Azərbaycanın xalq artisti vəfat etdi

Gənc Tamaşaçılar Teatrının aparıcı səhnə ustası, xalq artisti Solmaz Qurbanova bu səhər uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

Bu barədə xalq artistinin yaxınları məlumat veriblər. Qeyd edək ki, aktrisa uzun illərdir iflic idi və ev şəraitində müalicə olunurdu.

Xatırladaq ki, Solmaz Qurbanova 1939 cu ildə anadan olub. Sənətə 1955-ci ildən Azərbaycan Gənc Tamaşaçılar Teatrından fəaliyyətə başlayıb. Yeniyetmə oğlan rollarında çıxış etmiş Solmaz xanım teatrın səhnəsində əvəzolunmaz ifası ilə yaddaqalan obrazlar yaradıb. Onun Qavroş (V.Hüqonun "Səfillər" romanı əsasında), Antonio ("Puerto Sorido alovları", M.Minçkovski), Rəcəb ("Anacan", Y.Əzimzadə ), Petya ("İnqilab naminə", M.Şatrov), Kamal ("Sehrli yaylıq", K.Həsənov) , Cülyetta, Culiya ("Romeo və Cülyetta", "İki veronalı", U.Şekspir), kraliça ("İki ağanın bir nökəri", K.Qoldoni), Cemma ("Ovod", E.Voyniç), Flavio ("Sükut divarı", P.Missini), Yaqut ("Məlikməmməd", Ə.Abbasov), Paşa xala ("Unutmayın", Y.Əzimzadə), Dilarə ("Ötən ilin son gecəsi", Anar), Şəcərət ("Əlvida, Hindistan", Q.Rəsulov), Afərid ("Söhrab və Rüstəm", İ.Coşğun), Bibi ("Bala bəla sözündəndir" Əli Əmirli), Qəmər banu - ("Mahmud və Məryəm" Elçin) və s. rolları bu gün də teatrsevərlər tərəfindən xatırlanır.//milli.az//

AzNews.az