Azərbaycandan elektrik enerjisinin mümkün ixrac istiqamətləri açıqlandı

Azərbaycan gələcəkdə 3 müxtəlif istiqamət üzrə elektrik enerjisini ixrac edə biləcək.



Bunu Trend-ə Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin (ABEMDA) direktor müavini Cəmil Məlikov deyib.

Onun sözlərinə görə, Xəzər akvatoriyasında küləyin böyük potensialından istifadə edilməsi Azərbaycana gələcəkdə elektrik enerjisinin iri ixracatçısına çevrilməyə imkan verəcək: "Buna doğru ilk addım Xəzər akvatoriyasında estakadalara əsaslanan külək elektrik stansiyalarının tikintisi olacaq. Gələcəkdə Azərbaycan bu elektrik enerjisini ixrac edə biləcək".

Mümkün ixracın istiqamətlərinə gəlincə, C.Məlikov qeyd edib ki, Azərbaycanın İran, Rusiya və Gürcüstan vasitəsilə yaxşı ixrac elektrikötürücü xətləri var: "Bu, elektrikötürücü xətlərlə istənilən istiqamətdə elektrik enerjisini ixrac edə bilərik. Məsələn, İran vasitəsilə onu Əfqanıstan, Pakistan, İraq, Suriyaya, Gürcüstan vasitəsilə Türkiyəyə, oradan isə Avropaya satmaq olar. Həmçinin, Rusiya vasitəsilə MDB ölkələrinə ixrac etmək mümkündür. Bundan başqa, Rusiyanın özü çox cəlbedici bazardır".