Azərbaycan həbsxanaları kriminal şəxslərin nəzarətində - ŞOK!

Təcridxanalarda hər an üsyan qalxa bilər

Həbsxanalar Rövşən Lənkəranski və "Lotu Quli" arasında bölüşdürülüb?

Azərbaycanda mövcud olan həbsxana və saxlanma təcridxanaları kriminal aləmin nüfuzlu şəxsləri Rövşən "Lənkəranski" və "Lotu Quli"nin nəzarətinə altındadır.

Bu barədə AzNews.az-a daxil olan məktubda bildirilir ki, ölkədəki həbsxanaları adı çəkilən iki kriminal şəxsin arasında bölüşdürülüb.

Qeyd edilir ki, Kürdəxanı İstintaq Təcridxanası Rövşən "Lənkəranski", Şüvəlandakı İstintaq Təcridxanası isə "Lotu Quli"nin tərəfdarları tərəfindən idarə olunur. Məlumatda həmçinin Qobustan həbsxanasında saxlanılan məhkumların əsas hissəsinin Lənkəranskini dəstəklədiyi bildirilir.

Məktubda qeyd edilir ki, hazırda 8-ci kolonda cəza çəkən "Lotu Quli" ləqəbli Nadir Səlifovun oğru statusunu bərpa etməsinin ardından, bu həbsxanada cəza çəkən məhkumların hamısı "Quli"çi olub. Bildirilir ki, məhz bu səbəbə görə, son zamanlarda 8-ci kolonda cəza çəkən məhkumlar türmə əməkdaşlarına qarşı aqressiv davranışlar sərgiləyirlər.

Məktubda bildirilir ki, Penitensiar Xidmət rəhbərliyi türmələrdə avtoritetlərin bu hökmranlıqlarının qarşısını almağa cəhd etsə də, buna müvəffəq olmayıb. Belə ki, iddiaya görə, konkret "Lotu Quli" ləqəbli Nadir Səlifova xəbərdarlıq edildiyi və onun həbsxanalardakı nüfuzunu azaltmağa cəhd edildiyi üçün onun nəzarətində olan bir çox kolonlarda məhkumlar üsyana qalxıb. Məhz bu səbəbə görə, ötən ayın 4-də Əməliyyat Baş Rejim İdarəsinin rəisi İmran Tağızadənin rəhbərliyi ilə baş idarənin bir qrup əməkdaşı "Lotu Quli"nin cəza çəkdiyi 8-ci kolonda türmə əməkdaşlarına tabeçilik göstərməyən məhkumları döyüb. Bunun ardınca isə həmin məhkumları Binə qəsəbəsində yerləşən 3-cü kolona "etap" ediblər.

Bu ilk qığılcımın ardınca isə "Lotu Quli"nin tərəfdarlarının nəzarətində olan digər cəzaçəkmə müəssislərində də həbsxana əməkdaşlarına qarşı tabesizlik halları baş qaldırıb. Belə ki, iyunun 7-də N.Səlifovun tərəfdarlarının olduğu 16-cı kolonda məhkumlar oturaq aksiya keçirərək, "Lotu Quli"yə qarşı başladılmış aqressiyaya etiraz ediblər. Bunun ardınca "Lotu Quli"nin sıxışdırılmasına dəstək üsyanları digər türmələrə də sıçrayıb. Məktubda qeyd edilir ki, 2-ci kolonda cəza çəkən "Lotu Quli"nin tərəfdarları iyunun 8-də həbsxana rəhbərliyinə tabeçilik göstərməkdən imtina edib. İyunun 9-da isə 12-ci kolonda bir məhkum eyni səbəblə özünə ciddi xəsarət yetirib. Bu barədə bizi bilgiləndirən məktub ünvanlayan şəxslərin iddialarına görə, bu kimi hallarda digər bir neçə həbsxanada da baş verib, lakin əksər hallarda bu hadisələrin mətbuata çıxmasının qarşısı alınıb.

Məktubda məhkumların niyə həbsxana rəhbərliyi və qanunların yox, məhz oğru dünyasının nüfuzlu şəxslərin dediklərinə yerinə yetirməsinin səbəblərinə də toxunulur. İddia edilir ki, buna səbəb həbsxanalarda mövcud olan yarıtmaz idarəçilikdən və türmə rəhbərliyinin qanunsuzluqlardan bezən məhkumlar haqlarının qorunması üçün oğru aləmindən olan nüfuzlu şəxslərə pənah aparmağa məcbur qalırlar.

İddialarla bağlı AzNews.az-a açıqlama verən Penitensiar Xidmətin informasiya şöbəsinin rəhbəri Mehman Sadıqov bildirib ki, qurum rəhbərliyi cinayətkar aləmdə nüfuzu olan bir sıra şəxslərin bəzi cəzaçəkmə müəssislərini öz nəzarətləri altına almaq istədiklərindən xəbərdardır: "Biz bu prosesləri çox ciddi və dəqiq izləyirik. Tam məsuliyyətlə deyə bilərik ki, onların cəzaçəkmə müəssisələrinə və ya istintaq təcridxanalarına nəzarət etməsinə heç bir halda imkan vermərik".

M.Sadıqov adı çəkilən kriminal avtoritetlər tərəfindən belə cəhdlərin edildiyini də təsdiqləyib. O əlavə edib ki, Penitensiar Xidmət rəhbərliyi bu şəxslərin belə cəhdlərinin qarşısının alınması üçün ciddi mübarizə aparır: "Bu cəhdlərin qarşısı həmişə qətiyyətlə alınıb və alınacaq da".

Penitensiar Xidmət rəsmisi həmçinin, yuxarıda adı çəkilən kolonlarda məhkumların üsyana qalxması cəhdlərinə də aydınlıq gətirib. O bildirib ki, həbsxanalarda müxtəlif cinayətlərə görə həbs edilmiş, müxtəlif xasiyyətli şəxslər cəza çəkir və həmin şəxslər vaxtaşırı daxili nizam-intizam qaydalarına zidd hərəkətlər edir, qanunvericiliyi pozurlar: "Bu cür hallar həmişə olan proseslərdir və bunların qarşısının alınması bizim gündəlik işimizdir".

Anar
AzNews.az