"Ucuz lirə Türkiyə bazarına Azərbaycan məhsullarını milli valyuta ifadəsində bahalaşdıracaq" "Ucuz lirə Türkiyə bazarına Azərbaycan məhsullarını milli valyuta ifadəsində bahalaşdıracaq"

Türkiyə iqtisadiyyatının zəifləməsi bizim üçün məqbul hesab olunmur - Vüqar Bayramov

"Ucuz lirə Türkiyə bazarına Azərbaycan məhsullarını milli valyuta ifadəsində bahalaşdıracaq"

“ABŞ-ın Türkiyəyə qarşı sanksiya planı qonşu ölkənin iqtisadiyyatına təsirsiz ötüşmür. Son bir həftədə lirə 4 faiz dəyər itirib”.

AzNews.az xəbər verir ki, bunu iqtisadçı-ekspert Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, ötən həftə 1 dollar almaq üçün 5.7 lirə ödəmək lazım idisə, indi bu rəqəm 5.9 lirəyədək geriləyib:

“Aydındır ki, Ağ Ev sanksiyaları gücləndirəcəyi halda, bu, Türkiyə iqtisadiyyatına yalnız məzənnə deyil, digər formalarda da neqativ təsir göstərəcək. Xüsusən də, Türkiyə iqtisadiyyatına yönəldilən birbaşa xarici investisiyaların həcmində azalmalar ola bilər. Türkiyə Azərbaycan üçün yalnız strateji baxımdan deyil, həmçinin iqtisadi aspektdən də vacib tərəfdaşdır. Azərbaycan son illər Türkiyə iqtisadiyyatına 15 milyard dollardan çox sərmayə yönəldib. Türkiyə Azərbaycanın qeyri-neft ixracatında ikinci əsas tərəfdaşdır. Qeyri-neft məhsullarımızın 1/3-i Türkiyənin payına düşür. Bu baxımdan, lirənin dəyərsizləşməsi fonunda Azərbaycanın Türkiyəyə ixracatında azalmalar müşahidə edilə bilər. Doğrudur, hələlik ciddi azalmalar proqnozlaşdırılmasa da, ucuz lirə Türkiyə bazarına Azərbaycan məhsullarını milli valyuta ifadəsində bahalaşdıracaq”.

Vüqar Bayramov qeyd edib ki, Türkiyə iqtisadiyyatının zəifləməsi bizim üçün məqbul hesab olunmur: “Bütövlükdə, sanksiyaların genişlənəcəyi halda isə lirənin 6 bəndlik psixoloji həddi aşacağı gözlənilir”.

Bahar RÜSTƏMLİ

AzNews.az