Prezident qızları film premyerasında- Fotolar

ÜNS Yaradıcılıq Səhnəsində Müslüm Maqomayevin xatirəsinə həsr edilmiş filmin premyerası olub


Noyabrın 12-də ÜNS Yaradıcılıq Səhnəsində dünya şöhrətli müğənni və bəstəkar Müslüm Maqomayevin xatirəsinə həsr edilmiş "Beşikdən əbədiyyətə qədər" filminin premyerası olub.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva filmə baxıblar.

Tədbir iştirakçıları əvvəlcə teatrın foyesində Müslüm Maqomayevin həyat və yaradıcılığından bəhs edən fotosərgi ilə tanış olublar.

Filmin nümayişindən əvvəl M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, professor Nərgiz Paşayeva Müslüm Maqomayevin xanımı, SSRİ Xalq Artisti Tamara Sinyavskayanı və Mstislav Rostropoviç Fondunun prezidenti Olqa Rostropoviçi və tədbir iştirakçılarını salamlayıb.

Professor Nərgiz Paşayeva deyib ki, Müslüm Maqomayevin adı təkcə Azərbaycanın deyil, Rusiyanın, ümumiyyətlə, bəşəriyyətin tarixinə əbədi daxil olmuşdur. O, əsl ulduzlar kimi uzun ömür yaşamamış, bir dəfə səmadan bizim üçün yerə enmiş və sonra yenidən ora dönmüşdür. Biz həmişə onu böyük insan, sədaqətli dost, əsl ustad, vətənpərvər, daxilən və zahirən gözəl şəxsiyyət kimi xatırlayacağıq. İnsanları bir-birindən ayıran zaman və məkan Müslüm Maqomayevin xatirəsi qarşısında gücsüzdür.

Gənc rejissor Mehdi Məmmədovun çəkdiyi filmi yüksək qiymətləndirən professor Nərgiz Paşayeva qeyd edib ki, biz Müslüm Maqomayevin səsini və ifasını eşitməyə adət etmişik. Bu filmdə isə həm də onun qəlbinin səsini eşidəcəyik. Filmin mətni Müslüm Maqomayevin memuarları əsasında yazılıb.

Rektor Nərgiz Paşayeva diqqətə çatdırıb ki, M.Maqomayevin "Mavi əbədiyyət" mahnısını təkcə dəniz haqqında nəğmə adlandırmaq sadəlövhlük olardı. Mənə elə gəlir ki, bu mahnı həyatın özüdür, Müslüm Maqomayevin dərk edilməsidir. Biz böyük ustadın, təmiz qəlbli və vicdanlı insanın xatirəsi qarşısında baş əyirik.

Sonra "Beşikdən əbədiyyətə qədər" filmi nümayiş etdirilib.

SSRİ Xalq Artisti Tamara Sinyavskaya filmin ərsəyə gəlməsində bütün əməyi olanlara dərin təşəkkürünü bildirib. Diqqətə çatdırıb ki, Müslüm Maqomayevi yaxından görməmiş filmin rejissoru onun ərsəyə gəlməsində böyük zəhmət çəkib və nəticədə uğurlu bir əsər yaradıb. Sənətkarın xanımı onu da qeyd edib ki, filmdə onların gənclik dövrünü əks etdirən kadrlar mənə xoş təsir bağışlayır. T.Sinyavskaya deyib ki, Azərbaycan mənim üçün doğma və əziz ölkədir.

Qeyd edək ki, tədbirdə müğənni Emin Ağalarov da iştirak edib.

AzNews.az