, rezident və ya qeyri-rezident şəxslərin əmlak vergisi onların xüsusi mülkiyyətində olan yaşayış sahəsindən ödənilir. Xüsusi mülkiyyət sayılması üçün daşınmaz əmlakın reyestrdə qeydiyyatı və çıxarışı olmalıdır. Azərbaycanda, xüsusilə Bakı şəhərində bu çıxarışı almaq çoxsaylı səbəblər üzündən illərdir ağır problemə çevrilib. Bu problem isə digər problemə səbəb olur - bələdiyyələr öz ərazilərində faktiki mövcud olan əmlaka görə vergi toplaya bilmirlər”.

S.Əliyev hesab edir ki, problemi həll etmək üçün bir variant Vergi Məcəlləsinə dəyişiklik edilməsidir: “Fiziki şəxslərin əmlak vergisi də onların mülkiyyətində və ya istifadəsində olan əmlaka görə hesablanmalıdır. Bu, reyestrdən çıxarışı olmayan daşınmaz əmlakdan da vergi toplanmasına imkan verər. Nəzərə almaq lazımdır ki, kəndlərdə də evlərin böyük əksəriyyətinin çıxarışı yoxdur. Digər variant isə budur ki, bütün sənədsiz evlər sənədləşdirilsin. Düzdür, bu, uzun və ağır yoldur, amma ən düzgün olanı budur. İnsanların əmlakı rəsmiləşməlidir ki, onunla bağlı əməliyyatları yerinə yetirə bilsinlər”.

© AzNews.az