""Əli və Nino”dan danışa bilmərəm” - Fəxrəddin Manafov

Qurban Səidin “Əli və Nino” romanı əsasında eyniadlı filmin çəkilişlərinin başlanması haqqında artıq kinosevərlərə məlumat verilib.



AzNews.az xəbər verir ki, film kitabda təsvir olunduğu kimi Bakının küçələrində, İçərişəhərdə, Opera və Balet teatrında, Qobustanda və Xınalıq dağlarında çəkiləcək.

Filmi Böyük Britaniya vətəndaşı, "Bafta" mükafatı sahibi, milliyyətcə hind olan Asif Kapadia adlı rejissor ekranlaşdıracaq. Filmin prodüseri Kris Tikyer, ssenari müəllifi isə "Academy Award" mükafatı laureatı Kristofer Hemptondur.

Filmdə baş rollarda - Nino obrazını Maria Valverde, Əli rolunu Adam Bakri oynayacaq. Digər rolları isə Rikkardo Samariko, Humayon Erşardi, Fəxrəddin Manafov, Assad Buab, Numan Akar və başqaları canlandıracaq.

Xalq artisti Fəxrəddin Manafov AzNews.az-a bildirib ki, yaratdığı obraza görə, filmi ərsəyə gətirən şirkətlə aralarında müqavilə imzalanıb: "Məni bu filmə dəvət etdilər. Mən də dəvəti qəbul etdim. Sonra mən filmi çəkən şirkətlə müqavilə imzaladım. Həmin müqaviləyə görə, filmin çəkiliş işləri yekunlaşıb təqdim olunana kimi onun haqqında danışa, yaxud da məlumat verə bilmərəm".

Xatırladaq ki, xalq artisti Fəxrəddin Manafov "Əli və Nino" filmində məşhur milyonçu-xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin obrazını yaradacaq.



Bahar RÜSTƏMLİ
AzNews.az