“Bu, mənim mübarizə günümdür”- Nürəddin Mehdixanlı

Bu gün Akademik Milli Dram Teatrının aktyoru, Xalq artisti Nurəddin Mehdixanlının doğum günüdür.
59 yaşlı aktyor ürək sözlərini AzNews.az-la bölüşüb. O, ad gününü özünün mübarizəsi adlandırıb: "Mənim ad günüm mübarizəmdir. Bu gün saat 3-də jurnalist Ənvər Böyüksoyun məhkəməsi var, hamılıqla orada olacağıq. Ad günümün böyük hissəsi həmin məhkəmə prosesində keçəcək".

N.Mehdixanlı bildirib ki, yaltaqlığa qarşı hər zaman mübarizə aparacaq: "Mənə bundan böyük hədiyyə ola bilməz. Həyat mübarizə, dostların yanında və inandığın kəslərin əhatəsində olmaq deməkdir. Nə qədər ki, varam, yaltaqlığa, əyriliyə qarşı savaşacağam. Biz millət, dövlət üçün mübarizə aparmalıyıq".

Xatırladaq ki, N.Mehdixanlı 1956-cı il oktyabrın 6-da Cəlilabad rayonunun Tahirli kəndində doğulub. 1974-cü ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub. Rejissor Adil İsgəndərovun rəhbərlik etdiyi kursu 1978-ci ildə başa vurub təyinatla Akademik Milli Dram Teatrına göndərilərək sentyabr ayının 1-dən aktyor truppasına işə götürülüb.

Bahar RÜSTƏMLİ