“Hüseyn Cavid. Əsərləri” kitabı nəşr olunub – Təqdimat


İstanbulda nəşr olunan "Hüseyn Cavid. Əsərləri" kitabının təqdimatı keçirilib.

AzNews.az-ın məlumatına görə, Qafqaz Universitetində keçirilən təqdimatda bildirilib ki, nəşr Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun təşəbbüsü və "Kaspi" qəzeti-Kaspi Təhsil Mərkəzinin layihəsi əsasında çap olunub.

Tanınmış alimlərin, müəllim və tələbələrin iştirak etdikləri tədbirdə Qafqaz Universitetinin rektoru, professor Əhməd Saniç Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair və dramaturq Hüseyn Cavidin zəngin yaradıcılığından, ədəbiyyata verdiyi töhfələrdən danışıb. Rektor Hüseyn Cavidin Türkiyədə çap olunan əsərlərinin əhəmiyyəti vurğulanıb.

Filologiya üzrə fəlsəfə doktoru, "Kaspi" qəzetinin təsisçisi, Hüseyn Cavid əsərlərinin İstanbul nəşri layihəsinin rəhbəri Sona Vəliyeva dahi ədibin yaradıcılığı barədə məruzə edib.

Kitabın əhəmiyyətindən danışan Sona Vəliyeva qeyd edib ki, bu nəşr Hüseyn Cavidin tədqiq edilməsində mühüm rol oynayacaqdır.

AzNews.az