Afaq Bəşirqızını “Qaynanmız”da çəkilməyə nə məcbur edib? – Aktyorlardan ittihamlar

“ATV” kanalında yayımlanan, “SOY” Production tərəfindən hazırlanan “Qayınanamız” teleserialının bir ay müddətinə dayandırılması ilə bağlı göstərilən səbəblər ictimai mühitdə birmənalı qarşılanmayıb.
Narazılığa səbəb kimi sözü gedən serialın dayandırılması deyil, məhz Xalq artisti Afaq Bəşirqızı kimi sənətkarın qeyri-etik ifadələrin işlədilməsində ittiham olunan "Qayınanamız"da oynamasına razılıq verməsidir.

Xalq artisti, "Şöhrət" ordenli, saysız-hesabsız mükafatların müəllifini belə bir serialda oynamağa nə vadar edir? Rolsuzluq, yoxsa unudulmaq qorxusu?

AzNews.az məsələnin aktuallığını nəzərə alaraq bəzi sənət adamlarının fikirlərini öyrənib.

Xalq artisti Fəxrəddin Manafov AzNews.az-a açıqlamasında bildirib ki, istənilən aktyor hər hansı bir seriala dəvət alanda öz çəkisini gözləməlidir: "Mənə Azərbaycanda çəkilən seriallardan dəvət gəlmir. Gəlsə də əvvəlcə mən onu analiz edərəm. Yəni, serialı çəkən kimdir? Hansı şirkətdir? Ssenarisi nədir? Rejissoru kimdir? Orada mən hansı aktyorlarla oynayacağam? Bunları analiz etmək aktyor üçün vacibdir.

Yalnız bundan sonra qərar vermək olar. Yoxsa, gündə bir serial çəkilsin və mənə də orada rol verilsin, bəs mənim aktyor kimi çəkim harada qaldı?



Fəxrədin Manafov bu günə kimi çəkildiyi rollarda ssenarini oxumamış, bilməmiş heç kəsə razılıq verməyib. Bütün rollarımın ssenarisini oxumuşam. Məncə bütün aktyorlar da mənim kimidir. Mən seriallara baxmıram. Ona görə də onların səviyyəsi barədə bir fikir deyə bilmərəm".

Xalq artsiti Fuad Poladov isə Azərbaycan istehsalı olan seriallar haqqında danışmağı özünə yaraşdırmayıb:



"Mən aktyoram, sənətkaram. Serillarla bağlı verilən heç bir suala cavab vermirəm. Əgər söhbət sənətdən gedirsə, buyurun, istədiyimiz qədər danışaq. Seriallar isə bizlik deyil".

Əməkdar İncəsənət xadimi, rejissor Əbdül Mahmudbəyov isə bunu Xalq artisti Afaq Bəşirqızının gündəmdə qalmaq istəməsi ilə əlaqələndirib:



"İstər aktyor olsun, istərsə də başqa sahənin adamları, onlar həmişə özlərini qorumalıdırlar. Rəhmətlik Ədil İsgəndərov deyirdi ki, "Sənətdə uğur qazanmaq, tanınmaq asandır, amma onu qoruyub saxlamaq çox çətindir". Aktyorların mənəvi dünyası var. Onlar yaşlaşdıqca gündəmdə olmaq, çəkilmək həvəsləri artır. Ola bilsin Afaq xanım bu ssenarini oxumayıb, ya da danışıblar xoşuna gəlib. Mən məsləhət görməzdim ki, Afaq Bəşirqızı kimi sənətkarlar Milli Televiziya və Radio Şurasının ittiham etdiyi "Qaynanamız" kimi seriallarda rol alsın. O, belə rollardan çəkinsin".

Bahar RÜSTƏMLİ
AzNews.az