Firuz Mustafa: “Yalandan da deyirlər ki, gənclərə qapı açmışıq” Firuz Mustafa: “Yalandan da deyirlər ki, gənclərə qapı açmışıq”

“Teatr rəhbərləri yaxşı əsərləri kənara atırlar” - İDDİA

Firuz Mustafa: “Yalandan da deyirlər ki, gənclərə qapı açmışıq”



Millət vəkili Sabir Rüstəmxanlı mətbuata açıqlamasında Azərbaycan teatrlarında monopoliyanın baş alıb getdiyini dilə gətirib: "Teatrlarımızda eyni müəlliflərin eyni əsərləri səhnələşdirilir. Hər mövsüm eyni sənətkarın yaradıcılığına müraciət olunur. Əsərlərin hazırlanması sahəsində də monopoliya yaranıb. Eyni əsərlərlə Azərbaycanın dramaturgiyasını teatr sənətində yetərincə təqdim etmək olmaz".

S.Rüstəmxanlının fikirləri ilə razılaşan yazıçı-dramaturq Firuz Mustafa AzNews.az-a açıqlamasında teatrların repertuarları bir neçə müəllif tərəfindən zəbt edildiyini bildirdi: "Bu səhnəyə qoyulan əsərdən asılıdır. Əgər o, yaxşı bir əsərdirsə, 10 il də səhnədə qala bilər. Maraqlı əsər heç bir monopoliyaya dəlalət etmir. Amma təəssüf ki, bizdə teatr rəhbərləri yaxşı əsərləri kənara atırlar. Bəzən müəyyən əsərləri zorla teatrlara sırıyırlar. Sonra da bu əsərlərə zor gücünə tamaşaçı gətirirlər. Həmin müəlliflərin əlləri müəyyən idarə və təşkilatların direktorlarının qapısına qədər uzanır. Ona görə də guya, bu "əsərlər" "yaxşı" oynanılır".

F.Mustafanın fikrincə, teatrlarda rəngarənglik yoxdur: "Repertuara baxanda hər şey aydın görünür. Bir necə müəllifdən başqa repertuarda heç kəs yoxdur. Xüsusən də Akademik Milli Dram Teatrında. Bəyəm bu dövlətin teatrı həmin dramaturqlara xidmət etməlidir? Axı bu dövlət teatrıdır. Onlar repertuardan düşmək istəmirlər. Akademik Milli Dram Teatrının ən gənc rejissorunun, dramaturqun yaşı 60-dır. Yalandan da deyirlər ki, gənclərə qapı açmışıq. Yalandır. Onlar hansı qapıdan danışırlar? Mənim özümdə nə qədər gəncin pyesi var. Amma nə olsun. Mən heç öz əsərlərimi teatrların qapısından içəri sala bilmirəm".

Bahar Rüstəmli
AzNews.az