- Köhnə - Mədəniyyət
- 11 Oktyabr 2014 13:14
- 3 924
“Azərbaycanın adını eşidəndə məmnun qaldı” – Şahbaz Xuduoğlu Paolo Koelyo ilə görüşündən danışdı
“Qanun” nəşriyyatının sahibi Şahbaz Xuduoğlu bu günlərdə Frankfurtda keçirilən ənənəvi kitab yarmarkasında iştirak edib.
Yarmarkada Azərbaycanı təmsil edən naşir dünyaca məşhur yazar Paolo Koelyo ilə də görüşüb. O, müsavat.com-a müsahibəsində həm yarmarka, həm də bu maraqlı görüş barədə danışıb.
AzNews.az həmin müsahibəni təqdim edir:
-Söhbətə yarmarkadan başlayaq... Necə keçdi, Azərbaycan orada necə təmsil olunurdu?
- Almaniyayada Frankfurt şəhərində hər il bu yarmarka keçirilir. 100-ə qədər ölkə bu yarmarkalarda iştirak edirlər. Azərbaycanı ayrıca olaraq Mədəniyyət və Turizm Nazirliyi təmsil edib. Amma nazirliyin dəvəti ilə bu yarmarkaya qatılan nəşriyyatlar da olub. "Qanun" nəşriyyatı burda müstəqil, nazirliyin dəvəti olmadan iştirak edib. Hər il yarmarkaya bir ölkə qonaq olur. Son illərdə Türkiyə, Çin qonaqlar siyahısında olub. Bu il qonaq Finlandiya idi.
- Yarmarkanın qonağı olmanın statusu nədir? Yəni, qonaq ölkə üçün hansısa bir üstünlüklər var, ya...?
- Yox, qonaq o deməkdir ki, orda həmin ölkənin bütün mədəniyyəti təmsil olunur. Mətbəxindən tutmuş, tarixi, turistik imkanlarına qədər. Bu, dünyanın kitab qismində ən böyük yarmarkasıdır. Ona görə də mədəniyyətin bütün sahələri orda nümayiş etdirilir.
- Azərbaycan nə zamansa yarmarkanın qonağı statusunu qazanıbmı?
- Xeyr, olmayıb. Ümumilikdə deyim ki, bu yarmarka 40-50 ildir keçirilir. Bu, bir cərəyandır. Mən naşir olaraq bu yarmarkaların heç birini buraxmıram. Londondan İstanbula qədər hansı şəhərdə keçirilibsə, orda iştirak etmişəm. Bu yarmarkalar həm də əlaqələrin yenilənməsi deməkdir. Kitabını çap etdiyim yazarlarla görüşmək imkanı qazanıram. Dünya kitabçılığında baş verən yenilikklərdən xəbər tuturam. 1 həftə boyu hamı kitabdan danışır. Ünsiyyət, əlaqələr yaranır, özünü tanıtmaq, onları tanımaq üçün çox yaxşı imkandır.
- Sosial şəbəkədə sizin dünya üzrə məşhur yazar Paolo Koelyo ilə fotolarınızı gördük. Onunla kitab yarmarkasında görüşdüz?
- Bəli, bu il oranın qonağı Paolo Koelyo idi. O, dünyada ən çox satılan yazıçıdır. Bu günə qədər 160 milyon nüsxə kitabı satılıb. O da tədbirdə çıxış etdi, dedi ki, "əslində tanınan adam o deməkdir ki, o nə istəyir, edə bilir. Bəzi hallarda o, gərək çox şeylər istəməsin". Hər adama nəsib deyil ki, 160 milyon nüsxə kitab satdırsın. 45 dəqiqə danışdı. Burda iştirak edənlər onun naşirləri və media idi. Tədbir yalnız aparıcının sualları əsasında qurulmuşdu. Müasir elektron kitab, onun dünyadakı rolu haqqında fikirlərini paylaşdı. Özünün Rusiyadakı nəşri ilə bağlı maraqlı danışdı. Dedi ki, "mənim kitablarım Rusiyada 10 min tirajla dərc edilir. Amma mən Rusiyanı gəzdim. Hər kəs məni oxuyur. Bu o deməkdir ki, elektron pirat həddən artıq çoxdur". O, bir neçə dəfə pirat kitabın əleyhinə çıxan fikirlər səsləndirdi. Xüsusən Rusiya bazarında. Biz də burda pirat kitablar, elektron piratlardan əziyyət çəkirik. Və bu problemin Paolo Koelyo tərəfindən səsləndirilməsi olduqca xoş idi.
- Onunla dialoqunuz oldumu?
- Biz sadəcə zalda görüşdük. Mən dedim ki, Azərbaycandan olan naşirəm. Görüşdük. Onun çevrəsində çox böyük naşirlər var. Təkbətək görüş üçün bunu əvvəlcədən planlaşdırıb etmək olardı. Bizim elektron məktublaşma yolu ilə əlaqələrimiz vardı. Nə lazımdırsa, elektron yazışırıq. Bir detalı yada salım: bir müddət öncə müsahibələrindən birində demişdi ki, gəzməyi sevirəm, hətta Azərbaycana da gələ bilərəm. O vaxt bu məsələ mətbuatda çox hallandı. Azərbaycan Yazıçılar Birliyindən bildirdilər ki, bizim qonağımız ola bilər. Nazirlikdən açıqlama gəldi ki, biz dəvət edəcəyik. Amma sonradan anlaşıldı ki, əslində onun fikirləri yanlış tərcümə olunub. Yəni, yazıçı bildirib ki, mən gəzməyi o qədər çox sevirəm ki, Azərbaycana da gəlmək istərəm. Amma belə tərcümə olundu ki, mən Azərbaycana gələcəm.
- Bütün hallarda Azərbaycanı tanıyır, onun adını bilir... Demək ki, bizim ölkə barədə məlumatlıdır.
- Bəli, bəzi yazarlar Azərbaycan adını eşidən kimi kirpiklərini döyürlər. Harada olduğunu soruşurlar. Amma mən Paolo Koelyoya Azərbaycandan olduğumu deyəndə belə reakiya ilə qarşılaşmadım. Əksinə, çox məmnun qaldı bu tanışlıqdan.
- Dünya kitab bazarının son durumu necədir?
-Ümumiyyətlə, dünyanın hər yerindən gənc yazarlar axtarılır. Vurğu, diqqət onların üzərindədir. Bunu yarmarkada hiss etdim. Mədəniyyət Nazirliyi nümayəndələri ilə görüşdüm. Dedim ki, stendi daha maraqlə etmək üçün gənc yazarlar olmalıdır. Azərbaycanla bağlı Mirzə Şəfi Vazeh, Nizami Gəncəvi stendi olub. Amma gənclər lazımdır. Onları yığmaq, təqdim etmək lazımdır. Gürcülər bu məsələdə yaxşı işləyirlər. Gürcü yazarlar ingilis dilində danışır və özlərini ifadə edirlər. Bizim yazarlar üçün də bunu etmək lazımdır. Yeni sifətlərlə Azərbaycanı təqdim və təbliğ etmək lazımdır. Bu yarmarkada Azərbaycanın yeri geniş və rahat idi.
- Azərbaycandakı kitab yarmarkalarından danışıq. Sonuncusunda "Yeni Müsavat" qəzetinin əməkdaşı Röya Rəfiyeva könüllü satıcılıq etmişdi. Necədir vəziyyət? İnsanlarımızın kitaba marağında bir artım varmı?
-Mən Röya xanımın iştirak etdiyi yarmarkadan çox razı qaldım. Sonradan söhbət etmək imkanımız olmadı. Amma mən bir məsələni qabartmaq istəyirəm: nə üçün jurnalistlərin, yazarların, aktryorların, alimlərin kitab satması lazımdır? Çünki hər bir adam bu prosesə öz çevrəsini cəlb edir. Kitab asan çatımlı olmalıdır. Kitab həyat, yaşam şərtləri üçün 5 və 6-cı sırada duran bir nəsnədir. Çörək, iş, yaşayış şərtləri... kimi şərtlərdən sonra. Amma vurğunu kitabın üzünə qoyanda insan gününü onunla paylaşa bilir. Bizə heç zaman kitab oxumaq üçün vaxt verilməyəcək. Bu, təhsil illərində verilir, sadəcə. Ondan sonra o vaxtı sən özün qazanmalısan. Ofisdə, yuxu qabağı, ictimai nəqliyyatda... Bütün boşluqları kitabla doldurmaq bir mədəniyyətdir. Onu da bu cür jurnalistlərin təşəbbüsü ilə etmək olar.
- Bu gün də varmı kitab yarmarkası?
- Bəli, Nərimanov parkında yarmarkamız var bu gün. Artıq insanların dilində "kitab yarmarkası olan yerdəyik" cümləsi işləklik qazanıb. Bu, xoş təsir bağışlayır. İnsanlar görür ki, böyük bir gənclik var və kitab oxuyurlar. Müasir kitabın yaşamasına gənclik töhfə verir. Onlar könüllü olaraq kitab satır. Orda saatlarla dayanıb, kitab haqda danışır və satır. Hazırda regionlara çıxmağa səy göstəririk. Təhsil ocaqlarına. Yəqin ki, orda da keçirəcəyik. Bu yarmarkalarda ticarət faizi olmadan insanlar kitab əldə edirlər, kitab dükanlarından daha aşağı qiymətdə. 500 adda kitab çıxarırıq.
-5-6 il öncəyə qədər insanlarımızın marağı daha çox oğru dünyası, eləcə də detektiv janrdakı kitablara idi. İndi maraq istiqaməti dəyişbmi? Daha çox hansı növ ədəbiyyata üstünlük verirlər?
- Fikir kitablarına önəm verirlər. Kriminal kitablar təbii ki, maraqlıdır. Süjeti, dinamikası ilə... Amma bir də var, ümumi insanların halını, insanlığı anladan kitablar. Uşaq tərbiyəsi haqda kitablar, tarix kitablarına maraq artıb. Oxucu maraqlıdır. Onu yönəltmək lazımdır. Oxucuların zövqü dəyişib. Biz onları bəlli nöqtədən başayıb, müəyyən nöqtəyə gətirmişik. Onlar artıq bizdən Folkneri, Marsel Prustu, Freydi... istəyirlər. Daim yeni detektiv ədəniyyatındakı simaları özləyənlər də var. Və bu, heç də pis deyil. Pis olan kitab oxumamaqdır.