Teatrın sabiq direktoru Mehriban Əliyevaya müraciət etdi - SƏBƏB

"Muğam Teatrı ləğv olunandan sonra bütün səlahiyyətlərim əlimdən alındı. Qalmışam işsiz-gücsüz ".

Bunu AzNews.az-a Muğam Teatrının sabiq direktoru, əməkdar incəsənət xadimi Arif Qazıyev deyib. Direktor Mədəniyyət və Turizm nazir Əbülfəz Qarayevdən incik olduğunu, ondan işlə bağlı təklif gözlədiyini dilə gətirdi: "Əbülfəz Qarayevi gözləyirəm. Məni onlar özü çağırmalıdır. Əbülfəz Qarayev mənə dedi ki, çağıracam gələrsən, baxaq görək sənə verə bilirik. Mən də ondan sonra ürəyim gəlmir ki, o nazirliyə ayaq qoyam. Azərbaycan muğamının inkişafı üçün canımı qoymuşam. Amma mənim zəhmətimin üstündən xətt çəkdilər. Min cür əzab-əziyyətlə bu günə gətirib çıxardığım Muğam Teatrını dağıdıb, yerində sadlıq sarayına bənzəyən bir məkan ediblər. Muğam teatrının icində ağlaşma gedir, mərsiyə deyirlər. Mədəniyyətimizin ən böyük sahəsidir muğam".

Sabiq direktor onu da vurğuladı ki, baş verən haqsızlıqla bağlı Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevaya müraciət ünvanlayıb: "Hazırda həmin müraciətə cavab gözləyirəm. Ümid edirəm k, müraciətim müsbət qiymətləndiriləcək. Muğam sahəsində canını qoyan sənətkarlar var, onlarla bağlı layihəm vardı. İndi o layihəni davam etdirməyə məkanım yoxdur. Bu layihələrin həyata keçməsi üçün Mehriban xanımdan kömək istəyirəm".

Xatırladaq ki, Nazirlər Kabinetinin göstərişi ilə 2014-cü yanvarın 1-dən Azərbaycan Dövlət Muğam Teatrı ləğv edilib.

Bahar Rüstəmli
AzNews.az