Unibank manatdan imtina etdi - Bank özbaşınalığı...

Unibank kredit kartlarını dollarla verməyə başlayıb. AzNews.az xəbər verir ki, bu barədə sosial şəbəkə istifadəçiləri yazıb. Onlar ölkədaxili alış-verişin manatla aparıldığı halda, kredit kartlarının dollarla verilməsinə etiraz ediblər.

Məsələ ilə əlaqədar Unibankla əlaqə saxladıq. Bank kredit kartlarının dollarla verilməsi ilə bağlı faktı təsdiqlədi. Bankdan verilən məlumata görə, artıq 1 aya yaxındır ki, kredit kartlarının hamısı dollarla verilir.

Bəs, kredit kartının dollarla verilməsi düzgündürmü?

İqtisadçı-ekspert Rəşad Həsənov bankların bununla özlərini manatın növbəti devalvasiyasından siğortaladıqlarını və burada heç bir qanun pozuntusunun olmadığını deyir:
"Unibankın kredit kartları həm də pulu nağdlaşdırmağa imkan verir. Lakin konkret olaraq alqı-satqıdan söhbət gedirsə, Azərbaycan daxilində alqı-satqı yalnız manatla həyata keçirilə bilər. Amma bu məsələdə qanunvericilikdə də problemlər var.
Digər məsələ ondan ibarətdir ki, əgər Mərkəzi Bank fevral ayının sonuna kimi xarici valyutada verilən kreditlərin həcminə limitlər tətbiq edirdisə, ötən aydan etibarən bu limitlər aradan qaldırıldı. Bu isə banklara sözügedən istiqamətdə kreditləşmə siyasətini həyata keçirməyə imkan yaradır.

Bu vətəndaş üçün təbii ki, problem yaradır və dollar bahalaşacağı təqdirdə vətəndaşların ziyanına olur. Amma bank prizmasından yanaşanda burada heç bir hüquq pozuntusu yoxdur. Banklar bununla öz gələcək fəaliyyətlərini siğortalayırlar".

Vəkil Əkrəm Həsənov isə xarici valyuta ilə kreditin verilməsinin qanunla qadağan olunduğunu deyir:

"Ümumən xarici valyutada kreditin verilməsi Konstitusiyanın 19-cu maddəsinin III hissəsinə və Mülki Məcəllənin 439.1-ci maddəsinə ziddir. Buna görə də hansısa bankın manatla kredit verməkdən imtina etməsi ümumən kredit verməkdən imtina etmək deməkdir. Kredit verməyən bank isə bank deyil. Onda fəaliyyəti də dayandırılmalıdır".


Nigar