“Biz elə bir dövrə çatmışıq ki, indi hər bir ölkə vətəndaşı dövlət maraqlarınn müdafiəsində dayanmalıdır” “Biz elə bir dövrə çatmışıq ki, indi hər bir ölkə vətəndaşı dövlət maraqlarınn müdafiəsində dayanmalıdır”

“Bu təzyiqlərin hədəfində müstəqilliyimiz və dövlətimizdir” - Fikrət Yusifov

“Biz elə bir dövrə çatmışıq ki, indi hər bir ölkə vətəndaşı dövlət maraqlarınn müdafiəsində dayanmalıdır”

"Azərbaycan gənc dövlət olaraq böyük "dostlarının" ikili standartlara söykənən yanaşmasıından, bir qədər də açıq desək, ikiüzlü siyasətindən əziyyət çəkir. Biz uzun illərdir ki, xüsusən Qarabağ probleminə yanaşmada bu ikiüzlü siyasətin şahidi oluruq. Bu gün isə Azərbaycanın özü hədəfə alınıb".

Bunu AzNews.az-a "Ekonomiks" Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, iqtisad elmləri doktoru, professor Fikrət Yusifov anti-Azərbaycan kampaniyalarına münasibət bildirərkən deyib. Onun sözlərinə görə, bir tərəfdən Azərbaycanı terrorizmə qarşı mübarizədə özünün yaxın tərəfdaşı elan edən, ölkədə keçirilmiş bütün seçkilərin nəticəsini "Demokratiyaya doğru addım" kimi qiymətləndirən, bu vaxta qədər imzalanmış əfv sərəncamlarına, "Salamlayırıq", "Düzgün istiqamətdə atılmış addımdır" deyə reaksiya verən "dostlar" bu gün tamam fərqli bir ovqata köklənərək ənənəvi münasibətlərə uzaq olan davranış nümunələri sərgiləyirlər: "Tam əminliklə deyə bilərik ki, Azərbaycanın qısa müddət ərzində özünün müstəqil siyəsətini möhkəmləndirəcək resurslara sahiblənəcəyini dünya gücləri də gözləmirdi. Bugünkü reallıqlar hərtərəfli şəkildə üzə çıxdıqca, ölkələri təsir altında saxlamağa adət etmiş qüvvələr bərk narahatlıq keçirirlər. Yanılmıramsa Lev Tolstoyun fikridir. Deyir əgər kimsə səni pis adam hesab edirsə, deməli, sən ona aşırı yaxşılıqlar etmisən. İndi biz də məhz bu vəziyyətdəyik. İstər benəlxalq terrorizmlə mübarizədə, istər dünyanın enerji təhlükəsizliyinin təmin olunması sahəsində Azərbaycanı özünün yaxın tərəfdaşı elan edən, siyasi, iqtisadi və humanitar sahədə onunla əməkdaşlığa maraq göstərən bir ölkənin, konkret olaraq Amerika Birləşmiş Ştatlarının ayrı-ayrı siyasi dairələri bilavasitə dövlətimizə qarş yönəlmiş gizli siyasi oyunlar qururlarsa, təbii ki, bu, bizim təəssüfümüzü doğurur. Sual olunur: Nə baş verdi ki, bu gün Azərbaycana qarşı kampaniyalar təşkil olunur, əsassız ittihamlar səsləndirilir? Əslində dəyişən çox şey var. Azərbaycan dünyanın siyasət meydanında öz mövqelərini daha da möhkəmləndirib, iqtisadi inkişaf yolunda kifayət qədər ciddi nəticələr əldə edib, kənar təsirlər altına düşmədən daha inamlı müstəqil siyasət aparır, daxili problemlərini mərhələli şəkildə həll edir, həm sosial-iqtisadi, həm də ictimai-siyasi müstəvidə başqa ölkələrin də yararlana biləcəyi müsbət fəaliyyət mexanizmləri tətbiq edir. Bunların nəticəsində isə ölkədə bütün sahələr üzrə nəzərəçarpacaq irəliləyişlər əldə olunub. ABŞ-ın 250 ilə yaxın müstəqillik tarixi var. Oturuşmuş qüdrətli bir dövlətdir ki, bu gün 40-50 ildən sonra dünya düzəninin necə olacağını müəyyənləşdirir. Lakin buna baxmayaraq bu ölkənin də daxilində olduqca ciddi problemlər var. Məsələn, ABŞ hazırda orta sinifin getdikcə sıradan çıxması kimi problemlərlə üz-üzədir. Bunu ölkənin rəsmi şəxsləri də etiraf edir, mətbuatda açıq şəkildə göstərir. Ən əsas problem isə irqçilikdir ki, ölkənin birinci şəxsinin kimliyindən və milli mənsubiyyətindən asılı olmayaraq, ABŞ-da insanlara hələ də dərilərinin rənginə görə qiymət verilir. Başqa ölkələri insan haqlarını pozmaqda ittiham edənlər nədənsə ötən il polis tərəfindən öldürülmüş qaradərili Maykl Braun, Erik Qarner, Akai Qurley və Tamir Raysı insan saymadılar, onların haqqını tanımaq, hüquqlarını qorumaq istəmədilər. Ötən ilin sonlarında Nyu York, Kentucky, Kaliforniya, Massaçusetts, Missuri, İllionis və Kolorado ştatlarında keçirilən irqçilik əleyhinə etiraz aksiyalarının zorakılıqla dağıdıldığını kim unudub ki? Üç əsrə yaxın dövlətçilik tarixi olan ABŞ bu problemi hələ də ardan qaldıra bilmirsə, onda hansı haqla başqa ölkələrdə daxili sabitliyi pozmağa yönələn cəhdlərin qarşısı alınarkən bəyanatı bəyanata calayır? Biz çoxsaylı faktlar sadalaya bilərik ki, Amerikanın başqa ölkələrə qarşı qeyri-səmimi davrandığı, daxili siyasətindəki gözlə görünən elementlərinin demokratiyadan uzaq olduğu hər kəsə bir daha aydın olsun. Azərbaycanda isə milli kimlik məsələsi heç vaxt problem olmayıb. Sülhə, əminamanlığa, dostluğa çağıran siyasətə üstünlük verən Azərbaycan multikultral dəyərlərə söykənən və tolerantlığın tam mənada möhkəmləndiyi bir ölkəyə çevrilib. Bu gün dünyanın dörd bir yanında milli, dini, irqi zəmində baş verən qanlı toqquşmalar, münaqişələr fonunda Azərbaycan bütün bunların əksini özündə təcəssüm etdirən parlaq bir dövlətçilik nümunəsilə fərqlənir. Bax, qarşılaşdığımız ikiüzlü siyasətin səbəbi də elə sadaladığımız amillərdir".

F.Yusifov qeyd edib ki, Azərbaycan kiminsə əlinin altında vasitəyə, oyuncaq ölkəyə çevrilmək istəmir, başqaları arasında yaranan münaqişələrdə, kimlərinsə nüfuz savaşında da tərəf nümayiş etdirmək niyyətində deyi: "Bu da balaca bir ölkə üçün xarakterik hesab olunmadığından bu gün Azərbaycana qarşı qarayaxma kampaniyaları təşkil olunur, mövqelərimizi zəiflətməyə hesablanmış addımlar atılır. Bəli, hədəfdə dövlətimizdir və deməli belə bir məqamda hər bir azərbaycanlı əsl vətəndaşa çevrilməlidir. Kimsə ağlının ucundan da keçirməməlidir ki, bu təzyiqlər, təhdidlər və təxribat xarakterli əməliyyatlar Azərbaycanın mövcud hakimiyyətinə qarşı yönəlib. Qətiyyən belə deyil. Kifayət qədər əlverişli coğrafi ərazidə yerləşən, təbii resurslarla zəngin balaca bir ölkənin tamamilə müstəqil siyasət yürütməsi, bununla paralel dayanıqlı iqtisadi sistem formalaşdırması və müasir silahlarla təchiz olunmuş bir orduya sahiblənməsi heç bir halda dünya güclərinin marağına cavab vermir. Analiz edirlər, hesablayırlar ki, bu gedişatla Azərbaycan işğaldakı torpaqlarını azad edib daha möhkəm mövqelər eldə edəcək. Bu isə Azərbaycana imkan yaradacaq ki, Ermənistan üzərində tam üstünlüyünü təmin etsin və hazırda ermənilərin ərazisi hesab olan tarixi Azərbaycan torpaqarının da geri qaytarılması məsələsini beynəlxalq təşkilatların gündəminə gətirsin. Azərbaycan prezidentinin bu barədə bəyanatlarının təsadüfi səsləndirilmədiyini dəqiq bilirlər. Dövlət gücləndikcə, zənginləşdikcə onun kənar təsirlərə qarşı müqavimət gücü artır, iddiaları genişlənir və tarix boyu itirdikləri nə varsa hamısını geri qaytarmağa çalışır. Bu baxımdan anti-Azərbaycan kampaniyaların arxasında həm də Qərbdəki erməni dairələrinin dayandığı barədə iddiaları əsassız hesab etmək olmaz. Təzyiqlərin başqa bir səbəbi isə regionda reallaşdırılan və Azərbaycanın da əsas oyunçularından olduğu nəhəng qaz ixracı layihələridir. Toqquşan iqtisadi maraqlar fonunda Azərbaycanın tutduğu mövqedən çəkindirmək istəyənlər hər vasitəyə əl atır, dövlətin iqtisadi siyasətinə təsir göstərməyə çalışırlar".

F.Yusifov Azərbaycanda daxili gərginlik yaratmaq, müxtəlif təxribatlar törətmək məqsədilə kifayət qədər böyük pullar xərcləndiyinə diqqət yönəldərək, bu vaxta qədər "Demokratiyaya dəstək" adı altında dövlətə qarşı yönəlmiş çoxsaylı layihələrin maliyyələşdirildiyini vurğulayıb: "Təəssüf ki, elələri də tapılıb ki, öz ölkəsinin maraqlarını qrant layihələrinə, müxtəlif ianələrə qurban verməkdən belə çəkinməyiblər. Lakin onların ziyanlı və bilavasitə dövlətə xəyanət xarakterində olan fəaliyyəti Azərbaycanın təhlükəsizlik qurumları tərəfindən müəyyən edilib və ölkəmizə qarşı qurulmuş müxtəlif səpkili planlar tamamilə ifşa olunaraq müvafiq hüquqi tədbirlər görülüb. Lakin Azərbaycanın müstəqil siyasət kursunu getdikcə möhkəmləndirməsi faktına əsaslandıqda deyə bilərik ki, ölkəmizə qarşı yönəlmiş təzyiqlər getdikcə daha da arta və yeni-yeni planlar hazırlana bilər. Bir tərəfdən Dağlıq Qarabağ probleminə qarşı dünyanın tutduğu ədalətsiz mövqeyə, bir tərəfdən də xaricdən maliyyələşdirilən və bilavasitə daxili sabitliyi pozmağa hesablanan addımlara qarşı mübarizə aparmalı olan Azərbaycan dövlətinin hansı mürəkkəb situasiya ilə üzləşdiyini görməmək mümkün deyil. Belə vəziyyətdə isə bizim hər birimizdən gerçək vətəndaşlıq mövqeyi tələb olunur. Biz müstəqiliyyimizi ona görə bərpa etməmişik ki, hansısa ölkənin iqtisadi və siyasi maraqlarına görə ondan imtina edək. Biz bayrağımızı ona görə ucaltmamışıq ki, başqa ölkələrin bayrağının altına sığınmaq istəyənlərin əməllərinə göz yumub onların dağıdıcı fəaliyyətinin daha da genişlənməsinə şərait yaradaq. Bu adamların hamısı xaricdən xüsusi təlimat alaraq öz dövlətinə xidmət edən, onun maraqlarını heç nəyə dəyişməyən vətəndaşları, ictimai və siyasi fəalları "satqın" adlandırır, amma özləri başqa ölkələrin hətta xüsusi xidmət orqanları ilə belə əməkdaşlıq edir, müəyyən məbləq müqabilində casusluq fəaliyyəti göstərirlər. Belələri təkcə Avropa ölkələrində yaşamaq həvəsilə istənilən dövlət sirrini düşmənə də verməyə hazırdı. İndi biz soruşuruq: Kimdir satqın?"

F.Yusifovun fikrincə bayrağımızın, dövlətimizin ətrafında birləşmək ehtiyacının yarandığı bir dövrdəyik və indi hər bir ölkə vətəndaşı dövlət maraqlarınn müdafiəsində dayanmalıdır: "Ölkə Prezidenti cənab İlham Əliyevin də son bəyanatlarında vurğuladığı kimi, biz öz probemlərimizi özümüz həll etməli, yaranmış və yarana biləcək təhlükələri özümüz dəf etməliyik. Bunun üçünsə ölkənin bütün demokratik təsisatları bir araya gəlməli və bir yumruğa çevrilib başqa ölkələrdən istiqamət alan təhdid və təzyiqlərə qarşı mübarizə aparmalıdırlar. Vətəndaş Cəmiyyətinin təmsilçilərindən indi heç vaxt olmadığı qədər fəallıq tələb olunur və sevindirici haldır ki, biz bunu "I Avropa Oyunlarına Dəstək" Koalisiyasının yaranmasında və inkişaf etməsində görə bilirik. Qarşıdakı oyunlar Azərbaycanın siyasi və iqtisadi perspektivləri baxımından olduqca böyük əhəmiyyətə malikdir. Bu böyük tədbirin Azərbayacana verəcəyi dividentləri dəqiq hesablayanlar təsadüfi deyil ki, məhz bu ərəfədə təzyiqlərini bir qədər də artırıblar. Bu baxımdan, Vətəndaş Cəmiyyətini formalaşdıran tərəflərin bir araya gələrək bir koalisiyada birləşdirilməsi ideyası alqışa layiqdir. Vətəndaş Cəmiyyətinin bir üzvü kimi bu təşkilatlanmanın ideoloqlarına minnətdarlığımızı bildiririk. Hesab edirik ki, bu Koalisiya Azərbaycanın haqq sözünün bütün dünyaya çatdırılmasında çox böyük rola malik olacaq. Özü də təkcə indi yox, I Avropa Oyunlarından sonra da bu Koalisiya fəaliyyətini gücləndirməli və dövlətimizin, onun maraqlarının keşiyində dayanmalıdır. Eyni zamanda, Kütləvi İnformasiya Vasitələrimiz məsuliyyəti bir qədər də artırıb mənşəyi bəlli olmayan informasiyalardan qaçmalı və dövlətimizin maraqlarına xələl yetirən məlumatları müəyyən etməyi bacarmalıdırlar. Bu gün Azərbaycan təkcə Ermənistanın deyil, ayrı-ayrı ölkələrin müxtəlif maraqlarına söykənən təxribatları ilə qarşılaşır. Bu sırada siyasi dairələr də var, dini cərəyanlar da. Ölkə mətbuatı ayıq-sayıq olmalı, cəmiyyətimizə ziyanlı informasiyaların ötürülməsinə səy göstərənlərə heç bir şans verməməlidir".