“Şeron” “Susma” mahnısına çəkilən klipdən imtina etdi

Bu gün "Şeron" qrupu bəstəkar Hüseyn Abdullayevin "Susma" klipi ilə bağlı mətbuat konfransı keçirib.

APA-nın məlumatına görə, "Şeron" qrupunun üzvü Ülvi Cəfərov mahnıya çəkilən klipə etiraz edərək bildirib ki, mahnı vətənpərvər mövzuda oxunub, lakin mahnıya başqa görüntülərin verilməsi onun motivini tamamilə dəyişib: "Son vaxtlar bu kliplə bağlı qrup ətrafında qalmaqal yaranıb. Bu mahnını biz vətənpərvər mövzuda oxumuşuq. Lakin təəssüflər olsun ki, bu klipə hansısa mitinqdən çəkilmiş görüntülər verilib. Bu düzgün deyil. Yaxşı olardı ki, bu mahnıya Xocalı soyqırımı, işğal olunmuş torpaqlarla bağlı klip çəkiləydi. Biz indiyə qədər bəstəkar Hüseyn Abdullayevin bir neçə mahnısını ifa etmişik, lakin ilk dəfədir ki, bu cür halla rastlaşmışıq".

Qrupun üzvü Məlik Hacıyev isə qeyd edib ki, bu mahnıya çəkilən klipdən onlara qarşı olan haqsızlığa görə imtina edirlər: "Çünki klipdəki görüntülərdən bizim xəbərimiz yoxdur. Bu mahnıdan öncə bir neçə mahnı ifa etmişik. Biz istərdik ki, o mahnıya Qarabağ hadisələrindən görüntülər qoyulaydı. Mətbuatda informasiyalar yayılıb ki, guya bu mahnıdan sonra bizə təzyiqlər var və bizi televiziyalara buraxmırlar. Bəyan edirik ki, bizə qarşı heç bir təzyiq yoxdur və olmayıb. Biz müğənniyik və mahnını vətənpərvər bir mahnı kimi oxumuşuq. Bizim bu görüntülərdən xəbərimiz yoxdur".

Sonda qrup "Susma" mahnısına çəkilən klipdən imtina etdiyini bəyan edib.

AzNews.az