“Biabırçılıq edirdilər, min oyundan çıxırdılar” – Xoşqədəmin eksperti

Məlum olduğu kimi, Milli Teleradio Şurasının qərarına əsasən Azərbaycan teleməkanında bir çox reytinqli verilişlər efirdən yığışdırılıb. ANS Müstəqil Yayım və Media Şirkətinin (MYMŞ) "Sən Tək deyilsən!" və "Xoşqədəmlə axtarıram səni", həftə içi yayımlanan "Şokolad" və şənbə günü efirə gedən "A-dan Z-yə" proqramları dayandırılıb, "Günə baxan" verilişinin isə formatı dəyişdirilib. Həmçinin ATV televiziyasında Zaur Baxşəliyevin aparıcılıq etdiyi "Öz aramızda" verilişi bağlanıb.

Bağlanan verilişlərin bir çoxunda ekspert kimi çıxış edən Xalq artisti, Gənc Tamaşaçılar Teatrının aktyoru Ağaxan Salmanlının AzNews.az-a müsahibəsində maraqlı məqamlara toxunub:


-Söhbət ondan gedir ki, mən bu hadisələri görürdüm. Bilirdim ki, bunun axırı yoxdur. Mən deyirdim ki, siz qoyulan problemin mahiyyətindən yayınırsınız. Çox vaxt mənə yalandan "hə" deyirdilər, amma eşitmirdilər. Gördüm ki, mənə qulaq asmırlar, ilk növbədə Zaur Baxşəliyevin verilişindən çıxdım. Baxdım ki, orada biədəb, ekrana yaraşmayan söhbətlər gedir. Ötən ilin dekabrın 14-də "Xoşqədəmlə axtarıram səni" verilişinin prodüserinə dedim ki, siz düz etmirsiniz. Onlar da mənə qulaq asmadılar, özlərini ağıllı bildilər. Sonra mən getdim Mingəçevirə. Oradan baxdım ki, ay Allah, bunlar necə səviyyəsiz verilişlərdir. Gələndən sonra mən yenə o verişlərə getmədim. Sonra veriliş ATV-də bağlanıb, ANS-də açıldı, dəvət gəldi yenə də getmədim. Min bəhanə ilə aradan çıxdım. İnsanları başa salmaq mümkün deyil. Həyat da sübut elədi ki, onların verilişi artıq cəmiyyətə yaramır.

-Ekspert olaraq, sizi nə qane etmirdi?
-Çox şey. Hadisələri süni şəkildə qabartmaq, şou yaratmaq, hətta etik normalardan çıxaraq murdar bir vəziyyətdə tənqid eləmək, insan taleləri ilə oynamaq... Onlar nələr etmirdi ki? İnsanların taleyinin zibilini açıb tamaşaçıya göstərməyin yeri yox idi. Belə münasibətlərdən xoşum gəlmədi. İnsana kömək edə bilirsinizsə edin, bilmirsinizsə mədəni şəkildə yola salın. Daha onların hissləri ilə niyə oynayırsınız? Verilişlərin bir qədər loruluğu, səviyyəsizliyi, müzakirə olunan məsələlərin küçə səviyyəsinə enməsi xoşuma gəlmirdi. Adamda bir ədəb-ərkan olmalıdır.

-Gördüyünüz nöqsanları veriliş rəhbərlərinə, aparıcılara deyirdiniz?
-Mən bunların hamısını onlara deyirdim. Amma onlar mənim fikrlərimi təbəssümlə qarşılayırdılar. Deyirdilər ki, Ağaxan Salmanlı köhnə adamdır, başqa tərbiyə alıb. Hiss edirdim ki, dediklərim onların xoşlarına getmir və bildiklərini də edirdilər. Son vaxtlar isə verilişlərə şou qatırdılar. Bunun özü də düzgün deyildi.

-Milli Televiziya və Radio Şurası da məhz bu nöqsanın üzərində dayanıb...
-İnsan taleyinə şou qatmaq olmaz. Bu veriliş başqa aspekdədir. Mənim əzizim itib. Mən itirmişəm, aparıcı da onu axtarıb tapıb. Sən də məni gətir onunla görüşdür, vəssalam. Daha burada nə şou edirsən? İnsanı keçmişiylə təhdid edirsən, millətin önündə aşaöılayırsan, "sən bunu niyə itirmisən" deyə lazımsız sualla üz-üzə qoyursan. Hanı sənin insaniyyətin? Bunu daha abırdan salıb, ağladıb, sızladıb, çamurun icinə salıb-çıxardıb, sonra da deyir ki, "oğlun tapılıb, dur gəl"-deyir. Bu biabırçılıq nəyə lazım? Məni o verilişlərdən belə yanaşmalar uzaqlaşdırdı. Mən bu gün belə qənaətə gəldim ki, haradasa düz yol tutmuşam.

-Bütün bu olanlardan sonra bağlanan verilişlər təkrar açıla bilərmi?
-Əgər açılsa, deməli, nöqsanlardan nəticə çıxardıblar. Əgər çıxartsalar. Mənə elə gəlir ki, "Xoşqədəmlə axtarıram səni" bağlanmamalıydı, formatda dəyişiklik edilməliydi. Bu yaşamalı idi. Çünki orada doğrudan da insan taleyi həll olunur. Həyatdır, cavan oğlandır, burada özünü təsdiqləyə bilməyib, xarici ölkəyə çörək dalınca gedib. O ölkələrdə isə ehtiyaclar böyükdür, ev, maaş, yemək xərci, filan... Bunları ödəyə bilməyəndə məcbur olur ki, kiməsə qısılsın. Qısılandan sonra isə artıq oradan qopmaq olmur. Səhvlər buraxır. Əslində səhv də demək olmaz. Çünki şərait onu elə diktə, məcbur edir. Onu tapmısan da gətir, anasına, atasına göstər, ya birinci arvadına, uşaqlarına. Şəvədə qoşmağın nə mənası... Şounun yeri də yoxdur axı.
İnsan taleyindən şou olmamalıdır. Söhbət təmiz və kəsə olmlı idi. Cavanlar belədir, məsləhətləri eşitmirlər. Onlar elə bilir ki, bunların elədikləri belə də olmalıdır. Bilirsiniz, burada təkcə Televiziya Şurası deyil ki, xalq da var, onu da nəzərə almaq lazımdır. Xalq da bezir... Nə qədər olar? Xalqın hissini, zövqünü nəzərə almaq lazımdır. Mən "Sən tək deyilsən"ə baxdım. Gördm ki, ay Allah, bu nə biabırçılıqdır. Burda verilişə gələn qonaq bir söz deyir, 5 dəqiqədən sonra fikrini dəyişir, sonda isə ortaya başqa nəticə çıxır. Qalır yarımçıq, gələn verilişdə isə tamam başqa şeylər ortaya çıxır, baş verənlər mənəviyyatsızıq, murdarçılıq, bir-birindən pul qoparmaq səbəbindən olub.

-Necə edək ki, televiziya məkanlarında yayımlanan verilişlərin ömrü uzun olsun?
-Tamaşaçıya təmiz xidmət göstərən verilişlər uzun ömürlü olur. Burada nə şou, nə artistlik, nə də oyunlar çıxarmaq lazım deyil. Sadəcə, təmiz fakta yanaşmaq tələb olunur. Bacardıqca insanlara təmiz xidmət göstərmək lazımdır. Əgər bu verilişlər açılsa..."Xoşqədəmlə axtarıram səni" insanlara dəstəkdir, onu açsalar əla olar. "Sən tək deyilsən" verilişində çatışmayan çox şey var...


Bahar RÜSTƏMLİ
AzNews.az