Maliyyə xidmətlərinin inkişafı üçün 5 əsas hədəf

Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi açıqlanıb.


APA-nın məlumatına görə, sənədə əsasən, Azərbaycan maliyyə xidmətlərinin inkişafı üçün 5 strateji hədəf və 16 prioritet hazırlanıb.

Strateji hədəf 1. Dinamik və sağlam institutlardan ibarət maliyyə sisteminin formalaşdırılması 2015-ci ildən etibarən xarici iqtisadi şoklar və milli valyutanın devalvasiyası şəraitində maliyyə sisteminin risk həssaslığı artmış və maliyyə göstəriciləri pisləşmişdir. Artan risklər fonunda bəzi maliyyə institutlarının dayanıqlı və uzunmüddətli hədəflərə fokuslanmış biznes modeli və strategiyasının olmaması, habelə bəsit risk idarəetməsi maliyyə sisteminin yeni iqtisadi konyunktura və bazar şərtlərinə uyğunlaşmasını çətinləşdirmiş və maliyyə vasitəçiliyini məhdudlaşdırmışdır. Yeni çağırışların həlli istiqamətində bankların restrukturizasiyası və kapitallaşması, aktivlərin sağlamlaşdırılması, sığorta bazarının inkişafı, maliyyə inklüzivliyinin gücləndirilməsi istiqamətində tədbirləri əks etdirən strateji hədəflər müəyyən edilmişdir.

Strateji hədəf 2. Maliyyə bazarlarının inkişafı Maliyyə bazarlarında investor və emitentlərin aktivliyi məhduddur. Potensial investorların və emitentlərin kapital bazarı və maliyyə alətləri haqqında məlumatlarının az olması, informasiya asimmetriyası və ənənəvi təksahiblik düşüncə tərzi kimi amillər qiymətli kağızlar bazarının inkişafını məhdudlaşdırır, iqtisadiyyatda maliyyə resurslarının qeyri-səmərəli bölüşdürülməsinə səbəb olur. Məhdudlaşdırıcı amillərin aradan qaldırılması məqsədilə kapital və pul bazarının inkişafı, bazar iştirakçıları üçün əlverişli mühitin yaradılması istiqamətində strateji hədəflər müəyyən edilib.

Strateji hədəf 3. İnfrastrukturun gücləndirilməsi Kreditorların hüquqlarının müdafiəsi və öhdəliklərin yerinə yetirilməsi üzrə məhkəmə sistemi və icra mexanizmləri, habelə kredit məlumatlarının mübadiləsi infrastrukturu maliyyə sisteminin yeni çağırışlara effektiv uyğunlaşmasını dəstəkləmir. İnfrastrukturun təkmilləşdirilməsi məqsədilə kredit məlumatlarının mübadiləsi sisteminin inkişafı, kreditorların hüquqlarının müdafiəsi üzrə işlək mexanizmlərin yaradılması, məhkəmə qərarlarının standartlaşdırılması və icra intizamının yaxşılaşdırılmasına yönəlmiş strateji hədəflər müəyyən edilib.

Strateji hədəf 4. Tənzimləmə və nəzarət mexanizminin təkmilləşdirilməsi Mövcud iqtisadi mühitdə maliyyə institutlarının risklərə həssaslığının artması və yeni risk zonalarının yaranması sektorda risklərin idarə edilməsi təcrübələrinin təkmilləşdirilməsini zəruri etmişdir. Maliyyə institutlarında sağlam risk idarəetməsi proseslərini və rəqəmsal transformasiyanı təşviq edən yeni tənzimləmə və nəzarət arxitekturasının formalaşdırılması üzrə strateji hədəflər müəyyən edilib.

Strateji hədəf 5. Maliyyə savadlılığının yüksəldilməsi Maliyyə sistemində çalışanların bilik və bacarıqlarının keyfiyyətcə yeni müstəviyə qalxması, habelə maliyyə xidmətləri istehlakçılarının maliyyə savadlılığının artırılması sağlam, etibarlı, dayanıqlı və effektiv maliyyə sisteminin formalaşdırılmasını dəstəkləyə bilər. Buna nail olmaq məqsədilə maliyyə sistemi mütəxəssislərinin ixtisaslaşmasının dərinləşməsi və maliyyə savadlılığının artırılmasına yönəlmiş strateji hədəflər müəyyən edilib.

Strateji Yol Xəritəsi qlobal iqtisadiyyat və maliyyə bazarlarında müşahidə edilən proseslərə çevik adaptasiya və postneft iqtisadi inkişaf modelinin dəstəklənməsi üçün maliyyə sektoru qarşısında duran yeni çağırışlar və imkanlar nəzərə alınmaqla hazırlanıb. Strateji Yol Xəritəsi qısa, orta və uzunmüddətli dövrləri əhatə etməklə, 2020-ci ilədək strateji baxış və tədbirlər planı, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxış və 2025-ci ildən sonrakı dövr üçün hədəf baxışdan ibarətdir.