Vergidən yayınanlara qarşı tədbirlər sərtləşdirilir

Vergilər nazirinin 15 sentyabr 2015-ci il tarixli əmri ilə Vergilər Nazirliyinin aparatının, Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması, Xüsusi Rejimli Vergi Xidməti və Bakı Vergilər departamentlərinin, Vergilər Nazirliyinin ərazi vergilər departamentləri və idarələrinin, rayon vergilər şöbələrinin strukturunda bəzi dəyişikliklər edilib.
AzNews.az-ın məlumatına görə, Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin rəisi Zeynalabdin Məmmədzadənin "Vergilər" qəzetinə müsahibəsi nazirlikdə həyata kezirilən islahatlar, vergi borclarının alınması sahəsində son dövrlərdə görülən işlər barədədir.

- Zeynalabdin müəllim, vergi borclarının alınması sahəsində aparılan dəyişikliklər hansı zərurətdən irəli gəlib?

- Nazirlər Kabinetinin 2015-ci il iyul ayının 13-də ölkə Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilmiş, 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında verilmiş tapşırıqlar vergi orqanları qarşısında mühüm vəzifələr müəyyənləşdirib. Həmin tapşırıqların icrası məqsədilə Vergilər Nazirliyində geniş tərkibdə Kollegiya iclası keçirilərək bir sıra mühüm qərarlar qəbul edilib, ölkə Prezidenti tərəfindən verilmiş tapşırıqların planlı və sistemli şəkildə həyata keçirilməsini təmin etmək məqsədilə vergilər naziri tərəfindən Tədbirlər Planı təsdiq olunub.

Vergilər Nazirliyinin strukturunda aparılmış son dəyişikliklər, ilk növbədə, bu tapşırıqların və həyata keçirilməsi nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi, vergi inzibatçılığı sahəsində, xüsusilə vergi borclarının idarə olunması sahəsində yeni yanaşmaların müəyyən edilməsi ilə bağlıdır.

Bu dəyişikliklər vergi hüquqpozmalarına qarşı mübarizə sahəsində fəaliyyətin daha da təkmilləşdirilməsi, təhqiqat, istintaq və əməliyyat-axtarış fəaliyyətində operativliyin artırılması, istintaq prosesinə nəzarətin gücləndirilməsi, nəticə etibarilə dövlət büdcəsinə vergi daxilolmalarının artırılması məqsədi daşıyır.

- Vergi borclarının alınması prosesində hansı yeniliklər gözlənilir?

- Struktur dəyişiklikləri nəticəsində Vergilər Nazirliyinin Vergi borclarının alınması işinin təşkili idarəsinin bazasında Cinayət xarakterli vergi hüquqpozmalarının təhlili və vergi borclarının alınması işinin təşkili Baş İdarəsi yaradılıb. Baş İdarənin təşkili müvafiq sahədə fəaliyyət göstərən struktur vahidlərinin funksiyalarının genişləndirilməsi ilə yanaşı, cinayət tərkibi yaradan vergi borclarının yaranması prosesinə nəzarəti gücləndirməyə, vergi hüquqpozmaları sahəsində daha dərin təhlillər aparmağa istiqamətlənib.

Digər tərəfdən, Vergilər Nazirliyi yanında Xüsusi Rejimli Vergi Xidməti Departamenti və Bakı Vergilər Departamentinin, eləcə də ərazi vergi orqanlarının tərkibində fəaliyyət göstərən vergi borclarının alınması strukturları ləğv edilərək, onların əvəzinə Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin tərkibində Vergi borclarının məcburi alınması idarəsi yaradılıb. Bu idarə vergi borclarının alınması ilə praktiki məşğul olan struktur vahididir və onun hər bir ərazi vergi orqanı üzrə 14 şöbəsi yaradılıb. Bu şöbələr yerlərdə fəaliyyət göstərəcək, lakin birbaşa Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinə tabe olacaq.

Hamını maraqlandıran əsas sual budur ki, bundan sonra hansı addımlar atılacaq? Ümumiyyətlə, vergi borclarının alınması prosesinin səmərəliliyinin artırılması, bizim fikrimizcə, ilk növbədə borclu vergiödəyicilərlə işə çox ciddi yanaşılması ilə bağlıdır. Vergiödəyicidə borc yaranmasının sonradan hansı xoşagəlməz nəticələr verə biləcəyi nəzərə alınmalıdır. Dünya təcrübəsi göstərir ki, böyük həcmdə vergi borclarının yaranmaması üçün prosesə erkən müdaxilə olunmalıdır. Çünki borcun yaranma müddətindən nə qədər uzun vaxt keçirsə, onun alınması prosesi də bir o qədər çətinləşir. Vergiödəyiciləri ilkin mərhələdə müxtəlif kanallar vasitəsilə məlumatlandırmaqla və qabaqlayıcı tədbirlər həyata keçirməklə borcların məbləğinin artmasının qarşısını almaq mümkündür.

Bu baxımdan, Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti cinayət tərkibi yaradan vergi borcları haqqında materiallar istintaq və təhqiqat strukturlarına daxil olduqdan sonra deyil, hər bir borcun yarandığı ilk gündən məşğul olmağa başlayacaq. Bu, qabaqlayıcı addımdır. Yəni biz vergiödəyici ilə onun bu və ya digər səbəbdən yaranmış faktiki borcla üz-üzə qaldıqdan sonra deyil, daha əvvəl işləməyə başlayacağıq ki, əsas vergi borclarının artmasının, faiz və cərimələrin hesablanmasının qarşısı mümkün qədər alınsın. Məqsəd cinayət tərkibi yaradan vergi borcları ilə bağlı materialların sayının əsaslı şəkildə azaldılmasına, borclu vergiödəyicilərdə məsuliyyət hissinin artırılmasına nail olmaqdır.

- Borcların yaranma səbəbləri əsasən nə ilə bağlıdır?

- Təcrübə göstərir ki, vergiödəyicilərin büdcə qarşısındakı öhdəliklərini tam və vaxtında icra etməmələrinin səbəbləri müxtəlifdir. Bunların sırasında dövlət büdcəsinə yaranmış öhdəliyin vergiödəyici tərəfindən vaxtında icra edilməyərək vəsaitlərin başqa istiqamətlərə yönəldilməsi və vergiödəyicinin maliyyə çətinliyinin olması əsas səbəblər kimi özünü daha çox göstərir. Bu baxımdan, vergi borclarının alınması prosesi hər bir borclu vergiödəyiciyə ayrıca yanaşma tələb edir.

Borcların və onların alınmasına cəlb olunan resursların daha səmərəli idarə edilməsi baxımından, borclu ödəyicilərlə iş onların risk kateqoriyaları üzrə qruplaşdırılması yolu ilə aparılır. Vergilər Nazirliyi bu sahədə Avropanın mütərəqqi təcrübəsindən yararlanır və informasiya texnologiyalarının geniş tətbiqi ilə yanaşı, bir sıra inkişaf etmiş ölkələrin vergi administrasiyaları və borcların yığılması ilə məşğul olan kollektor şirkətlərinin borclu ödəyicilərlə iş prosesində istifadə etdiyi səmərəli mexanizmləri də tətbiq edir. Dövlət büdcəsinə borcu olan ödəyicilərin öz öhdəliklərini vaxtında və tam həcmdə yerinə yetirməsinin təmin edilməsi vasitəsi kimi borclu vergiödəyicilərin əmlaklarının siyahıya alınması, bank hesablarına sərəncam göndərilməsi kimi ənənəvi üsullarla yanaşı, onların nəqliyyat vasitələrinin üzərinə həbs qoyulması, ölkədən getmələrinin məhdudlaşdırılması, xeyli və ya külli miqdarda vergiləri ödəməkdən yayınan şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi və belə vergiödəyicilərin adlarının ictimaiyyətə açıqlanması kimi vasitələrdən son vaxtlar daha geniş istifadə olunmağa başlanılıb.

2015-ci ilin 8 ayı ərzində vergi orqanlarının təşəbbüsü ilə borclarını ödəməkdən imtina edən 148 vergiödəyicinin ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılıb, 114 vergiödəyicinin borclarının onların mülkiyyətində olan avtonəqliyyat vasitələrinə yönəldilməsi hesabına tutulması məhkəmələr tərəfindən təmin edilib. Yeri gəlmişkən, bu üsullar dünya ölkələrində vergi borcunun ödənilməsi istiqamətində məcburiyyət vasitəsi kimi geniş istifadə olunur və borc öhdəliklərinə etinasız yanaşan ödəyicilərə səmərəli təsir mexanizmlərindən biri hesab edilir.

- Vergi borclarının alınması prosesində borclu ödəyicilərlə iş necə qurulur və aparılan tədbirlərin borclu ödəyicilərin məsuliyyət hissinin artırılmasına təsiri nə dərəcədədir?

- Çalışırıq ki, borc yarandığı andan vergiödəyici ilə dərhal və birbaşa əlaqə yaradaq. Vergilər Nazirliyində tətbiq edilən müasir informasiya texnologiyaları borclu vergi ödəyicilərinin dərhal məlumatlandırılmasına kifayət qədər imkanlar yaradıb. Borclu vergiödəyicilər elektron bildirişlərlə yanaşı, mütəmadi olaraq SMS və səsli mesajlar vasitəsilə öz borcları barədə məlumatlandırılır. Bununla yanaşı, onlar vergi orqanına dəvət edilir, borcları, borcların yaranma səbəbləri və ödənilmədiyi halda görüləcək tədbirlər barədə onlara izahat verilir. Bu yanaşma bir çox hallarda yaranmış vergi borclarının ilkin mərhələdə heç bir məcburi tədbir görülmədən ödənilməsi ilə nəticələnir.

Vergiödəyicilərə yanaşmaya gəldikdə, demək olar ki, onları şərti olaraq bir neçə qrupa bölmək olar: vergi öhdəliklərini vaxtında icra edənlər, vergi öhdəliklərini icra etmək istəyən, lakin müəyyən maliyyə çətinlikləri olan və bilərəkdən vergi ödəməkdən yayınan vergiödəyicilər.

Vergi orqanlarının əsas məqsədi birinci qrupa daxil olan ödəyicilərin sayının, yəni vergilərin könüllü ödənilməsi səviyyəsinin yüksəldilməsidir. Vergiödəyicilərin vergi öhdəliklərinə əməl etmələri üçün inzibatçılıq prosesləri sadələşdirilir, onların inzibati xərclərinin azaldılmasına və elektron xidmətlərdən daha geniş istifadə olunmasına çalışılır.

İkinci qrupa daxil olan vergiödəyicilərə vergi öhdəliklərini icra etməyə köməklik göstərilir. Vergilər Nazirliyinin vergi borcları sahəsində fəaliyyət göstərən struktur vahidləri əsas gücünü məhz bu qrupa yönəldir ki, borcla bağlı onlarda məsuliyyət hissinin artırılmasına nail olunsun.

Vergidən yayınmaq istəyən sonuncu qrup vergiödəyicilərə qarşı isə qanunvericilikdə nəzərdə tutulmuş sərt tədbirlər görülür. İlk növbədə, inzibati tədbirlər həyata keçirilir, bank hesablarına sərəncam qoyulur, sonra vergi borclarının ödənilməsini təmin etmək üsulu kimi borclu vergiödəyicinin əmlakı siyahıya alınır. 2015-ci ilin 8 ayı ərzində 1961 vergiödəyicinin dövlət büdcəsinə yaranmış borcu üzrə əmlakın siyahıya alınması barədə qərarlar açılıb və 42,3 milyon manat məbləğində vəsaitin dövlət büdcəsinə ödənilməsi təmin edilib.

Bir məsələni xüsusilə vurğulamaq istərdim ki, vergiödəyicilər borcun yaranmasına çox ehtiyatlı yanaşmalıdırlar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213-cü maddəsinə görə, xeyli miqdarda (2000 manatdan 50000 manatadək olan məbləğ) vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmış şəxslər 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə min manatdan iki min manatadək cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılırlar. Bu əməl mütəşəkkil dəstə tərəfindən törədildikdə və ya onlar külli miqdarda (50000 manatdan yuxarı məbləğ) vergini büdcədən yayındırdıqda isə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə və ya üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılırlar. Göründüyü kimi, dünyanın inkişaf etmiş ölkələrində olduğu kimi, Azərbaycanda da vergi öhdəliklərinin icrasından yayınmaq, vergi borcuna etinasız yanaşmaq sərt cəza tədbirlərini nəzərdə tutur.

Məlumat üçün deyim ki, təkcə cari ilin səkkiz ayı ərzində 1585 vergiödəyici barədə toplanmış materiallar Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinə göndərilib. Onlardan 123 vergiödəyici ümumilikdə 2,1 milyon manat məbləğində borclarını tam ödədikləri üçün barələrində cinayət işinin başlanmasından imtina olunması barədə qərar çıxarılıb, 162,6 milyon manat məbləğində vergiləri ödəməkdən yayındırmış 1394 fiziki və hüquqi şəxs barəsində isə cinayət işləri başlanıb. Başlanmış cinayət işləri üzrə təkcə cari ilin səkkiz ayı ərzində dövlətə vurulmuş 36,9 milyon manat məbləğində ziyanın ödənilməsi təmin edilib, 29,8 milyon manat məbləğində vergi borcunu tam ödəmiş vergiödəyicilər barədə olan 363 iş üzrə icraata xitam verilib. Bundan başqa, araşdırılması davam etdirilən 152 cinayət işi üzrə daha 7,1 milyon manat məbləğində vergi borcu dövlət büdcəsinə ödənilib.

Cinayət işləri üzrə araşdırma aparılarkən istintaqdan yayınan və ya araşdırmaya maneçilik törədən 81 sahibkar şübhəli şəxs qismində tutulub, onlardan 43-ü barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib. 2015-ci ilin 8 ayı ərzində 162,6 milyon manat məbləğində vergini ödəməkdən yayındırdığına görə 1394 vergiödəyici barədə cinayət işi açılıb. Açılmış cinayət işlərindən 444-ü məhkəməyə göndərilib.

- Hamıya məlumdur ki, bütün dünyada vergilərin ödənilməməsi halları ilə çox sərt mübarizə aparılır. Yaranmış vergi borclarının alınması üçün dünya təcrübəsində daha hansı mexanizmlərdən istifadə edilir?

- ABŞ, Böyük Britaniya, Almaniya, İsveç, Yaponiya, Kanada kimi inkişaf etmiş ölkələrdə vergi borclarının yığılmasının təmin edilməsi üçün əmlaka həbs və ya cərimələrin tətbiqi (o cümlədən əməkhaqqına, bank hesablarındakı vəsaitlərə, debitor borclara, rəhbərin şəxsi əmlakına həbs qoyulması və s.), fəaliyyət üçün verilən lisenziyadan məhrumetmə, ölkədən çıxmağa məhdudiyyət, kredit almağın məhdudlaşdırılması, rəhbərin həbs edilməsi, kollektor agentliklərinin köməyi ilə borcların alınması, borclunun əmlakının məcburi idarəetməyə verilməsi və məcburi ipotekaya cəlb olunması kimi üsullardan geniş istifadə edilir. Cərimə tətbiq olunan əmlaka gəldikdə, bir çox ölkələrdə cəriməni tətbiq edən qurum mövcud əmlakdan seçmə hüququna malikdir.

Dünya vergi administrasiyalarının arsenalında borcun məcburi alınmasının bir çox başqa üsulları da vardır. Kanada, ABŞ və İsraildəki mövcud qanunvericiliklə borclunu sürücülük vəsiqəsindən məhrum etmək olar.

Şübhəsiz, vergiödəyicinin əmlakına (vəsaitlərinə) həbs təhlükəsi cəmiyyətdə vergi intizamının yüksək səviyyədə saxlanmasının güclü mexanizmidir və bu, bir daha göstərir ki, dünya təcrübəsi vergidən yayınanlara qarşı liberallıq göstərmir, çox sərt mövqe nümayiş etdirir. Bu baxımdan, dünya praktikasında vergi orqanlarının borclu ödəyicilərə qarşı sərt mövqe tutması qəbuledilən və anlayışla qarşılanan addımdır.

- Vergi borclarının alınması strukturlarının vergi hüquqpozmaları ilə məşğul olan departamentin tərkibinə verilməsini məhz dünya təcrübəsindən irəli gəldiyini söyləmək olarmı?

- ABŞ, Böyük Britaniya və s. kimi inkişaf etmiş ölkələrdə vergi borclarının alınması strukturları təhqiqat aparan strukturlarla sıx koordinasiyada işləyir. Məsələn, Britaniyanın Kral Gəlirlər və Gömrük Xidmətinin Məcburetmə və əməletmə baş idarəsi həm də cinayət istintaqı və borcların idarə olunması strukturlarını koordinasiya edir və kifayət qədər səmərəli nəzarət mexanizmləri qurulub. Azərbaycanda da bu sahədə görülən tədbirlərin əlaqələndirilməsi və koordinasiya edilməsi məqsədilə müvafiq addım atılıb. Vergi borclarının alınması ilə məşğul olan qurumlar artıq tam müstəqil fəaliyyət göstərən, yerli vergi orqanlarına tabe olmayan bir quruma çevrilib. Bu qurumların Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin tərkibinə daxil edilməsi isə intizamsız vergiödəyicilərə bir siqnaldır: əgər borclar qanunda nəzərdə tutulmuş qısa müddətdə ödənilməsə, onları cinayət məsuliyyəti gözləyir.

Bu gün Azərbaycanda vergi yükü Avropa ölkələrinə nisbətən xeyli az, vergi dərəcələri aşağıdır. Buna baxmayaraq, təəssüf ki, vergidən yayınmağa cəhd edən və vergi borcuna etinasız münasibət göstərən vergiödəyicilərin sayı yolverilməz dərəcədə çoxdur. Fürsətdən istifadə edərək, vergiödəyiciləri vergi öhdəliklərinin yerinə yetirilməsinə daha məsuliyyətli yanaşmağa, ən yaxşısı isə vergi borcunun yaranmasına yol verməməyə çağırıram.