Arif Paşayevin yubileyinə seminar həsr olundu– FOTOLAR

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fizika İnstitutunda akademik Arif Paşayevin anadan olmasının 80 illiyinə həsr olunmuş seminar keçirilib.


İnstitutun mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, institut direktoru, fizika-riyaziyyat elmləri doktoru Nazim Məmmədov prezident İlham Əliyevin Sərəncamına əsasən Arif Paşayevin "Elm və təhsilin inkişafında göstərdiyi xidmətlərə" görə, "İstiqlal" ordeni ilə təltif olunmasından danışaraq, akademikin Fizika İnstitutundakı çoxşaxəli fəaliyyəti haqda məlumat verib.

N. Məmmədov vurğulayıb ki, A.Paşayev sonrakı fəaliyyətini Azərbaycan Milli Aviasiya Akademiyasının (MAA) rektoru kimi davam etdirsə də, institutla sıx elmi əməkdaşlıq edib.

AMEA-nın müxbir üzvü, Fizika İnstitutunun elmi işlər üzrə direktor müavini Cavad Abidinov A.Paşayevin elmi-təşkilati fəaliyyəti haqqında məruzə ilə çıxış edib.

O, akademikin 1971-1996-cı illərdə Fizika İnstitutunun "Zədəsiz ölçmə və nəzarətin fiziki üsulları" laboratoriyasına rəhbərlik etməsi, MAA-ya rektor təyin olunduqdan sonra orada apardığı islahatlardan, elm və təhsilin inkişafında gördüyü işlərdən söhbət açıb.

Fizika İnstitutu İnformasiya sektorunun rəhbəri, akademik Çingiz Qacar da A. Paşayevlə bağlı mülahizələrini bölüşüb.

Elmin İnkişaf Fondunun icraçı direktoru Elçin Babayev Arif Paşayevin insanlıq xüsusiyyəti və əməyi ilə böyük nailiyyətlər qazandığını qeyd edib.

E.Babayev həmçinin, rəhbərlik etdiyi fondun MAA ilə bir sıra layihələr həyata keçirməsi, Akademiyanın A.Paşayevin uğurlu fəaliyyəti nəticəsində ölkədə və dünyada həm elmi-tədqiqat, həm də tədris ocağı kimi tanınmasından söhbət açıb.

Daha sonra AMEA-nın akademiki Maqsud Əliyev, müxbir üzv Bahadur Tağıyev, professor Eldar Qocayev, professor Səlimə Mehdiyeva və başqaları Arif Paşayev yubiley münasibəti ilə təbrik ediblər.


Tədbirin sonunda A.Paşayevin həyatı, elmi-təşkilati fəaliyyətinə həsr olunmuş film və institutun muzeyində sərgi nümayiş olunub.









Xəyalə
AzNews.az