Qatil həkimi kim himayə edir? - Dekanın ölüm işində yeni faktlar

“Medi Sina” klinikasında BSU-nun dekanı, tənqidçi Elnarə Tofiqqızının (Niftəliyevanın) ölümündə təqsirləndirilən anestezioloq Firuz İbrahimov və onkoloq Mahir Məmmədovla əməliyyatda iştirak edən assistent Fərəcullah İdrisovun əməlində dələduzluğa cəhd faktı aşkarlandığından, Bakı Şəhər Prokurorluğu faktın araşdırılması üçün materialları Nəsimi Rayon Polis İdarəsinə göndərmişdi.


Lakin Nəsimi Rayon Polis İdarəsinin İstintaq şöbəsi klinikanın baş həkimi də daxil olmaqla, araşdırmada adı keçənlərin izahatını almadan və üzləşdirmə aparmadan 10 gün müddətində tez-tələsik işi xətm etmək barədə qərar çıxarıb.

Zərərçəkən tərəf – jurnalist Anar Niftəliyevin hüquqi nümayəndəsi Səməd Vəkilovun sözlərinə görə, Nəsimi RPİ-nin müstəntiqi Elvin Əsgərov cinayət işinin xitam olunması barədə bu il yanvarın 22-də qərar çıxarıb.

Nəsimi polisi qərardan verilən şikayəti necə "itirdi"

Fevralın 2-də müstəntiqin qərarından Nəsimi Rayon Prokurorluğuna şikayət verilib. Bu şikayət prokurorluğun dəftərxana rəisi Elmira Rəhimova tərəfindən rəsmi qaydada imzalanaraq qəbul edilib.

Elə həmin şikayət ərizəsi araşdırılması üçün fevralın 3-də rəsmi məktubla Nəsimi RPİ-nin İstintaq şöbəsinə göndərilib.

Zərərçəkmişin hüquqi nümayəndəsi deyir ki, bir aydan artıq vaxt keçməsinə baxmayaraq, istintaqın rəisi Oruc Əmiraslanov tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş qaydada şikayətə münasibət bildirilməyib. İstintaq rəisi iddia edib ki, guya şikayət prokurorluğa daxil olmayıb.

S.Vəkilov qeyd edir ki, bir neçə dəfə şikayətin nəticəsi ilə bağlı Nəsimi Polis İdarəsinə gedib. Amma O.Əmiraslanovla görüşmək mümkün olmayıb. Nəsimi RPİ-dən bildirilib ki, istintaq rəisinin başı mühüm işlərə qarışıb, Daxili İşlər Nazirliyindən yoxlama var və ona görə də onu qəbul edə bilmir. Bir müddətdən sonra isə bəlli olub ki, Daxili İşlər Nazirliyi Nəsimi Rayon Polis İdarəsini deyil, məhz istintaq şöbəsini "yoxlayırmış".

Bu "yoxlamalara" başı qarışdığı cavabı ilə məktuba cavabı bir aydan artıq gecikdirən O.Əmiraslanov faktiki olaraq dələduzu himayə etməklə məşğuldur. Zərərçəkənin hüquqi nümayəndəsi S.Vəkilovun sözlərinə görə, işin xətm olunması barədə məlumatlandırılarkən şikayət verəcəklərini dərhal müstəntiqin nəzərinə çatdırıblar:

"Bizə bu barədə məlumat veriləndə şikayət verəcəyimizi dedik. Şikayət məktubunu hazırladıq və Nəsimi Prokurorluğunda qeydiyyatdan keçirdik.

Ancaq uzun müddətdir ki, Nəsimi Rayon Polis İdarəsinin İstintaq şöbəsinin rəisi Oruc Əmiraslanov məktubu qeydə almamaq üçün müxtəlif bəhanələr gətirir. Birinci dedilər ki, baş qarışıqdır, nazirlik idarədə yoxlama aparır.

Üç gündən sonra isə dedilər ki, idarə deyil, istintaq şöbəsi yoxlanılır, başımız qarışıqdır. Bir həftədən sonra dedilər, DİN-in yoxlaması başa çatmayıb. Bax beləcə, işi uzatmaqla məşğuldurlar".

S.Vəkilov bildirib ki, müvəkkilinin qeyri-rəsmi mənbədən əldə etdiyi məlumata görə, Nəsimi Rayon Polis İdarəsində heç bir yoxlama-filan aparılmayıb:

"Əvvəla, yoxlamanın aparılıb-aparılmaması bizə cavabın bu qədər gecikməyinə səbəb ola bilməz. Digər tərəfdən, əgər yoxlama yoxdursa, niyə belə bir bəhabə gətirilir? Dolayısı ilə bu fakt İstintaq şöbəsinin əməlində dələduzluq olduğu şübhəsi mövcud olan şəxsin himayəsindən başqa bir şey deyil".

S.Vəkilov Fərəculla İdrisovun məhkəmə zamanı da istintaqa verdiyi ifadəsindən imtina etdiyi və istintaqa yalan danışdığını boynuna almasını diqqətə çatdıraraq, bu şəxslə bağlı ciddi araşdırmaya ehtiyac olduğu halda onun məsuliyyətdən kənarda saxlanılması üçün Nəsimi polisinin əldən-ayaqdan getməsini anlamadığını bildirib:

"Nəsimi Rayon Məhkəməsində gedən cinayət işi prosesindəki ifadəsində F.İdrisov heç bir səbəb gətirmədən istintaqı aldatdığını etiraf elədi və tamamilə başqa bir ifadə verdi. Onun bu sözləri məhkəmədə protokollaşdırılıb və biz artıq onun istintaqa və məhkəməyə yalan ifadələri ilə bağlı vəsatətlərimizi hazırlamışıq. Belə bir şəxsin ifadəsini əsas götürməklə, digər şahidlərin ifadəsini almadan və araşdırma aparmadan Nəsimi RPİ-nin İstintaq şöbəsi işi niyə xətm edib? Bizim verdiyimiz şikayət məktubunu niyə cavablandırmır və sorğulardan yayınır? Şikayət məktubunu rəsmi qeydiyyat nömrəsi ola-ola, niyə yoxa çıxardıb? Bütün bunlar araşdırılmalıdır".

S.Vəkilovun sözlərinə görə, zərərçəkən tərəf bu qanunsuzluq üzündən Daxili İşlər naziri, general-polkovnik Ramil Usubiva müraciət də hazırlayır.

Xatırladaq ki, mərhum E.Tofiqqızı 2013-cü il sentyabrın 20-də "Medi Sina" klinikasında süd vəzi kanalının popilloması əməliyyatı zamanı həkim səhlənkarlığından dünyasını dəyişib. Sentyabrın 25-də Nəsimi Rayon Prokurorluğunda fakt üzrə cinayət işi başlanılıb. 2014-cü il aprelin 10-da isə iş Nəsimi Prokurorluğundan alınaraq, Bakı Şəhər Prokurorluğuna, müstəntiq Vaqif Süleymanovun icraatına verilib. Hazırda iş Nəsimi Rayon Məhkəməsində hakim Şəlalə Həsənovanın icraatındadır. Nəsimi Rayon Məhkəməsində yalnız həkimlərdən biri - anestezioloq Firuz İbrahimov CM-in 124.1 (ehtiyatsızlıqdan adam öldürmə) və 320.1 (hüquqi sənədləri bilə-bilə saxtalaşdırma) maddələri ilə ittiham olunur. Prokurorluq onkoloq Mahir Məmmədov və assistent Fərəcullah İdrisovun əməllərində vergidən yayınma və dələduzluğa cəhd faktları aşkarladığından, araşdırılması üçün materiallar müvafiq olaraq Vergilər Nazirliyinin İstintaq İdarəsinə və Nəsimi Rayon Polis İdarəsinə göndərilib.

Nəsimi Rayon Polis İdarəsi dələduzluğa cəhd maddəsi ilə cinayət işi açmaqdan imtina etdiyi üçün zərərçəkən tərəf Nəsimi Rayon Prokurorluğuna şikayət verib.