Atababa Hacıbabayev Atababa Hacıbabayev

“Ağıl xəstəsi, dil ustası” yaxud “mən belə əsrarı qana bilmirəm”

Atababa Hacıbabayev



(III məqalə)

"Ağıl xəstəsi, dil ustası" ifadəsi mənim deyil. Görkəmli aktrisa, xalq artisti Barat Şəkinskayanın anasına məxsusdur. Bir dəfə gecə Barat xanımgildə idim. Hansısa müsahibəni alırdım. Söhbət Barat xanımın anasından düşdü. Görkəmli aktrisa ürək ağrısı ilə anasına qarşı yersiz hərəkətindən danışdı. Dedi ki, gənc yaşlarımda bir dəfə axşam Mirzə İbrahimovla Sabit Rəhman bizə qonaq gəlmişdilər. Söhbətimizin şirin yerində işıqlar söndü. Lampa gətirmək üçün ayağa qalxdım. Zarafatca özlüyümdə ağıllı sandığım bir cümləni işlətdim.
- Mən lampa gətirənə qədər anama sataşmayın.
Elə o andaca anasının tolazladığı cümlə Barat xanımın kürəyinə sanki qırmanc kimi dəyir:
- Ağıl xəstəsi, dil ustası.. Lampa yananda Sabit Rəhman cibindən bloknotunu çıxarıb Barat xanımın anasının işlətdiyi cümləni qeyd edir və bildirir.
- Yaxşı ifadədir, istifadə edəcəyəm.
Mən Sabit Rəhmanın həmin cümləni fraza, ibarə kimi işlədəcəyini, yaxud onun əsasında pyes yazmaq istədiyini deyə bilmərəm.
Amma bir dəfə "ağıl xəstəsi, dil ustası" olan bir adamla rastlaşmışdım. Başa düşdüm ki, bu kəlmədən istifadə edib bir səhnə əsəri yazmaq olar.
...1972-ci il idi. Ordudan məzuniyyətə gəlmişdim. Hələ tələbəlik vaxtından bəzi süjetlərini yazdığım "Hünər" verilişində əsgərlik şeirlərimi oxumaq üçün dəvət aldım. Həmin televiziya verilişinin yaradıcısı və redaktoru Məmməd Kazım həmin "Sovet İttifaqı Qəhrəmanı" olan bir nəfəri də çağırmışdı. Mən onu tanıyırdım. Çox vaxt döşündə Sovet İttifaqı Qəhrəmanının Qızıl Ulduzu parlayırdı. Özü də Abşeron rayonunda soyuducu təmiri üzrə yaxşı usta idi. Hamıya da "cəbhə xatirələri"ni danışmaqdan çəkinmirdi.
Verilişdən iki-gün sonra aləm bir-birinə qarışdı. Respublika Hərbi Komissarlığının işçiləri "Sovet İttifaqı qəhrəmanı"nın çıxışına necə hayıl-mayıl olublarsa, onunla görüşmək istəyiblər. Lazımi səviyyədə görüşsünlər deyə, məlumat toplamaq üçün qəhrəmanların siyahısına, onlar haqqında materiallara baxmağa başlayıblar. Rəsmi sənədlərdə bu qəhrəmanın adına rast gəlməyiblər. Moskvaya müraciət edirlər. Bəd xəbər gəlir: Bu adda Sovet İttifaqı Qəhrəmanı yoxdur.
İndi isə "qəhrəman"ı cəzalandırmaq lazımdır. İnzibati orqanlar hərəkətə keçir. Amma "qəhrəman"a heç nə edə bilmirlər. Məlum olur ki, ruhi xəstədir. Cəmiyyət üçün təhlükəli olmadığına görə onu xəstəxanada da yatırmaq olmaz.
Bu iki əhvalat bəlkə də unudulub, mənimlə qəbir evinə gedəcəkdi. Araşdırma ilə bağlı birinci məqaləm – "Mənəvi abidəmiz uçurum qarşısında yaxud Ququ quşunun xisləti" "ölkə.az" saytında çıxandan sonra bir dostum mənə telefon açmasaydı. Dostum həyəcanlı idi. Hətta məndən – telefonuma indi kontur vurdurmuşam, qurtarsa sən mənə zəng et - deyə, xahiş etdi. Dedi ki, 50 ildən çoxdur səni, 40 ildən çoxdur İsrafil İsrafilovu tanıyıram. Mən bilməzdim ki, sən belə analitik məqalə yaza bilərsən. Sənin yazını oxuyandan sonra səni də, İsrafili də yenidən tanıdım. Onun deyəcəyi sözləri burada olduğu kimi təkrar etmək mətbuat etikasına ziddir. Amma söhbət psixoloji durumdan gedirdi. Dostum (lazım bilsə özü adını açıqlayar) bildirdi ki, mən bu boyda teatrın direktorluğu ilə yanaşı bədii rəhbər funksiyasını da öz boynuna götürdüyü üçün İsrafilin ağlına şübhə ilə yanaşıram. Deyirdi ki, axı bu adam bilmir ki, Ədil İsgəndərovu, Mehdi Məmmədovu, Tofiq Kazımovu əvəz edə bilməz. Axı bu haçan bir aktyor kimi bir rol oynadı, haçan bir tamaşa hazırladı, nə zaman teatrın hansısa bir problemi haqqında təsirli məqalə yazdı... Axı bu adam nə rejissor, nə aktyor, nə də ağıllı-başlı teatrşünasdır.... Psixoloji durumu yerində olan insan bu vəziyyətdə teatrın bədii rəhbərliyini, baş rejissorluğunu öz boynuna necə götürə bilər? Özü də mətbuatda hamını inandırmağa çalışırdı ki, mən Milli Dram Teatrını o böyda böyük sənətkarlardan da irəli aparacağam. Sonra da acı gülüşü eşidildi və əlavə etdi:
- Kül bizim başımıza, gör kimə inanmışıq.
Nədənsə "kül" kəlməsi mənim diqqətimi cəlb etdi. Axı, el arsında "gözümə kül üfürür" yumoru, yaxud "başına kül olsun" qarğışı var. Bayaq dediyim "Sovet İttifaqı Qəhrəmanı"nın xəstəliyi gözümün önündə canlandı. Mən həmin xəstəliyin adını bilmirəm. Amma məncə el dilində onu "gözə kül üfürmək xəstəliyi" adlandırmaq olar. Yəni kimsə ətrafındakı insanların gözünə elə kül üfürür ki, əsl siması görünmür.
Mənə elə gəlir ki, "kül başına" qarğışı da bu anlamdadır. Yəni insan ölmür. Amma gözləri elə tutulur ki, istədikləri kimi ondan istifadə edirlər. Bəzən bunun nəticəsi ölümdən də pis olur. Teatr acınacaqlı vəziyyətə düşəndə sən demə, mənim də gözlərimə kül üfürürmüşlər.
Onlarla birgə səsimi qaldırmadığım üçün bu gün mənə irad tutan, narazılıqlarını bildirən, məni məzəmmət edən İlham Rəhimli, İlham Əsgərov kimi (məqalənin bu hissəsi yazılarkən İlham Əsgərov haqq dünyasına qovuşmamışdı – A.H.) dostlarım qarşısında nə edim ki, günahkaram.
Axı, mən onlara deyirdim ki, gəlin İsrafillə barışın, kollektivin birliyinə xələl gətirməyin.
Heç ağlıma da gəlməzdi ki, kollektivi parçalayan, bundan məharətlə istifadə edib vəzifə kürsüsündən ikiəlli yapışan İsrafil müəllimin özüdür.
Bu gün araşdırma apararkən teatrda baş verən əhvalatları bir daha uzaqdan nəzərdən keçirirəm. Dil ustasının ------ cəmiyyətin gözünə necə kül üfürdüyünü gözüm önündə canlanır. Axı vaxtilə İlham Rəhimlinin qaldırdığı məsələlərdən ən başlıcası teatrın baş rejissorsuz işləməsidir. Bu gün hamıya aydındır ki, İsrafilovun "ixtira" edəcəyi teatrın baş rejissoru Vaqif İbrahimoğlu olmalıymış. Amma rəhmətlik Vaqifin ağır xəstəliyi, Tanrı dərgahına qovuşması İsrafilovun bu arzusuna çatmasına mane olur. Belə halda normal teatr rəhbəri təcili yeni baş rejissor axtarışına çıxmalı, namizədlərinin adlarını təsdiq üçün Mədəniyyət və Turizm Nazirliyinə göndərməlidir. Amma şöhrət hərisliyi İsrafilova bu işi həyata keçirməyə mane olur. Hakimiyyətini parçalamaq istəmir! Axı baş rejissor mütləq nüfuzlu şəxs olacaq. Daha dəqiq desək, bu şəxs ölkənin tanınmış rejissorlarının birinin arasından seçilməlidir. İsrafilova isə özünün "əl" rejissorları lazımdır. Əslində normal, teatrı sevən direktor çalışar ki, ən nüfuzlu rejissoru teatra gətirsin və onun qulluğunda dursun. Çünki yaxşı tamaşa direktorun başucalığıdır. Amma İsrafilovu bu təmin etmir. Çünki onda o tamaşaların məşqinə girə bilməyəcək, onda o, ordan-burdan eşitdiklərini eşidib özünü teatr bilicisi kimi göstərə bilməyəcək, aktyorlar, yaradıcı heyət baş rejissorun başına toplaşacaq... onda o, qəhrəman kimi, alimanə insan kimi tanınmayacaq. Amma o, dilinin hesabına baş rejissor məsələsini yubadır. Teatrın bədii rəhbər funksiyasını öz öhdəsinə götürür. Yuxarıları inandırmağa çalışır ki, teatr hələ baş rejissorsuz işləyə bilər. Yalançı Sovet İttifaqı Qəhrəmanı kimi nəinki xatirələrini danışır, hətta onu ötərək "döyüş bölgələrinə" - rejissorların məşqinə girir. Rejissorlar sussa da, (onların susma səbəbini açıqlayacağıq) aktyorlar onun danışığının cəfəngiyyat olduğunu başa düşür. "Sovet İttifaqı Qəhrəmanı"nın saxtakarlığı aşkarlandığı kimi.
Budur, İlyas Əfəndiyevin "Mənim günahım" tamaşasının məşqi. Rejissorluq iddiasına düşmüş İsrafilov səhnədə zühur edib. Nə danışırsa, aktyorlar bir-birinin üzünə baxırlar. Rejissor Mərahim Fərzəlibəyov əsəbindən teatrın bufetinə gedib. Atalar sözü var: Dava adama uzaqdan şirin görünür. Direktor belə düşünür ki, ağıllı məsləhətlər verir. Amma aktyorların əsəbi dözmür. Baş rolun ifaçısı xalq artisti Məleykə Əsədova və Əməkdar artist Hicran Nəsirova nədən danışmaq lazım olduğunu direktora başa salırlar. Direktor başa düşür ki, aradan çıxmaq lazımdır.
İnsanlıq tarixi qəribədir. Kimlərisə həqiqəti dediyi üçün yandırır, asır, şaqqalayır, dara çəkirlər, amma kimlərsə də hansı cildə girib, cəmiyyəti asanlıqla aldadırlar. Elə bilməyin ki, yenə bayaqkı "Sovet İttifaqı Qəhrəmanı"ndan danışacağam. Yox, bədii rəhbər funksiyasını öz öhdəsinə götürmüş İsrafil İsrafilovdan danışacağam. Çünki yadıma müəllimim Mehdi Məmmədov haqqında bir xatirə düşdü.
... Teatrın baş rejissoru Tofiq Kazımov qəflətən, faciəli şəkildə həlak olmuşdu. Hamı gözləyirdi ki, həmin illərdə dərs deməklə, ara-sıra tamaşalara quruluş verib və kitab yazmaqla güzəranını yaxşılaşdırmağa çalışan respublikanın ən nüfuzlu rejissoru Mehdi Məmmədovun əlinə fürsət düşüb. O dəqiqə baş rejissor kürsüsünü zəbt edib, öz teatr estetikası əsasında kollektivi formalaşdıracaq. Amma əksinə oldu. Mehdi müəllim özünü o kürsüyə layiq bilmədi. Çünki normal adam idi. Yaşının o vaxtında truppanı yenidən formalaşdırmağın çətin olduğunu bilirdi. Hətta rəsmi dairələrin təkliflərini qəbul etməyən Mehdi müəllimdən baş rejissor vəzifəsini tutmaq üçün ziyalılar da xahiş edirdilər. O zaman respublikanın tanınmış şəxsiyyətləri Qulam Məmmədli, Abbas Zamanov və Mirəli Seyidov üçü birlikdə Mehdi müəllimin yanına minnətə, xahişə gəldilər. Amma görkəmli sənətkar nə qədər ağır olsa da, hər üç dostunun sözünü yerə saldı. Halbuki Mehdi Məmmədovun hazırladığı hər tamaşa respublikaya səs salırdı. Mədəniyyət Nazirliyinin Mehdi müəllimə hər cür vədi də onu yolundan sapdırmadı. İndi baxın, o boyda sənətkarın cəsarət edib tutmadığı kürsünün üstünə, bir dənə də olsun tamaşa hazırlamayan İsrafilov qaça-qaça gəlir. Özü də yaşı Mehdi müəllimin o vaxtkı yaşını keçdikdən sonra... O teatrı Mehdi Məmmədovun sevdiyinin yüzdə biri qədər sevsəydi, özünün deyil, teatrın mənafeyini müdafiə edər, bacarmadığı bir işi boynuna götürüb xalqın fəxri sayılan səhnə ocağını beş il müddətində geri aparmazdı.
Ən maraqlısı odur ki, mən də daxil olmaqla cəmiyyət, teatr ictimaiyyəti bunu normal qəbul edirdi. Axı, İsrafilov danışanda elə küyə basır ki, hamı inanır... Gözə kül üfürmək buna deyirlər.
Bir məsələni də demək istəyirəm. Bilmirəm, buna yumorla, yoxsa satira ilə yanaşacaqsınız, inanacaqsınız, ya yox, amma həqiqətdir! Lətifəyə bənzəsə də, 2010-cu ildə İsrafilov direktor təyin olunandan teatrda çalışan rejissorları yanına çağırır. Bildirir ki, teatr rejissorsuz işləyəcək. Təsəvvür edin ki, teatrda nə baş rejissor var, nə də rejissorlar. Tamaşalar isə hazırlanmalıdır. Yəni İsrafilovun işi bu rejissorlardan keçir. Belə güman etmək olar ki, direktor tamaşa qoymaq üçün bu rejissorlardan minnət, xahiş edəcək. Amma onların gözünə elə kül üfürür ki, onlar tamaşa qoymaq üçün onun qəbul otağında oturub gözləməyi də uğur sayırlar. Axı, bəzən teatrın ümumi giriş qapısından da içəri girə bilmirlər.
Ya da başqa bir misal. Teatrda bir neçə aktyor, o cümlədən, İlham Əsgərov, Firəngiz Mütəllimova, Nurəddin Mehdixanlı, Füzuli Hüseynov və bu kimi görkəmli sənətkarlar İsrafilovun islahatlarının puç olduğunu, onun sözlərinin əhəmiyyətsizliyini başa düşürlər. İsrafilov onların susmayacağını hiss etdikdə digər nüfuzlu bir-iki aktyoru yanına çağırır. Onlara yağlı vədlər verir. Bəzən onların istəkləri ilə oynayır. Bilir ki, ondan narazı aktyorlar bu işdən qıcıqlanacaqlar ki, digərlərinin yaratmadığı şəraiti onlara yaradır. Aktyorların arasında narazılıq yaranır.
Beləliklə, teatrda belə fon yaranır ki, truppanın aktyorları bir-biri ilə yola getmir, paxıllıq edirlər. Amma bunun ağır nəticələri də olur. İki görkəmli sənətkar bir-biri ilə yumruq davasına çıxır. İsrafilov başa düşür ki, qurduğu intriqanın dozası artıq düşüb. Çanaq onun başında çatlaya bilər. Axı teatrın mənəvi atmosferindən az-çox xəbərdar olan hər insan bu davanın baisinin kim olduğunu o dəqiqə bilir. (Mən hələ bir ay qabaq "ölkə.az" saytına verdiyim müsahibədə belə bir təhlükənin olduğunu demişdim). İsrafilov tez əl-ayağa düşür. Dalaşanları yanına çağırır, onları barışdırır. Ona görə yox ki, bu dava-dalaşın əleyhinədir, əmin-amanlıq tərəfdarıdır. Ona görə ki, adı törətdiyi bu çirkin əməllərdə hallanmasın. Hətta saytlarda gedən xəbərləri təkzib etmək istəyirlər. Guya bu davanın baiskarı İsrafilov yox, "Yuğ"dan dəvət olunan rejissor Gümrah Ömərdir. Hamı bu təkzibin gülünc olduğunu bilir. Gümrah Ömər mədəni insandır. Bu iki sənətkarın arasında təfriqə salmağı özünə sığışdırmaz. Bir də onun hansısa sözünə görə uzun illər bir-biriylə tərəf-müqabil olan, bir-birinin xeyir-şərində iştirak edən iki ahıl sənətkar bir-birini təhqir edib, sonra da teatrda nadir hadisə olan yumruq davasına çıxmaz.
Bu da dil ustasının törətdiyi əməllərdən biri.
Amma dil ustası danışır. Yadıma teatrda işləyərkən onun şöbə müdirlərini yığıb keçirdiyi yığıncaqlar düşür. Budur, bədii şuranın otağı. Çağırılan 5-6 nəfər gəlibmi? Qabaqcadan kimsə gəlib yoxlayır. Sonra direktora xəbər çatır. Hamı buradadır. Direktor gəlir və danışmağa başlayır. Hamı direktora yox, bir-birinin üzünə baxır. Üzlərdə, gözlərdə gizli təbəssümlər, istehzalar... Çünki direktorun nə dediyini heç kim başa düşmür. Gah ala dağdan dəm vurur, gah qara dağdan.
Qəfildən gözlərdəki istehzalı baxışları hiss edir. Çoxu baxışını gizlətmək üçün başını aşağı salıb... Ağıllı söz demək qərarına gəlir. İradını bildirib, hamıdan ağıllı olduğunu nümayiş etdirmək istəyir. Üzünü təsərrüfat müdirinə tutur:
- Sənə dünən foyedəki divanın yerini dəyişdirmək tapşırmışdım. Fəhlə divanın bir, sən isə o biri tərəfindən tutmuşdun. Belə yaramaz, yaxşı rəhbər özü işləməz, işi işçilərinə gördürər.
Üzlərdə gizli təbəssüm, istehza artır. Axı, İsrafilov bilmir ki, onun önündə oturanlar belə nəzəriyyənin olduğunu bilirlər. Amma bu fikir başqa anlamda, başqa mənada deyilib. O isə haradasa eşitdiyi, müəllifinin kim olduğunu bilmədiyi fikri yersiz işlədir. Özü də Azərbaycanda, İslam ölkəsində. O diyarda ki, "əl tutmaq Əlidən qalıb" ifadəsi atalar sözünə çevrilib. Təsərrüfat müdiri təşəkkür əvəzinə, məzəmmət edilir. Belə yığıncaqlardan sonra hamı bir-birinə baxıb bir sual verir:
- Nə danışdığını başa düşdün?
İsrafilov isə mütləq iradını bildirməlidir. Budur, Bədii Şuranın iclaslarından biri. Xalq artisti Bəsti Cəfərovanın hazırladığı nağıl-tamaşasının qəbulu. Hamı bu tamaşaya dəvət olunan Ülvi adlı istedadlı və gənc aktyorun rolunun öhdəsindən məharətlə gəlməsindən, seçilməsindən danışır. Deyəsən, İsrafilov fərqli danışmaq, seçilmək istəyir. Üzünü Bəsti xanıma tutub iradını bildirir.
- Bir aktyorun rolunun yaxşı oynaması digərlərinin roluna ziyan gətirir. Onların zəifliyini üzə çıxarır.
İndi Bəsti xanım nə etməlidir? Gedib Ülviyə deməlidir ki, a bala, sən rolunu bir az pis oyna.
Bax, teatr lətifələri belə yaranır.
Mən "ölkə.az" saytında müsahibə verəndən sonra böyük ehtiram bəslədiyim teatrın işçilərindən (lazım bilsə o da nə vaxtsa adını açıqlayar) bir nəfər mənə zəng etdi. Mənim işdən çıxarılmağıma bütün kollektivin təəssüf etdiyini bildirdi, bunun yanlış addım olduğunu dedi və soruşdu:
- Yenə İsrafil müəllimdən yazacaqsınız? Onu da əlavə etdi ki, istəməzdim aranızda münaqişə olsun.
Teatrın taleyinin məni narahat etdiyini, bu səhnə ocağına bağlılığımı bildirdim. Şübhəsiz, İsrafilovun teatra vurduğu ziyanların bir neçəsini sadaladım.
İsrafil müəllim haqqında bir neçə xoş söz dedi. Onda mən ondan bir şey xahiş etdim. Dedim ki, mənim yanımda, həmişə söhbət əsnasında həyatda olan və olmayan insanların yadda qalan sözlərindən misal çəkirsiniz. İndi sizin istəyinizi bir şərtlə yerinə yetirərəm. Mənə İsrafil müəllimdən eşitdiyin bir ağıllı, yaddaqalan cümlə deyin.
Telefondakı səs susdu. Mən isə cavab gözləyirdim. Qəfildən telefondan səs yox, səda gəldi, - gülüş sədası. Axı, fikirlər təkcə səslə ifadə olunmur.
Bəli, İsrafil müəllim danışır, gözə kül üfürür. Sözü yadda qalmasa da, əməlləri göz önündədir. Beş ildən çox olan bir müddət ərzində teatrda islahat adlı bir şey olmadı. Zəif tamaşalar hazırlandı. Bu zəiflik bilinməsin deyə, gəlişindən əvvəl hazırlanmış "Hamlet, "Uçqun", "Mesenant" və s. bu kimi marağa səbəb olan tamaşalar nə bərpa olundu, nə də repertuarda saxlanıldı. Mənəvi abidəni uçuruma doğru apardı.
Mən bu məqaləni burada bitirmək istəyirdim. Amma eşitdim ki, teatra yeni bədii rəhbər təyin olunub. Əslində bədii rəhbər teatrda birinci şəxsdir. Direktor, yaxud sərəncamçı direktor onun tamaşalarının hazırlanmasına maddi-texniki cəhətdən təmin etməli, hazırlanan əsərlərin realizasiyasına, yayımına çalışmalıdır. Amma İsrafilov mətbuatda çıxış edir. Bildirir ki, o, təkcə aktyorların deyil, 250 nəfərin rəhbəridir, başçısıdır.
Əslində vəzifə hərisliyini nümayiş etdirir, aktyorların əsəblərində oynayır. Çünki aktyorlar özlərinə rəhbər, yol göstərən bədii rəhbəri sayırlar.
İsrafilov bildirir ki, beş ildir ki, teatrda uğurlu islahatlar gedib. Onların nədən ibarət olduğunu deyə bilmir. Beş il müddətində həqiqətən dəyişiklik olub. Amma teatrın ziyanına. Sadalayıram:

1. Beş ildən sonra nazirlik teatra yenidən bədii rəhbər, baş rejissor təyin etmək məcburiyyətində qalırsa, onda hansı islahatdan söhbət gedə bilər. Beş il bundan əvvəl məgər teatrda baş rejissor yox idi. Beş ildən sonra kollektiv yenidən əvvəlki iş rejiminə qayıdırsa, onda itən illər üçün kim məsuliyyət daşıyır?
2. Əgər beş il bundan əvvəl teatrın tamaşaçı planı 100 faiz idisə, bu gün yarıbayarı azalıb. Bu, Qorbaçovun SSRİ-ni dağıdan yenidənqurmasına bənzəmirmi?
3. Əgər beş il bundan əvvəl aktyor truppası arasında vəhdət, birlik vardısa, bu gün həmin insanlar bir-biri ilə danışmağa qorxursa, söhbətlərinin sədası elə həmin gün İsrafil müəllimə çatırsa (ola bilsin ki, texniki vasitələrdən də istifadə olunur) bu islahatdırmı?
4. Bu gün teatrda kollektivin bir yerə toplaşıb heç olmasa ayda bir dəfə iclas keçirməsi qadağandırsa, bu islahatın hansı mərhələsi sayılır?

Bu sadaladıqlarımın arasında sonuncusu – insanların bir yerə yığışıb iclas keçirə bilməməsi daha acınacaqlıdır. Təkcə ona görə yox ki, insanların konstitutsiya hüquqları pozulur, belə hallar Azərbaycan Respublikasının beynəlxalq nüfuzuna, imicinə xələl gətirir, bir də ona görə ki, əgər vaxtında bu iclaslar üçün azad şərait yaradılıb insanların fikirləri dinlənilsə idi, bəlkə də teatrda bu biabırçılıqlar yaranmazdı.
İsrafilovun yaradıcı işlərə rəhbərliyi dövründə teatr irəliləmədi. Əksinə gerilədi. Neçə rejissorun tamaşa qoyması teatrın uğuru deyil. Uğur tamaşanın keyfiyyəti, tamaşaçıların teatra cəlbidir. Teatrdakı islahat bu iki amilə xidmət etməli idi. Təəssüf ki, etmədi.

Əgər İsrafilovun islahatları uğurlu olsa idi, onda o biri teatrlar da baş rejissoru və sıravi rejissorları işdən çıxarıb beş ildən sonra yeni baş rejissor gətirərdilər. Yaxud tamaşaçı planını doldurmamağı teatr direktorlarına tövsiyə edərdilər. Yaxud teatrın kollektivinə iclas keçirməyi qadağan edib, onları toplaşmaq üçün çayxanalara göndərərdilər.
İsrafilov isə yenə camaatın gözünə kül üfürür, uğurlu islahatdan danışır. O danışanda "bisavad", təhsil görməmiş müdrik bakılıların bir kəlamı yadıma düşür. "Necədir səninçün, qanmayım aton yansın". Ey ulu Mirzə Ələkbər Sabir. Bəlkə sənin də başına buna bənzər bir hadisə gəlib.

"Mən belə əsrarı qana bilmirəm,
Qanmaz olub da dolana bilmirəm...
Derlər utan, heç kəsə bir söz demə,
Haqq sözü derkən utana bilmirəm" –


demisən.

İsrafil İsrafilov Akademik Milli Dram Teatra direktor təyin olunmamışdan düz bir il əvvəl "Azərbaycan teatrı 2009-2019-cu illərdə dövlət proqramı" təsdiqlənib. Biz gələcək yazılarımızda həmin proqramın müddəaları ilə Akademik Milli Dram Teatrında görülən "işləri" paralel araşdırmaq fikrindəyik. Onda teatrı uçuruma yuvarladan saydığım dörd müddəadan əlavə digər müddəalar da üzə çıxacaq.
Bir daha xatırladırıq ki, bu araşdırmaları aparmaqda yeganə məqsəd teatra kömək etməkdir. Amma bu gün teatrın bu vəziyyətdə olmasının səbəblərini İsrafil müəllim də açıqlamalıdır. Mən də, neçə mütəxəssis də İsrafil müəllimin teatr konsepsiyasının olub-olmamasından xəbərsizik. Əgər onun hər hansı bir konsepsiyası varsa, buyurub açıqlasın. Konsepsiya ümidverici olarsa, yəqin ki, onun həyata keçirilməsinə maneə olmaz. Həm də konsepsiya həyata keçirilərkən o, ətrafındakı 2-3 nəfər sədaqətli məsləkdaşını da özüylə aparar. Belə addımdan həm Milli Dram Teatrı, həm də İsrafil müəllimin şəxsində səhnə sənətimiz xeyir tapar. Çünki Milli Dram Teatrında birlik yaranar, İsrafil müəllim isə sübut edər ki, onu səhnə sənətinə vəzifə hərisliyi deyil, əqidəsi bağlayır. Hətta bu konsepsiyanı İsrafil müəllimin ideyasını, düşüncələrini həyata keçirməyə on illər lazım olsa belə onu gələcək nəsillər davam etdirər. Məsələn, riyaziyyatda Qalua teoremi var. Həmin teoremi 21 yaşlı riyaziyyatçı Evarist Qalua qətlindən bir neçə saat əvvəl həbsxananın divarına yazıb və alimin bu yeniliyi elmi kəşf kimi qiymətləndirilib. Əgər İsrafil müəllim teatra baş rejissor təyin olunana qədər hansısa yenilik gətirmək istəyirdisə, bir Azərbaycan vətəndaşı kimi istəməzdik ki, onun ideyaları puç olsun, itib-batsın.


P.S. "Bu toyuğun yumurtamamağı cəhənnəm, üstəlik falı da yedi".
Atalar sözü

Atababa Hacıbabayev (İsmayıloğlu)
teatrşünas