Azərbaycan prezidenti İlham Əliyev, eləcə də dövlət və hökumət rəsmiləri, ictimaiyyət nümayəndələri tanınmış kimyaçı alim Nadir Seyidovun vəfatı ilə əlaqədar başsağlığı veriblər. Azərbaycan prezidenti İlham Əliyev, eləcə də dövlət və hökumət rəsmiləri, ictimaiyyət nümayəndələri tanınmış kimyaçı alim Nadir Seyidovun vəfatı ilə əlaqədar başsağlığı veriblər.

İlham Əliyev başsağlığı verdi

Azərbaycan prezidenti İlham Əliyev, eləcə də dövlət və hökumət rəsmiləri, ictimaiyyət nümayəndələri tanınmış kimyaçı alim Nadir Seyidovun vəfatı ilə əlaqədar başsağlığı veriblər.



AzNews.az-ın məlumatına görə, başsağlığında deyilir:

Azərbaycan elmi ictimaiyyətinə ağır itki üz verib. Respublikanın tanınmış kimyaçı alimi, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, əməkdar elm xadimi, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, kimya elmləri doktoru, professor Nadir Mir İbrahim oğlu Seyidov 2015-ci il oktyabrın 5-də ömrünün 84-cü ilində vəfat edib.

N. Seyidov 1932-ci il aprel ayının 28-də Naxçıvan şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra o, 1950–1955-ci illərdə ali təhsilini Azərbaycan Dövlət Universitetinin kimya fakültəsində alıb. N. Seyidov 1957–1960-cı illərdə Azərbaycan Elmlər Akademiyasının Neft İnstitutunun aspiranturasında oxuyub.

Əmək fəaliyyətinə 1955-ci ildən etibarən Ümumittifaq Elmi Tədqiqat Olefinlər İnstitutunda başlayan N. Seyidov 1961-ci ilədək burada laborant, kiçik elmi işçi, bölmə rəhbəri və şöbə müdiri, 1961–1992-ci illərdə İnstitutun "Elastomerlər" laboratoriyasının müdiri, 1992–1994-cü illərdə "Elastomer" kiçik müəssisəsinin direktoru, 1995–1997-ci illərdə Elmi İstehsalat Olefinlər İnstitutunun elmi işlər üzrə direktor müavini olub, 1997–2008-ci illərdə isə Azərbaycan Milli Elmlər Akademiyasının Neft-Kimya Prosesləri İnstitutunda çalışıb. O, eyni zamanda 2007–2013-cü illərdə Azərbaycan Milli Elmlər Akademiyası Kimya Elmləri Bölməsi katibinin müavini və akademik-katibi vəzifələrini tutub, 2013-cü ildən ömrünün sonunadək Azərbaycan Milli Elmlər Akademiyasının Neft-Kimya Prosesləri İnstitutunda işləyib.

N. Seyidov 1960-cı ildə neft kimyası ixtisası üzrə namizədlik, 1969-cu ildə doktorluq dissertasiyalarını müdafiə edib, 1971-ci ildə professor elmi adını alıb. O, 1989-cu ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, 2001-ci ildə isə Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü seçilib.

Akademik N. Seyidov neft-kimya sintezi və yüksək molekullu birləşmələr sahəsində fundamental araşdırmaları ilə tanınırdı. Onun tədqiqatlarında bu sahənin ən aktual məsələləri öz elmi həllini tapmış və alınan nəticələr yüksək praktik əhəmiyyəti ilə səciyyələnib. Alimin rəhbərliyi altında yeni sintetik kauçukların istehsal texnologiyası və onların sənayedə tətbiqi üçün tövsiyələr işlənib hazırlanıb, eləcə də sintetik yağlar və aşqarlar alınması istiqamətində geniş tədqiqat işləri həyata keçirilib. Neft-kimya prosesində istifadə edilən, yüksək səmərəliliyə malik bir sıra yeni katalizatorların alınması və tətbiqi N. Seyidovun adı ilə bağlıdır.

N. Seyidov 350-dən artıq elmi əsərin, o cümlədən 4 monoqrafiyanın, 16 xarici patentin müəllifi idi. O, elmi nailiyyətlərinə görə 100-dən çox müəlliflik şəhadətnaməsinə layiq görülüb. Alimin 130-dan artıq əsəri müxtəlif ölkələrdə nəşr olunub və mütəxəssislər tərəfindən yüksək diqqətlə qarşılanıb.

N. Seyidov səmərəli elmi yaradıcılıqla yanaşı, indiki Azərbaycan Dövlət Neft və Sənaye Universitetində və Bakı Dövlət Universitetində uzun illər ərzində pedaqoji fəaliyyətlə məşğul olaraq kimya elmləri sahəsində yüksək ixtisaslı kadrların hazırlanması işinə böyük töhfələr verib. Onun rəhbərliyi ilə 40-a yaxın elmlər namizədi və elmlər doktoru alimlik dərəcəsi alıb. Alim çox sayda mötəbər beynəlxalq simpozium və konfranslarda Azərbaycan elmini layiqincə təmsil edib.

N. Seyidovun məhsuldar elmi və pedaqoji fəaliyyəti yüksək qiymətləndirilib. O, bir sıra orden və medallarla, həmçinin ölkəmizdə kimya elminin inkişafındakı xidmətlərinə görə müstəqil Azərbaycanın ali mükafatlarından olan "Şöhrət" ordeni ilə təltif edilib.

Tanınmış alim, gözəl pedaqoq və səmimi insan N. Seyidovun xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaq.

Allah rəhmət eləsin!

İlham Əliyev
Artur Rasizadə
Oqtay Əsədov
Ramiz Mehdiyev
Elçin Əfəndiyev
Hacıbala Abutalıbov
Fatma Abdullazadə
Akif Əlizadə
Mikayıl Cabbarov
İbrahim Quliyev
İsa Həbibbəyli
Tofiq Nağıyev
Dilqəm Tağıyev
Rəfiqə Əliyeva
Abel Məhərrəmov
Vaqif Fərzəliyev
Vaqif Abbasov
Akif Əzizov
Fuad Əliyev
Məhərrəm Məmmədyarov
Kamil Sadıxov
Musa Rüstəmov
Ağadadaş Əliyev