Rövşən Lənkəranskinin “sağ əli“ qandallandı

"Cemo" ləqəbli qanuni oğrunun corabından kokain çıxdı və həbsə atıldı



Rusiya KİV-ləri gürcü kriminalının ən nüfuzlu liderindən biri, "qanuni oğru" Cemal Mikeladzenin həbs edilməsi barədə məlumat yayıb.

Məlumatlarda "Cemo" ləqəbi ilə tanınan "qanuni oğru"nun bu ilin yanvar ayının 16-da Moskvada öldürülən Aslan Usoyanın ("Ded Xasan") qətlində əsas fiqurantlardan biri olduğu qeyd edilir. Maraqlıdır ki, bu ilin fevral ayının 1-də də onu Moskva ətrafında həbs etmişdilər və onun cibindən əl qumbarası ilə bərabər narkotik maddə də tapılmışdı.

Onun nə vaxt azadlığa buraxıldığı barədə heç bir məlumat yox idi. "Komsomolskaya pravda" C.Mikeladzenin həbs edilməsi ilə bağlı qərardan yazıb. Qəzetin iddiasına görə, onun sağ ayağının corabından 7,09 qram kokain tapılıb və barəsində həbs-qətimkan tədbiri seçilib. Onun minimum iyuladək həbsdə saxlanılacağı deyilir.

"Cemo" kriminal aləmdə azərbaycanlı "qanuni oğru" Rövşən Canıyevin ("Lənkəranski") ən yaxın adamlarından biri kimi tanınır. Onun bundan əvvəlki həbsində hüquq-mühafizə orqanlarına yazdığı iddia edilən məktubunda "Ded Xasan"ın qətli ilə bağlı "sirlər açılırdı". Məktubda iddia edilirdi ki, "Ded"lə bağlı qətl planını müzakirə etmək üçün "Rövşən Lənkəranski", Merab və Levan Canqveladze qardaşları Romada görüşüblər. Sonrakı görüşdə isə Levan Canqveladzeyə "Val" tüfəngi verilib. Mikeladzenin məktubunda qətl planının maliyyəsinin və həyata keçirilməsinin əsas fiqurantı kimi "Rövşən Lənkəranski"nin adı keçirib.

Bu məktubun məhz əsas cinayəti "Lənkəranski"yə "yükləmək" məqsədi ilə yayıldığı açıq hiss olunurdu. Sonradan məktubu "Ded" klanın ortaya atdığı barədə şübhələr üzə çıxdı. Amma bir müddət sonra bu məktub unuduldu. "Cemo"nun azadlığa buraxılması barədə isə heç bir rəsmi və ya qeyri-rəsmi məlumat verilmədi. Bu baxımdan onun yenidən həbs edilməsi maraq doğurur.

Cemal Mikeladze 1976-cı ildə Gürcüstanda anadan olub. O, "qanuni oğru" adını 23 yaşında almasına baxmayaraq, tezliklə Moskvadakı gürcüstanlı kriminal qruplaşmalar arasında hörmət qazanıb. Deyilənə görə, "Cemo"nu kriminal dairələrdə cəlbedici edən onun adətən "oğrulara" xas olmayan xarizmasıdır. "Cemo"nun adı "Rövşən Lənkəranski" ilə ilk dəfə 2010-cu ildə birgə çəkilməyə başlayıb. "Cemo"nun adı "Rövşən Lənkəranski"nin 2010-cu ildə Gürcüstan əsilli "qanuni oğru" Vaqif Süleymanovla ("Marneulski") keçirilən bir "sxodka"da daha çox xatırlanır. 2010-cu ilin avqustunda "Lənkəranski" ilə V.Süleymanov münasibətlərini aydınlaşdırmaq üçün Rublevski yaxınlığında "Cemo"nun böyük qardaşı Mamukonun elit kottecində "sxodka"ya toplaşıblar. "Rövşən Lənkəranski" tərəfdən söhbətə Mamuko qardaşlarından başqa "qanuni oğru"ların ağır artirelliyası hesab olunan Gela Kardava, "Robunzon" və "Paat Malenkiy" iştirak edib. Vaqif Süleymanov isə görüşə "Ded Xasan"ı təmsil edən Vasi Voskreslə gəlib. Məlumatlar var ki, bu "sxodka" məhz "Cemo" söz alandan sonra davaya çevrilib. Onun azərbaycanlı "qanuni oğru"ya iradına Vaqif Süleymanov adekvat cavab verib. "Cemo" Vaqifi vurmaq istərkən (bəzi mənbələrə görə, "sxodka"da olan digərləri də Vaqifə hücum çəkib ki, bu da oğru qanunlarında düzgün olmayan hərəkət sayılır) özü zərbə alıb. Bu "sxodka" Rusiyanın kriminal dairələrində dərhal ciddi müzakirə mövzusuna çevrilib. Bu "sxodka"dan sonra "Lənkəranski" və "Cemo"nun "Ded Xasan"la münasibətləri daha da kəskinləşib.

Rusiya portalları "Cemo"nun son həbsindən yazarkən bu məsələyə də xüsusi diqqət yetirib.

2011-ci ilin iyununda "Ded" Mişa Lujnetski, Mırıça, Zyatka və məlum "sxodka"da iştirak etmiş Voskresin dəstəyi ilə "Cemo"nu "qanuni oğru" adından məhrum edir. Bu qərarı o, "Cemo"ya hamının iştirakı ilə və deyilənə görə, çox qaba formada telefonda elan edib. 2012-ci ilin noyabrında "Ded Xasan"ın xeyir-duası ilə Canıyevin "oğru" adının da alındığı elan("praqon") olunur. Yanvar ayında isə "Ded" özü tarix olur...

"Lənkəranski"nin indi "Cemo" ilə münasibətlərinin hansı səviyyədə olduğunu demək çətindir. Azərbaycanın ən nüfuzlu "qanuni oğru"larından biri sayılan R.Canıyev haqda uzun müddətdir ki, heç bir məlumat yoxdur. "Cemo"nun həbsi "Ded Xasan"ın qətlini yenidən gündəmə gətirəcək. Bunun arxasında "Lənkəranski"yə qarşı hansısa planın olub-olmadığı isə tezliklə üzə çıxacaq./musavat.com/

AzNews.az