Əbülfəs Qarayev aparıcı və rejissorla görüşdü

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Bakıda keçirilən Rusiya filmləri həftəsi çərçivəsində Rusiyada yayımlanan “İnsan və Qanun” verilişinin aparıcısı, rejissor, prodüser Aleksey Pimanovu qəbul edib.


AzNews.az xəbər verir ki, nazirlikdən "Qafqazinfo"ya verilən məlumata görə, görüşdə nazir Azərbaycan kinosunun son illərdə böyük inkişafa nail olduğunu bildirib, bu müddət ərzində kino sahəsinin əvvəlki illərə nisbətən daha geniş auditoriya qazandığını diqqətə çatdırıb.

Qeyd olunub ki, Azərbaycanda film, serial, sənədli filmlər çəkilməkdədir. Azərbaycanda keçirilən Rusiya filmləri həftəsinin əsas məqsədinin iki ölkə arasında kino sahəsində əlaqələrin inkişaf etdiyi vurğulanıb.

Rusiyalı qonaq Aleksey Pimanov Azərbaycanda olduğundan məmnunluğunu bildirib. A. Pimanov bu cür mədəni tədbirlərin keçirilməsinin iki ölkə arasında mədəni əməkdaşlığa müsbət təsir göstərdiyini vurğulayıb.