Nobel mükafatçısı danışdı: “Gözləmirdim”

“Sözün düzü, gözləmirdim. İki il idi ki, iddialılar arasında adım keçirdi. Bu il də qalib gələcəyimə inanmırdım. Hər halda, mükafatı aldım. Bir daha deyirəm ki, mənim üçün çox gözlənilməz oldu”.



AzNews.az xəbər verir ki, bu sözləri lent.az-a açıqlamasında ədəbiyyat üzrə son Nobel mükafatçısı Svetlana Aleksieviç bildirib.

Sualları köməkçisi vasitəsi ilə cavablandıran xanım Aleksieviçin dediyinə görə, dünəndən onun və meneceri Qalinanın elektron ünvanına minlərlə məktub gəlib. "Mən imkan tapıb o məktubları belə cavablandıra bilməmişəm. Hazırda Nemiqadakı (Minskin mərkəzində küçə) evimdəyəm. İsveç telekanalına müsahibə verməyə hazırlaşıram. Hələ onlarla jurnalist də növbə gözləyir. Axşam isə Berlinə uçacam, sabah orada mətbuat konfransı keçirəcəm. Hələlik deyəcəklərim bu qədər" - deyə Svetlana Aleksieviç bildirib.

Svetlana Aleksandrovna Aleksieviç 31 may 1948-ci ildə doğulub. Uzun müddət jurnalistika fəaliyyəti ilə məşğul olub. 1983-cü ildən SSRİ Yazıçılar Birliyinin üzvüdür. 2000-ci ildə Belarusda haqqında cinayət işi açıldığına görə ölkəsini tərk edib. İtaliya, Fransa və Almaniyada yaşayıb. On il sürgündə olan yazıçı 2011-ci ildə Belarusa geri qayıdıb.

Svetlana Aleksieviç "Müharibə qadın üzlü deyil", "Sink oğlanlar", "Ölümlə ovsunlanmışlar", "Çernobl uşaqları", "Sekond-hənd zamanı" və başqa əsərlərin müəllifidir.

67 yaşıl belarus yazıçı Svetlana Aleksieviç bir çox beynəlxalq mükafatın sahibidir.

2013-cü ildən adı Nobel mükafatı namizədləri arasında hallanır.

Aleksieviç bu mükafata layiq görülən 14-cü qadın yazıçıdır.