Neft Şirkətinə 58 milyon dollar kredit ayrılıb

Qara Dəniz Ticarət və İnkişaf Bankı Azərbaycana irihəcmli kredit verir


Qara Dəniz Ticarət və İnkişaf Bankı (QDTİB) Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (ARDNŞ) kredit ayıracaq. "APA-Economics"in məlumatına görə, bunu QDTİB-in prezidenti Andrey Kondakov bildirib.

Onun sözlərinə görə, QDTİB ARDNŞ-la ARDNŞ-in Türkiyədə "STAR" neft emalı zavodunun tikintisinə 58 milyon ABŞ dolları məbləğində kredit ayıracaq: "Bankın Direktorlar Şurası sözügedən kreditin ayrılmasını artıq təsdiqləyib və kredit bu ilin sonunadək ayrılacağı gözlənilir. Onu da əlavə edim ki, bu kredit QDTİB-in tarixində ayırılacaq ən irihəcmli kreditdir".

A.Kondakov onu da əlavə edib ki, kredit 18 ilədək ayrılacaq, halbuki, Bank bundan öncə kreditləri maksimal olaraq 10 ilədək ayırıb.

Xatırladaq ki, ARDNŞ-in Türkiyədə "STAR" neft emalı zavodunun tikintisi layihəsi 5,1 milyard dollar məbləğində qiymətləndirilir.

1996-cı ildə təsis edilən QDTİB 1999-cu il iyunun 1-də fəaliyyətə başlayıb. Azərbaycan 2002-ci ildən bu Bankın üzvüdür. QDTİB regional əməkdaşlığın inkişafı prinsiplərini dəstəkləyərək üzv ölkələrdə layihələrin maliyyələşdirilməsi və səhmdar kapitalda iştirakla bağlı layihələr həyata keçirir. Beynəlxalq maliyyə institutu olan QDTİB-in səhmdarları rolunda 11 ölkə (Azərbaycan, Türkiyə, Albaniya, Ukrayna, Gürcüstan, Bolqarıstan, Moldova, Rumıniya, Rusiya, Yunanıstan və Ermənistan) çıxış edir. Azərbaycan QDTİB-də 5% paya malikdir.

AzNews.az