Bacısı qızını amansızlıqla qətlə yetirdi - FOTOLAR

Bakı Ağır Cinayətlər Məhkəməsində Yasamal rayon sakini Vamiq Aslanovun (1973-cü il təv.) CM-nin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 228.4-cü (qanunsuz olaraq soyuq silahı əldə etmə, satma və ya gəzdirmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə baxışı yekunlaşıb.
AzNews.az oxu.az-a istinadən xəbər verir ki, bu il aprelin 17-də Xəzər RPİ və prokurorluq əməkdaşları daxil olan məlumat əsasında Buzovna qəsəbəsinin Naxçıvani küçəsi, döngə 13, ev №5-də üzərində zorakılıq əlamətləri ilə şəhər sakini Nigar Məliklinin meyitini aşkar ediblər. Aparılan sorğu-sualla müəyyən edilib ki, qız dayısı Vamiq Aslanov tərəfindən öldürülüb. Faktla bağlı rayon prokurorluğunda CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Təyin olunan məhkəmə-tibbi ekspertizasının rəyinə görə, N.Məliklinin bədən səthində 34 ədəd deşilmiş-kəsilmiş yaralar aşkar edilib. Mərhumun ölümünə ciyərlərin, arteriya və venalarının deşilmiş-kəsilmiş yaraları nəticəsində törəmiş kəskin qanitirmə səbəb olub.

Hadisədən sonra qaçıb gizlənən şəxsin yeri 8 gündən sonra müəyyən edilib, ayın 25-də Vamiq Aslanov Səbail RPİ 9-cu polis bölməsi və Xəzər RPİ 2-ci polis bölməsi əməkdaşları tərəfindən saxlanılaraq, istintaqa təqdim edilib. Dindirmə zamanı, o cinayəti namus üstündə törətdiyini bildirib.

İstintaqla müəyyən edilib ki, Vamiq Aslanovla Nigar Məlikli arasında, sonuncunun mərhum bibisinə məxsus Yasamal rayonu, A.Şaiq küçəsi, 127 ünvanında yerləşən evindən qeydiyyatdan çıxmaması ilə əlaqədar uzun müddət sözlə mübahisələri davam edib. Ayın 17-si günorta saat 14 radələrində Aslanovun hamam otağındakı su kranını qırması və döşəməsini çirkləndirməsi ilə əlaqədar evə gələn Nigar ona qarşı nalayiq sözlər işlədib. Onun bu sözlərindən Vamiq hiddətlənib, nəticədə aralarındakı mübahisə daha da gərginləşib və Nigar ona məxsus, evdə saxladığı açılıb-qatlanan bıçağı otaqdakı rəfin üstündən götürərək onun başına atacağını bildirib. Aslanov qızın üzərinə getməklə, ona sillə və təpik vurub, bıçağın Nigarın əlindən yerə düşməsindən istifadə edərək kəsici aləti götürüb, açıb və sonuncuya çoxsaylı zərbələr endirib.

Məhkəmə prosesində Vamiq Aslanov elan olunmuş ittiham üzrə özünü qismən təqsirli hesab edərək bildirib ki, bacısı Mehriban işə gedərkən onun yatdığı qonaq otağına girərək, evindən çıxıb getməsini istəyib. Ümumiyyətlə, Mehriban bu sözləri ona evində qaldığı müddətdə dəfələrlə deyib, o hər dəfə cavabında "gedin ərizə yazın və Yasamaldakı evimdən qeydiyyatdan çıxın" deyə bildirəndə, bacısı "mən və qızım Nigar qeydiyyatdan çıxmayacağıq, bəyənmirsənsə bizim evdən çıx get" söyləyib.

Həmin gün səhər bacısı oğlu Zaur oxuduğu məktəbə gedib, saat 11 radələrində Vamiq qapının döyüldüyünü eşidərək, qohumu Fərhaddan qapını açmasını xahiş edib, sonuncu qapını açan zaman Nigar içəri daxil olaraq onu söyməyə başlayıb, "sənin arzuların ürəyində qalacaq, biz sənin qanını içəcəyik və qeydiyyatdan çıxmayacağıq" kimi sözlər deyib və qonaq otağındakı rəfdən bıçağı götürüb, bağlı vəziyyətdə ona göstərərək "bunu sənin başına vuraram" bildirib.

Bu sözdən sonra Aslanov Nigarın üzərinə hücum edib, sonuncu dəhlizə tərəf geri çəkilərkən sağ əli ilə qızın sifətinə bir dəfə zərbə vurub. Onlar mübahisə edən zaman Fərhad qonaq otağında televizora baxıb və mübahisələrinə müdaxilə etməyib. Nigar yıxıldıqdan sonra Vamiq bıçağı yerdən götürüb və sol əli ilə qızın saçından tutub, qarın nahiyəsinə bir zərbə endirib. Ardınca onu yıxılmağa qoymayaraq sayı dəqiq yadında qalmayan şəkildə Nigara çoxlu sayda bıçaq zərbələri endirib, təxminən 4-cü zərbədən sonra qız huşsuz vəziyyətə düşərək onu söyməyini dayandırıb.

Sonuncunun artıq səsinin gəlmədiyini hiss edərək, öldüyünə əmin olub, amma ona olan acığını çıxmaq üçün sonradan bədəninin müxtəlif nahiyələrinə yenidən zərbələr endirməyə davam edib. Qızı sol əli ilə artıq saxlaya bilmədiyi üçün, zərbələri dayandıraraq Nigarı buraxıb və o dəhlizdə arxası üstə yerə yıxılıb. Özü həmin vaxt heç bir xəsarət almayıb, bütün zərbələri sağ əlində tutduğu bıçaqla vurub.

Hadisədən sonra o, Fərhada Mehribanın oğlu Zaurun məktəbdən gələcəyini deyərək, qapını açmasını tapşırıb. Aslanovun sözlərinə görə, cinayətdə istifadə etdiyi bıçaq ona məxsus olmayıb, həmin alət Mehribanın evində olub. Hadisədən sonra bıçağı yuyub, qanlı paltarları dəyişərək digər paltarlar geyinib. Vamiq Aslanov törətdiyi əməldən peşman olduğunu bildirərək məhkəmədən ona yüngül cəza verilməsini xahiş edib.

Zərərçəkmiş şəxsin hüquqi varisi Mehriban Aslanova bildirib ki, Vamiqin Nigarı öldürməsinə səbəb ev və ya mülk məsələsi olmayıb. O hesab edib ki, qardaşının onlardan tez-tez pul istəməsi, evi həmişə dağınıq halda saxlaması, saatlarla hamam otağında yuyunması və oradan çıxmaması səbəbindən həmin hadisə baş verib. Mehriban Aslanova təqsirləndirilən şəxsin qanunla nəzərdə tutulmuş qaydada cəzalandırılmasını və ona ömürlük azadlıqdan məhrum etmə cəzasının verilməsini xahiş etdiyini bildirib.

Məhkəmə tərkibi mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, iş üzrə toplanmış sübutların və onların məcmusunun tam və hərtərəfli baxılmasına əsaslanmaqla belə nəticəyə gəlib ki, xüsusi amansızlıqla qəsdən adam öldürmə və qanunsuz soyuq silahı əldə gəzdirmə cinayət əməllərinin Vamiq Aslanov tərəfindən törədilməsi sübutlar toplusu ilə öz təsdiqini tapıb.

Məhkəmənin hökmü ilə V.Aslanov cəzasının ilk 4 ilini həbsxanada, qalan hissəsini ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 20 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.