“Qanun” nəşrlər evinin yeni tərcümə kitabları artıq satışa çıxarılıb. “Qanun” nəşrlər evinin yeni tərcümə kitabları artıq satışa çıxarılıb.

İngilis yazıçının romanı ilk dəfə ana dilimizdə

“Qanun” nəşrlər evinin yeni tərcümə kitabları artıq satışa çıxarılıb.



Nəşrlər evindən AzNews.az-a verilən məlumata görə, satışa çıxan kitablar John Le Carre-nin "Sonuncu xəfiyyə" İsmayıl bəy Qaspralının "Firəngistan məktubları" romanlarıdır.

Ziyad Quluzadənin tərcümə etdiyi əsərdə İngiltərə Təhlükəsizlik xidmətinin uğurlu məmuru Maqnus Piyemin qəfildən yoxa çıxmağı təkcə onun dostlarını və həyat yoldaşını nigarançılığa salmır, həmçinin düşmənləri də xeyli narahatlıq keçirir. Onun yoxa çıxması ilə dövlət sirri də təhlükə altına düşür. Piyem haqqında həqiqətlər tədricən ortaya çıxır. Oxucu roman boyu məşəqqətli mübarizənin nəticəsində Maqnus Piyemin mükəmməl bir xəfiyyəyə necə çevrildiyinin şahidi olur.

John Le Carre romanları klassik xəfiyyə janrının ən dəyərli nümunələrindən biridir. Onun məharətlə yazılmış romanları dünyada böyük oxucu kütləsi qazanmasına səbəb olub. John le Carreyə ən böyük uğur gətirən əsər "Sonuncu Xəfiyyə" romanıdır.



Qeyd edək ki, XX əsrdə kitabları ən çox satılan yazıçılardan olan John Le Carre-nin "Sonuncu Xəfiyyə" əsəri Azərbaycan dilinə ilk dəfədir ki, tərcümə olunur.

Türk dünyasının böyük fikir adamı İsmayıl bəy Qaspralının (1853-1914) trilogiya şəklində qələmə alınan "Firəngistan məktubları" romanı Krım-tatar ədəbiyyatının klassik nümunələrindən biri sayılır. Əsas hissələri XIX əsrin sonunda qələmə alınan bu əsərdə İslam dünyasının problemləri, tarixi inkişaf yolları diqqət mərkəzinə çəkilir. Ustalıqla qələmə alınmış roman realist, utopik və ictimai-siyasi çalarların zənginliyi ilə seçilir. Kitab ədəbiyyat həvəskarları, geniş oxucu kütlələri üçün nəzərdə tutulub.



Qeyd edək ki, kitabın Müqəddiməsi, Krım-tatar türkcəsindən çevirmə, izahlar və şərhlər Vilayət Quliyevə aiddir.