- Köhnə - Mədəniyyət
- 5 Fevral 2014 16:05
- 6 187
Məhəbbətin vida nəğməsi
Kimsə "o dünyadan gələn səsi eşitmişəm" desə, inanmazsınız. Heç mən də inanmazdım, amma bir neçə dəqiqə əvvəl eşitdiyim səs olmasaydı... Məhəbbət Kazımovun ölümündən bir gün qabaq çəkilən videoya baxdım.
Dostluqdan bəhs edən muğam parçası ifa edən Məhəbbət Kazımovun hər kəlməsi alqışla qarşılanır. İlk olaraq deyim ki, Məhəbbət Kazımovu heç vaxt bir müğənni olaraq bəyənməmişəm. Sadəcə ona həmişə laçınlıların vətən xatirəsini yaşadan bir müğənni kimi baxmışam.
Amma ölümünə cəmi bir neçə saat qalan müğənni son ifasına həsəd apardım. O, əlinə mikrafonu almaqla çox özündən deyən müğənnilərə dərs olacaq ifa nümayiş etdirib. Əcəlin astanasında olan, bədənin yarıdan çox hissəsi işləməyən müğənni son nəfəsində, ölüm ayağında canlı muğam parçası ifa edir. Səsi güclə çıxan, ayaq üstə dayanmaqda çətinlik çəkən, mikrofonu əlində sanki canlı heykəl kimi dayanaraq saxlayan Məhəbbət Kazımov eyni əhənglə, özünə məxsus avazla ifasını edir, bir dəfə belə xaric oxumur.
Yadıma İbrahim Tatlısəs verilişlərdə həmişə dediyi fikir düşür. "İmparator" nə vaxtsa xaric oxuyarsa sənətdən gedəcəyini deyirdi. O, heç vaxt xaric oxumadı, amma səhnədən getdi, xaricdən həyatına edilən sui qəsdlə... Məhəbbət Kazımov da getdi, amma səhnədən yox, həyatdan...
Özü də sui-qəsdsiz, filansız... Kim bilir, bəlkə də hər iki müğənni artıq xaric oxumağın astanasındaymış? Məhəbbət Kazımovun son videosundakı səs özündən yox, o biri dünyadan gəlirdi. Həmişə nərildəyən Məhəbbət Kazımov ölüm ayağında özündə güc toplayıb oxuduğu muğamla dostları, əzizləri ilə vidalaşırdı. Bu səsdəki mənanı isə həmin anda dinləyən dost-tanışları, yaxınları duymayıb nədənsə. Necə duysunlar? Axı Məhəbbətin özü ölsə də, səsi hələ də ölməmişdi...
AzNews.az