Həsənağa Turabov xatırlandı: “O, əsl kişi idi”

Akademik Milli Dram Teatrında sənətkarın 75 illiyi ilə bağlı tədbir keçirildi



Dünən Akademik Milli Dram Teatrında xalq artisti, mərhum sənətkar Həsənağa Turabovun anadan olmasının 75 illik yubileyi ilə bağlı mərasim keçirilib. Tədbir qələbəliyi ilə diqqətləri cəlb edib. Belə ki, sənət və elm adamlarından tutmuş, siyasi xadimlər, millət vəkillərinə qədər çoxsaylı iştirakçılar Həsənağa Turabov işığına toplanmışdı.

Gələn qonaqlar ilk öncə mərhumun həyat və yaradıcılığını özündə əks etdirən sərgi ilə tanış oldu. Nəhayyət ki, hamının gözlədiyi an... Musiqi altında teatr səhnəsinin pərdələri açıldı, işıqlar yandırıldı. Qəribə bir səhnə: Həsənağa Turabov "səhnə"də idi. Amma bu dəfə fotolarla...

Həmin fotollar sənətkarın səhnə ilə yanaşı kino sənət dünyasında qoyduğu izlərdən xəbər verirdi. Elə gecənin aparıcısı teatrşünas Məryəm Əlizadə də deyəsən, o illərin xatirələrində idi. Aparıcı danışdı...Sənətkarın sənət ilə yanaşı həyatdakı mövqeyindən, insanlığından, ən nəhayət şəxsiyətindən söz açdı. Və sonda o, sənətkar haqda bir cümləylə dikrini yekunlaşdırdı: "O, əsl kişi idi".

Sonra çıxış üçün səhnədə Mədəniyyət və Turizm nazirinin müavini Ədalət Vəliyev göründü. O, aktyorun yarımçıq qalan, ən böyük arzusu olan və onu sonrakı həyata bağlaya biləcək bir obrazdan söhbət açdı: "Həsənağa Turabov "Ağa Məhəmməd Şah Qacar" oynayacaqdı. Bunun üçün dəfələrlə yanıma gələrək, bu rolu oynamaq istədiyini bildirdi. Özü də o, bu işə mərhum rejissor Vaqif İbrahimoğlu ilə birgə başlamışdı. Nə yazıq ki, nə o, bu rolu oynaya bildi, nə Vaqif İbrahimoğlu bunu hazırladı. Allah hər ikisinə rəhmət eləsin. Amma Mədəniyyət və Turizm Naziri Əbülfəz Qarayev onun bu arzusunu reallaşdırmaq üçün sərəncam verdi. Biz bu tamaşanı onun 75 illik yubileyinə həsr edirik".

Daha sonra isə aktyorun sənət dostları onun haqqında xatirələrini bölüşdülər.

Bahar Rüstəmli
AzNews.az