Rusiyanın Federal Tarif Şurası Bakı-Novorossiysk kəməri ilə neft nəqlinin tariflərini kəskin artırır Rusiyanın Federal Tarif Şurası Bakı-Novorossiysk kəməri ilə neft nəqlinin tariflərini kəskin artırır

Rusiya SOCAR üçün tarifləri kəskin artırır - 31 faiz

Rusiyanın Federal Tarif Şurası Bakı-Novorossiysk kəməri ilə neft nəqlinin tariflərini kəskin artırır


Virtualaz.org saytı şuranın rəsmi saytına istinadən xəbər verir ki, kəmərlə 1 ton neftin nəqlinə görə tarif 149,95 rubl (31 faiz) artırılacaq və ƏDV xaric 634,54 rubl (bu günə olan kursla təxminən 11 dollar) təşkil edəcək.

Bu tarif Azərbaycan-Rusiya sərhədindən Novorossiysk limanına qədər qüvvədədir. Yanvarın 1-dən bu yana Azərbaycan neftinin şimal marşrutu ilə nəqli üçün tranzit haqqı 489,59 rubl təşkil edirdi.

Azərbaycan Bakı-Novorossiysk kəməri ilə 1997-ci ildən bu yana neft nəql edir. 2014-cü ildə SOCAR Novorossiysk limanından 932 min 155 ton neft yola salıb. Bu ilin yanvar-fevral aylarında isə şirkət kəmərlə 254 min 314 ton neft nəql edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 49,9 faiz çoxdur.

Azərbaycan neftinin Bakı-Novorossiysk kəməri ilə nəqli həmişə problemli və mübahisəli olub. Rusiyanın magistral neft kəmərlərinin operatoru "Transneft" şirkəti ilə bağlanmış müqaviləyə əsasən Azərbaycan bu kəmərlə ildə 5 milyon ton neft nəql etməli idi. Lakin Bakı-Novorossiysk kəməri ilə nəql edilən Azərbaycan neftinin həcmi heç vaxt bu həcmə çatmayıb. 2013-cü ilin mayında isə Rusiya hökuməti Bakı-Novorossiysk kəməri ilə neft nəqlinə dair bağlanmış müqaviləni ləğv etmək haqda qərar vermişdi.

SOCAR isə bəyan edirdi ki, Bakı-Novorossiysk kəməri ilə neft nəqlindən imtina edir. Çünki SOCAR-ın hasil etdiyi neft bütünlüklə emala yönəldiləcək. Şirkət bunu ölkə daxilində neft məhsullarına tələbatın artması ilə izah edirdi. 2014-cü ilin əvvəllərində - müqavilənin müddətinin başa çatmasına az qalmış "Transneft" şirkəti kəmərin Dağıstanın Azərbaycanla sərhədindən başlayan hissəsini sökməyə hazırlaşırdı ki, vəziyyət qəfildən dəyişdi.

SOCAR-la "Transneft" gözlənilmədən anlaşma əldə etdiklərini və kəmərlə neft nəqlini uzatmağa qərar verdiklərini açıqladılar. Beləliklə, Azərbaycan neftinin Bakı-Novorossiysk kəməri ilə nəqli davam etdi, ancaq yeni müqavilənin şərtləri dəqiq bəlli deyildi. Həmçinin tranzit tarifləri və illik neft nəqli həcmi açıqlanmırdı.