Axı niyə 67811 oxucu sənin bu əxlaqsız hekayəni oxumalıdır? - Seymur Baycana

Cəlil Cavanşir


Küsənlərin barışdığı, tonqalların alışdığı, könüllərin coşduğu Novruz bayramı yurdumuza qədəmlərini basdığı ərəfədə yazıçı Seymur Baycan da "Tikdirənlər və sökdürənlər" adlı yeni hekayəsi ilə oxucuların görüşünə gəldi. Ədəbiyyata qədəmlərini basdığı gündən oxucular tərəfindən ciddi tənqidlərə, təhqirlərə, təqiblərə, təhdidlərə məruz qalan Seymur Baycanın son hekayəsi də xəta-bəlasız ötüşmədi...

Seymurun hekayəsi hər zaman sözün və sənətin keşiyində olan sayğıdəyər oxucuların emosiyalarını elə coşdurdu ki, düz on gün gecə-gündüz bu hekayəni müzakirə etdilər.

Oxucular iki dəstəyə bölünmüşdü: Seymuru danlayanlar və Seymuru anlayanlar.

Seymuru danlayanlar onu əxlaqsızlıqda, istedadsızlıqda, plagiatçılıqda suçlayaraq, ciddi-cəhdlə ifşa etməyə çalışırdılar. Bəli, hekayənin plagiat olduğu, əxlaqa və milli dəyərlərimizə zidd olduğu "Seymuru danlayanlar" tərəfindən sübut olunduqdan sonra emosiyalar sakitləşdi və Seymuru danlayan oxucular ellikcə milli bayramımız olan Novruzu qeyd etməyə yollandı.

Seymuru anlayanların da reaksiyası maraqlı idi. Onlar ciddi-cəhdlə sübut edirdilər ki, "Seymur sizinlə (yəni oxucularla) məzələnib və siz söhbəti tutmamısınız."

Ancaq Azərbaycan oxucusu öz sevimli yazıçısını bu şəkildə müdafiə edə bilər. Siz allah, yazıçını müdafiə edən oxucuların arqumentinə baxın: "O sizinlə məzələnib"!

Bu mənzərəyə necə gülməyəsən? Gülə-gülə necə düşünməyəsən? Düşünə-düşünə necə əsəbiləşməyəsən?

...Yuxarıda qeyd etdiyim kimi, Seymuru istedadsızlıqda, əxlaqsızlıqda, tərbiyəsizlikdə suçlayan oxucuların ürəyi bununla soyumadı və sözü bir yerə qoyub hekayənin plagiat olduğunu da sübut etdilər. Yaxşı da elədilər. Bir vətəndaş kimi bu məni çox sevindirdi. Bəli, yazıçının istədiyini yazmağa haqqı yoxdur!

Bəs nə bilmişdiniz? Elə bilirsiniz bu ölkədə hekayə yazmaq, onun qarşısına "18+" qoyub saytda dərc etdirmək asan məsələdir? Diqqətli və ciddi oxucu belə şeyləri yazıçıya bağışlamır. Sən kimsən ki, belə əxlaqsız və plagiat hekayə yazırsan, üstəlik də qarşısına "18+" qoyub sayta göndərirsən?

Axı nəyə görə 67811 oxucu sənin bu əxlaqsız və plagiat hekayəni oxumalıdır? Sənə kim icazə verib Salam Qədirzadənin əsərini dekonstruksiya edirsən, rimeyk yazırsan? Hörmətli Seymur müəllim, Salam Qədirzadənin yazdıqlarına toxunmağa, "barmaq eləməyə" sənin mənəvi haqqın çatırmı? Çatırmı? Əlbəttə çatmır!

Nə üçün postmodernizm adlı zir-zibili ədəbiyyatımıza soxuşdurursan? Niyə dəəə, niyə? Postmodernizm dünya ədəbiyyatına nə verdi ki, bizə nə versin? Yoxsa sən bizim ağsaqqal ədəbiyyatşünaslarımızın, akademiklərimizin, Borxesi, Ekonu bəyənməyən alimlərimizin müsahibələrindən də xəbərsizsən?

...Ümumiyyətlə mən başa düşmürəm Seymur Baycan güclü publisist olduğu halda nə üçün roman, povest, hekayə yazır. Onun publisistikası çox güclü olsa da romanları, povestləri, hekayələri və hətta şeirləri çox zəifdir! Üstəlik romanlarını publisistik dildə yazır. Amma insafən Seymurun ciddi mütaliəsi var...

...Sən kimsən Seymur Baycan? Yazıçı, yoxsa publisist? Yox ee, mən sənə sual verirəm, sən yazıçısan, yoxsa publisit? Publisitsənsə hansı haqla hekayə yazırsan? Yox yazıçısansa hansı haqla publisistika ilə məşğul olursan? Sənə bu səlahiyyəti kim verib?

İşin-gücün Anarı tənqid etməkdir. Heç gör Anar publisitika ilə məşğul olur? Olur? Səndən soruşuram, Anar publisitika ilə məşğul olur? Olmur və olmayıb! Olmayacaq da! Bildin? Bunu ancaq sən edə bilərsən! Hansısa qara qüvvələrin, postmodernistlərin təsirinə düşüb xalqın əxlaqını pozmağa utanmırsanmı? Ayıb deyilmi, romanda publisitik dildən, köşədə bədii dildən istifadə edirsən? Bu açıq-aydın düşmən dəyirmanına su tökməkdir!

Azərbaycanda bir nəfər qız göstərə bilərsənmi ki, sənin yazdığın o hekayədəki kimi eləsin? Göstərə bilməzsən! Bu cür əxlaqsız qızlar sənin getdiyin başqa ölkələrdə ola bilər.

Niyə Azərbaycan qadınına ləkə yaxırsan? Səni hansı qüvvələr qızışdırıb bu xalqın üstünə göndəribsə, biz onları çox yaxşı tanıyırıq!

Amma alınmayacaq! Bu xalq heç zaman sənin istədiyin kimi olmayacaq! Əmin ol ki, sənin zərərli təsirin bu xalqı yoldan çıxarmağa kifayət etməz! Yoldan çıxardığın gənclər də gec-tez səhvini başa düşəcək!

Yəni, əziz Seymur Baycan, biz beləyik! Duxun çatır bir də belə hekayə yaz!

(kulis.az)