- İşin içi
- 18 Oktyabr 2018 15:53
- 2 996
İki sığorta şirkətinin lisenziyası ləğv edildi
Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə Heyətinin qərarı ilə 2 sığorta şirkətinin və 13 nəfər sığorta agentinin lisenziyaları ləğv edilib.
8 nəfərə isə yeni lisenziyalar verilib.
AzNews.az-ın Palataya istinadən verdiyi xəbərə görə, təkrarsığorta və sığorta agenti fəaliyyətinə verilmiş lisenziyanın könüllü qaydada ləğv edilməsi barədə daxil olan müraciətlər əsasında “İpək Yolu Sığorta” ASC və “Azərbaycan Sənaye Sığorta” ASC-nin və 5 nəfər sığorta agentinə verilmiş lisenziyalar ləğv edilib.
Maliyyə Bazarlarına Nəzarət Palatasının müvafiq qərarı ilə fəaliyyəti barədə rüblük hesabatları təqdim etməyən şəxslərin sığorta agenti fəaliyyətinə verilmiş lisenziyaları 3 (üç) ay müddətinə dayandırılmışdı. Həmin tarixdən etibarən lisenziyanın qüvvəsinin dayandırılmasına əsas verən halların aradan qaldırılmaması ilə əlaqədar 8 nəfər fiziki şəxsin sığorta agenti fəaliyyətinə verilmiş lisenziyaları ləğv edilib.
Palatanın İdarə Heyətinin eyni qərarı ilə attestasiyadan müvəffəqiyyətlə keçən 8 nəfər sığorta agentinə lisenziyalar verilib.