Dövlət Sərhəd Xidməti (DSX) narkotik vasitələrin qanunsuz dövriyyəsi və qaçaqmalçılığa qarşı mübarizə tədbirləri nəticəsində külli miqdarda narkotik vasitəni dövlət sərhədindən keçirməyə cəhd edən qrupu ifşa edib. Dövlət Sərhəd Xidməti (DSX) narkotik vasitələrin qanunsuz dövriyyəsi və qaçaqmalçılığa qarşı mübarizə tədbirləri nəticəsində külli miqdarda narkotik vasitəni dövlət sərhədindən keçirməyə cəhd edən qrupu ifşa edib.

Nazir narkotiklə tutulan məmuru işdən qovdu - Rəsmi

Dövlət Sərhəd Xidməti (DSX) narkotik vasitələrin qanunsuz dövriyyəsi və qaçaqmalçılığa qarşı mübarizə tədbirləri nəticəsində külli miqdarda narkotik vasitəni dövlət sərhədindən keçirməyə cəhd edən qrupu ifşa edib.



DSX-nin mətbuat mərkəzindən verilən məlumata görə, martın 5-də saat 24:00 radələrində Cəlilabad rayonunun Dələli kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində xidmətin əməkdaşları qaçaqmalçılıq yolu dövlət sərhədindən narkotik maddələri keçirən Salyan rayon sakinləri Hüseynov Rövşən Balaqardaş oğlunu və Mirzəyev Təlatun Abdul oğlunu "Mercedes" markalı 99 NN 353 nömrə nişanlı avtomobillə saxlayıblar.

Xidmət əməkdaşlarının qanuni tələblərinə məhəl qoymayaraq gözyaşardıcı qazdan istifadə etməklə hadisə yerindən qaçmağa cəhd göstərən şəxslər sərhədçilər tərəfindən yaxalanıblar.

Saxlanılmış şəxslərin üzərinə baxış keçirilərkən 4 kiloqram tiryək, 4 ədəd mobil telefon, 1 ədəd gözyaşardıcı qaz balonu aşkar edilərək götürülüb.

Faktla bağlı DSX-nin İstintaq və Təhqiqat İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 318 (dövlət sərhədini qanunsuz keçmə), 206 (qaçaqmalçılıq), 234 (narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddələri ilə cinayət işi başlanıb, həmin cinayətin iştirakçılarına qeyd olunan maddələrlə ittiham elan edilərək barələrində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib. Cinayəti törətmiş digər iştirakçıların müəyyən edilərək məsuliyyətə cəlb olunması məqsədilə əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.

AzNews.az xəbər verir ki, virtualaz.org saytı həbs edilənlərdən biri haqda sensasion məlumatlar əldə edib.

Belə ki, Salyan rayonunun Kürqaraqaşlı kənd sakini olan 1968-ci il təvəllüdlü Rövşən Balaqardaş oğlu Hüseynov Kənd Təsərrüfatı Naziriliyi "Aqrolizinq" ASC-nin Salyan filialının rəhbəri işləyib. Maraqlıdır ki, martın 5-də həbs edilən R.Hüseynov bundan bir gün sonra - martın 6-da işdən çıxarılıb.

Qeyd edək ki, kənd təsərrüfatı nazir Heydər Əsədov həmin gün - martın 6-da "Aqrolizinq"in 2014-cü ildəki fəaliyyətinə həsr olunmuş müşavirə keçirib. Nazir fəaliyyətində nöqsanlara yol verən bir neçə əməkdaşı cəzalandırıb. ASC-nin aqrotexniki xidmət və təchizatın təşkili şöbəsinin müdiri və 8 rayonun aqroservis filiallarının rəhbəri tutduğu vəzifədən azad olunub. Vəzifədən azad edilən 8 filial rəhbərləindən biri də R.Hüseynov olub. Amma R.Hüseynov işdən azad olunduğu həmin müşavirədə iştirak etməyib. Çünki bu zaman artıq həbsdə olub. Ona görə də nazir onu işdən, necə deyərlər, qiyabi şəkildə çıxarıb.

Onu da qeyd edək ki, Rövşən Hüseynov "Aqrolizinq"dəki işindən əvvəl digər vəzifədə çalışıb. O, uzun illər Kürqaraqaşlı kənd bələdiyyəsinin sədri olub.

Xatırladaq ki, R.Hüseynov barəsində Səbayel Rayon Məhkəməsinin qərarı ilə 4 aylıq həbs-qətimkan tədbiri seçilib. O, hazırda Kürdəxanı İstintaq Təcridxanasında saxlanılır.

R.Hüseynovla bərabər saxlanılan digər şəxsə Təlatun Mirzəyevə gəlincə isə o da rayonda vəzifə sahibi olub. 2004-2005-ci illərdə "Azərpoçt" İstehsalat Birliyinin Salyan rayon şöbəsinin müdiri olub.