“30 müştəri Beynəlxalq Bankın kredit portfelinin 41%-nə sahibdir”. “30 müştəri Beynəlxalq Bankın kredit portfelinin 41%-nə sahibdir”.

“Kreditlərin verilməsində Mərkəzi Bankın da məsuliyyəti var” - Ekspert

“30 müştəri Beynəlxalq Bankın kredit portfelinin 41%-nə sahibdir”.


AzNews.az xəbər verir ki, bunu iqtisadçı ekspert Rövşən Ağayev deyib. Onun fikrincə, Beynəlxalq Banka kredit borcu olan sahibkarlıq subyektlərinin həbsi banklarla bağlı çox vacib bir məsələnin aktuallığını önə çəkib:
"Söhbət bir subyekt (qrup) tərəfindən banklardan kifayət qədər iri həcmdə götürülən kredit məbləğlərilə bağlı kredit risklərinin idarə edilməsi üzrə tələblərə əməl olunmasından gedir. Bununla bağlı 2 vacib məqamı qeyd etmək istərdim:
1) Banklar haqqında Qanunun 34-cü maddəsinə əsasən Mərkəzi Bank bankların maliyyə sabitliyini təmin etmək üçün bir sıra prudensial normativlər və tələblər müəyyən etməli, onların icrasına nəzarət həyata keçirməlidir. Həmin tələblərə görə, bir borcalan (yaxud qarşılıqlı əlaqədə olan borcalanlar qrupu) üçün kredit risklərinin maksimum miqdarı (maddə 34.2.5) və məcmu iri kredit risklərinin maksimum miqdarı (maddə 34.2.6) müəyyən edilməlidir. Beynəlxalq Bankın olduqca az sayda müştərilərinin onun kredit portfelində payı kifayət qədər böyük olub. Məsələn, 1 yanvar 2015-c il tarixə 30 şirkət Bankın portefelinin təxminən 41%-nə - 3.5 milyard manat kreditə sahib olublar. Bu, həmin dövrün məzənnəsi ilə orta hesabla bir müştəriyə 150 milyon dollar kredit xəttinin açılması deməkdir. Kiçik məbləğ deyil.

2) Mərkəzi Bankın "Kreditlərin verilməsi Qaydalarına" görə, bir borcalanın götürdüyü kreditin məbləği bankın məcmu kapitalının 5%-dən yuxarı olduqda, kreditlər üçün təminat şərtləri daha sərt xarakter daşıyır. Məsələn,
borcalanın girovu ən azı iki kənar qiymətləndirici tərəfindən ayrıca qiymətləndirilməlidir. Nəzərə alsaq ki, ilin əvvəlinə Beynəlxalq Bankın məcmu kapitalı 600 milyon manat ətrafında olub, deməli yuxarıda qeyd olunan 30 şirkətin hər biri üzrə ayrılan kreditlərin orta məbləği məcmu kapitalın 20%-nə yaxın olub. Deməli, qanunvericiliyə əsasən həmin borcalanlara təminat tələbləri çox yüksək səviyyədə olmalı imiş."

R.Ağayev qeyd edir ki, bu məsələdə Mərkəzi Bankın da məsuliyyəti var: "Çünki qeyd olunan prudensial normativlər və tələblərin müəyyən edilməsi, onların icrasına nəzarət həyata keçirməsi bilavasitə Mərkəzi Bankın səlahiyyətinə daxildir. Qeyd olunan kreditlər ayrılan kimi Mərkəz Bank onların girov təminatı ilə bağlı qanunvericiliyə əməl edilib-edilməməsini yoxlamağa borcludur".



Bahar RÜSTƏMLİ
AzNews.az