Gürcüstan sərhədlərində yeni qaydalar

Bu qərar əsasən koronavirusun yayıldığı yüksək riskli ölkələrdən gələn maşınlara tətbiq ediləcək

Gürcüstandan keçərək başqa ölkələrə gedən yük maşınları müşayiət olunacaq.

AzNews.az-ın verdiyi xəbərə görə, bu qərar əsasən koronavirusun yayıldığı yüksək riskli ölkələrdən gələn maşınlara tətbiq ediləcək.

Belə ki, Çin, Cənubi Koreya, İtaliya, İran, Avstriya, Almaniya, Fransa, Norveç, İsveçrə, İspaniya və Danimarkadan 14 gün əvvəl gələn avtomobillərə nəzarət güclənir.

Xüsusilə, Gürcüstan ərazisindən tranzit olaraq istifadə edən sürücülər sərhəd buraxılış məntəqələrinə qədər nəzarətdə saxlanılacaqlar.

Gürcüstana məhsul idxal edən avtomobillərin sürücülərini isə gömrükdə risk qrupuna aid olmayan şəxs əvəz edəcək. Həmin avtomobil ölkəyə buraxılmadan öncə dezinfeksiya ediləcək. Bütün sürücülər sərhəddə tibbi yoxlamadan keçəcək. Sürücü əcnəbi şəxsdirsə, öz ölkəsinə geri qaytarılacaq, Gürcüstan vətəndaşıdırsa, karantinə göndəriləcək.

Həmçinin yüklərin gömrükdə boşaldılaraq başqa bir maşınla daşınması variantı da nəzərdə tutulub.

Qeyd edək ki, Gürcüstanda 43 nəfərdə koronavirus aşkarlanıb. Ölkə martın 18-də sərhədlərini iki həftəlik müddətə bağlayıb.