“Cib kitabı“ seriyasından “Pozuq fotoşəkillər“

"Zero" nəşriyyatının "Cib kitabları" seriyasından tanınmış yazar Şərif Ağayarın "Pozuq fotoşəkillər" adlı şeirlər kitabı işıq üzü görüb.


Kitabla bağlı müəllif öz fikirlərini bölüşüb: "Bu kitab "Zero" nəşriyyatının təşəbbüsü ilə buraxılıb. Məqsəd şeirlərdən ibarət yığcam, cibə yerləşəcək kitab hasilə gətirmək idi. Təşəkkür edirəm və alqışlayıram.

"Pozuq fotoşəkillər"də vaxtı ilə populyar olan epik şeirlərim yer alıb. Bu şeirlər bir silsilə idi. Bəzisi 2002-ci ildə çap olunan kitabda yer alsa da, çoxu sonra yazıldığından kənarda qalmışdı. Qərara gəldik ki, silsiləni bütövlükdə təqdim edək. Məncə maraqlıdır...

Kitabda yeni yazdığım başqa şeir nümunələri də var".

"Pozuq fotoşəkillər" "Cib kitabları" seriyasının sayca üçüncü kitabıdır. Bundan əvvəl nəşriyyatda Frans Kafkanın "İmperatorun sifarişi" (hekayələr) və Umberto Ekonun "Esselər" kitabları işıq üzü görüb.

Yaxın günlərdə "Pozuq fotoşəkillər" kitabının təqdimat və imza mərasimi keçiriləcək.

Kitabı şəhərin kitab mağazalarından və "Bizim market" şəbəkəsindən əldə etmək mümkündür. "Cib kitabı" seriyasından çıxan digər kitablar kimi "Pozuq fotoşəkillər"in də satış qiyməti 2,5 manatdır.

AzNews.az