Bahar Muradova, Gültəkin Hacıbəyli və Salman Qəmbərov kitabdan danışırlar

AzNews.az "Məşhurların oxuduğu kitab" layihəsini davam etdirir.

Layihənin budəfəki qonaqları millət vəkili, Milli Məclisin vitse-spikeri Bahar Muradova, Milli Şura üzvü, sabiq millət vəkili Gültəkin Hacıbəyli və bəstəkar Salman Qəmbərlidir.

""Böyüməyən uşaqlar" Xocalı sözünün əzabını yenidən yaşamağa vadar etdi"

Milli Məclisin vitse-spikeri Bahar Muradova "Modern.az" saytının rəhbəri Elşad Eyvazlının "Böyüməyən uşaqlar" kitabından danışdı:

"Çox təəssüf edirəm ki, son oxuduğum Parlament Jurnalistləri Birliyinin sədri Elşad Eyvazlının "Böyüməyən uşaqlar" kitabının təqdimat mərasimində iştirak edə bilmədim. Amma əvvəlindən son cümləsinədək oxuduğum bu kitabın içindəki hər bir tarixçə məni Xocalı soyqırımı və Xocalı sözünün əzabını bir daha yenidən yaşamağa vadar etdi. Bu günlərdə televiziya ekranlarından seyr etdiyim bir videosüjet isə daim gözlərimin qarşısındadır.

Həkimlər elə indicə doğulmuş bir körpəni əvvəlcə anasının sinəsi üstünə qoyurlar, uşaq dərhal yanağını anasının üzünə dayayır, sağ əlini isə geniş açaraq onun alnına qoyaraq sanki onu qucaqlamağa çalışır. Elə ki, onu rahatlamaq üçün anasından ayırırlar, körpə çox ucadan qışqıraraq ağlayır. Yenidən onu anasına yaxınlaşdıran kimi sakitləşir və yenə yanağını onun üzünə dayayıb sağ əlini onun alnına qoyur. Bu hal bir neçə dəfə təkrarlanır. Bu kadrlar qarşısında özümü saxlaya bilməyib çox kövrəlmişdim.

Yəqin ki, bu hisslərimdə tək deyil, bu kadrlara baxan minlərlə insanlardan biri idim. Xocalıda dünyaya göz açan minlərlə körpə həmin gecə dünyaya və doğmalarına əlvida dedi. Bir qismi isə bu dəhşətləri bu günədək nə anlaya, nə də qəbul edə bilir. Artıq özləri də ana və övlad sahibi olan bu məsum "uşaqları" dinlədikcə göz yaşlarım quruyur – bəli dinlədikcə. Çünki sanki onlarla üz-üzə, göz-gözəyəm, hər birinin kövrək hıçqırtılarını eşidir, dəhşətdən böyüyən gözlərində bir etiraz, bir qəzəb, eləcə də insan cildində vəhşilərə bir nifrət oxuyuram. Həm də bir qınaq var onlarda – "nə vaxtadək dünya bizə biganə qalacaq? Ədalət yoxmu bu dünyada?" – deyir o gözlər. Arzu edirəm ki, o körpə sağ-salamat böyüsün, atalı-analı olsun, öz evinin, öz yurdunun sahibi olsun. Tanrı isə ürəyimizcə versin. Amin..."

"Milli tariximizlə bağlı dəyərli bir əsərdir"

Milli Şura üzvü, sabiq millət vəkili Gültəkin Hacıbəyli professor Nəsib Nəsiblinin "Güneyli-Quzeyli məsələlərimiz" adlı kitabından söz açdı: "Bu günlərdə bitirdiyim kitab professor Nəsib Nəsiblinin "Güneyli-Quzeyli məsələlərimiz" kitabıdır. Milli tariximizlə bağlı dəyərli bir əsərdir. Mən Nəsib müəllimin bir tarixçi kimi qələmini yüksək dəyərləndirirəm və milli kimliyimiz və tariximizlə bağlı əksər məsələlərdə mövqeyini bölüşürəm. Bu kitabı da çox bəyəndim. Müəllifə uğurlar arzulayıram".

"Gündəliklər"in incəsənətlə bağlı insanlara çox faydası var"

Bəstəkar Salman Qəmbərov Salvador Dalinin "Gundəliklər"ini oxuyur: "Kitabda tarixi, həm də maraqlı faktlar yer alıb. Belə kitabların incəsənətlə bağlı insanlara daha çox faydası var".

Bahar Rüstəmli
AzNews.az