Vüqar Bayramov: 22 ildir danışıqlar gedir, amma nəticə yoxdur Vüqar Bayramov: 22 ildir danışıqlar gedir, amma nəticə yoxdur

Azərbaycan Ümumdünya Ticarət Təşkilatına üzv olmalıdır - Ekspert

Vüqar Bayramov: 22 ildir danışıqlar gedir, amma nəticə yoxdur

“Yeni struktur üçün mühim addımlardan biri də məhz Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzvlüyünün tezləşdirilməsi olmalıdır”.

AzNews.az xəbər verir ki, bunu iqtisadçı-ekspert Vüqar Bayramov iqtisadiyyat sahəsi ilə bağlı islahatlardan danışarkən deyib.

O, qeyd edib ki, Azərbaycan bu təşkilatla 1997-ci ildən danışıqlar aparır:

“22 ildir danışıqlar gedir, amma nəticə yoxdur. Dəfələrlə ÜTT üzvlüyünün vacibliyini qeyd etmişik və ekonometrik qiymətləndirmə əsasında hökumətə təkliflər göndərmişik. Təəssüf ki, üzvlük istiqamətində real addımlar atılmayıb. Azərbaycan ÜTT-ə üzv olmasa, qeyri-neft məhsullarımızın yeni bazarlara kütləvi çıxışı və eləcə də neftdən kənar sektora böyük məbləğdə sərmayə cəlb etmək də çətin olacaq. ÜTT şəffaflıq və azad rəqabət deməkdir. Aqrar və xidmət sektoruna neqativ təsirləri ilə bağlı deyilənlər isə sadəcə prosesi uzatmaq məqsədi daşıyırdı. Bu məsələlərə CESD dəfələrlə izahatlar gətirdiyindən yenidən detal müzakirə açmaq istəməzdik. 19 ildir bu təşkilata üzv olan Gürcüstanda bəyəm aqrar və bank sektoru məhv oldumu? Əksinə, Azərbaycan Gürcüstandan kənd təsərrüfatı məhsulları idxal edir və vətəndaşlarımızın bir hissəsi özlərinə Tbilisidə bank hesabı açıblar. Buna görə də, yeni təyinatlardan sonra bu məsələdə də yeni yanaşma nümayiş etdirilməsi çox vacibdir. MDB-də yalnız üç ölkə ÜTT-ə üzv deyil: Azərbaycan, Belarus və Türkmənistan. Bu siyahını tərk etməyin zamanı deyilmi?".

Bahar RÜSTƏMLİ

AzNews.az