Bakıda mənzildən cəsəd tapılıb

Bakıda mənzildən cəsəd tapılıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Yasamal rayonunda 1937-ci il təvəllüdlü Boris Vladimiroviç Avadiyevin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə nazirliyin "112" qaynar telefon xəttinə məlumat daxil olub.

FHN-in müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxs mənzilin qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə beşmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yerləşən mənzilin eyvanına qalxaraq içəri daxil olublar. Mənzilə baxış keçirilərkən vətəndaş mətbəxdə hərəkətsiz vəziyyətdə aşkarlanıb. Hadisə yerində olan Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılan ilkin tibbi müayinə nəticəsində B.Avadiyevin öldüyü müəyyən olunub. Cəsəd aidiyyəti üzrə təhvil verilib.

AzNews.az