Azərbaycanlı oliqarx Bakıda həbs olundu

Oliqarx Nizami Piriyev Bakıda həbs olunub.

Hüquq-mühafizə orqanlarındakı mənbələrdən virtualaz.org saytına verilən məlumata görə, məhkəmə oliqarx barədə 4 aylıq həbs-qətimkan tədbiri seçib.

Məlumata görə, N.Piriyev fırıldaqçılıqda və ictimai əmlakı mənimsəməkdə ittiham olunur.

Qeyd edək ki, Nizami Piriyev "PNN Group" şirkətinin təsisçisi və sahiblərindən biridir. Şirkətin digər sahibi onun oğlu Nəsib Piriyevdir.

"PNN Group" şirkətinin əsas aktivləri neft kimyası sənayesində və metanol istehsalı sahəsində fəaliyyət göstərən "AzMeCo" şirkətindədir.

Bundan əlavə "PNN Group" şirkəti "De Beers" və "Hamleys" brendlərinin tərəfdaşıdır. Piriyevlər bu şirkətin Azərbaycan və Ukraynada mağazalarını açıblar. "KFC" qəlyanaltıxanalar şəbəkəsi də bu ölkələrdə Piriyevlərin idarəçiliyi ilə fəaliyyət göstərir. Onlar iki ölkədə artıq 50 "KFC" obyekti açıblar.

"PNN Group" öz maliyyə aktivlərinin həcminin 650 milyon dollar olduğunu rəsmən bəyan edib.



Qeyd edək ki, Nizami Piriyev və oğlu Nəsib Piriyev 2011-ci ildə Britaniyanın keçmiş baş naziri Toni Bleyeri Bakıya gətirən iş adamları kimi tanınır.

Piriyevlər Toni Bleyeri Bakının Qaradağ rayonunda metanol zavodunun təməlqoyma mərasiminə dəvət etmiş və ona yüz minlərlə dollar qonorar ödəmişdilər. Bu qonorara görə Bleyer ölkəsində kəskin tənqidlərə məruz qaldı.

ABŞ-ın Texas ştatından alınan köhnə zavodun Qaradağda quraşdırılıb başa çatması 2012-ci ildə baş verdi. Piriyevlər bildirirdi ki, zavodun istehsal etdiyi metanolun əsas müştərisi BP şirkəti olacaq. Lakin bu günlərdə gözlənilmədən məlum oldu ki, SOCAR Piriyevlərin zavodunun xammalını - təbii qazı dayandırıb. Nəticədə zavod fəaliyyətini dayandırmalı olub.