İntihar edən DİN əməkdaşı ilə bağlı ŞOK faktlar



Nazirlik istintaqa səhv məlumatlar verib; Mərhum haqqında ilginc məqamlar


İyunun 17-də Bakının Binəqədi rayonunda DİN əməkdaşı olduğu bildirilən Asif Qasımovun intiharı ilə bağlı Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə (özünü öldürmə həddinə çatdırma) cinayət işi açılıb. Hazırda cinayət işi ilə bağlı araşdırmalar davam edir.

A. Qasımov-un DİN-in Təchizat İdarəsində işlədiyi bildirilsə də, daha sonra nazirlik bu barədə məlumatı təkzib edib. AzNews.az-a daxil olan məlumata görə, istintaqa da mərhumun həmin idarədə, anbar müdiri yox, mühasib vəzifəsində işləməsi ilə bağlı məlumat daxil olsa da, bu hələ dəqiqləşdirilməyib. Çünki DİN Təchizat İdarəsindən Arif Qasımov adlı şəxsin olmadığı bildirib. Həmçinin istintaq orqanlarına da bu barədə məlumat verilib və buna görə də mərhumun xidməti vəzifəsini indiyə qədər müəyyənləşdirmək mümkün olmayıb.

AzNews.az-ın əldə etdiyi başqa bir məlumata görə isə, A. Qasımov DİN-də müəyyən vəzifədə daşımaqla yanaşı özünə məxsus olan "Qafqaz Standart" şirkətinə də rəhbərlik edib. Şirkət polis və ordunu forma, kəmər və s. geyim əşyaları ilə təchiz etməklə məşğul olub. Bundan başqa şirkətin adı müxtəlif tenderlərdə, müsabiqə əsasında satın almalara dair məlumatlarda çəkilir.

Şirkətin qalib olduğu tenderlər sırasında DİN-lə yanaşı, hətta Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin müxtəlif cəzaçəkmə müəssisələrində aparılan təmir işləri də var.


AzNews.az intiharın səbəbi ilə bağlı da maraqlı məlumatlar əldə edib. Öncə onu deyək ki, mərhumun ailəsi ilə heç bir problemi olmayıb. Ancaq ailə üzvləri onun son zamanlar özünə qapanması, hansısa narahatlığının olduğunu bildiriblər. Sadəcə A. Qasımov son zamanlar yaranan bu narahatlığını ailəsindən gizlətməyə çalışırmış.

Buna görə də intiharın səbəbi kimi A. Qasımovun iş həyatında yaranan problemlərinin olması istisna edilmir. Qeyd edək ki, mərhumun rəhbəri olduğu qurumda vergidən yayınma hallarının olması və onun qarşısına külli miqdarda məbləğin ödənilməsi tələbi qoyulduğu da yayılan məlumatlar arasındadır.

Bundan əlavə, mərhum A. Qasımovun xərçəng xəstəliyindən əziyyət çəkdiyi barədə də xəbərlər var. Məlum hadisədən sonra A. Qasımovun həyat yoldaşının da səhhətində ciddi problemlər yaranıb. Onun yüksək qan təzyiqindən əziyyət çəkdiyi və dəfələrlə təcili tibbi yardım çağırıldığı bildirilir.

Elnur
AzNews.az